Uşaqların ruhi və fiziki sağlamlığını qoruyaq!
Bu günlərdə şəhər 5 saylı tam orta məktəbdə Tərtər Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun təşkilatçılığı, polis əməkdaşlarının, rayon mərkəzi xəstəxanasının psixoloqunun, məktəbin şagird və müəllim kollektivinin, valideynlərin iştirakı ilə narkomaniya və erkən nikahla mübarizə mövzusuna həsr olunmuş tədbir hər kəsin fəallığı şəraitində keçdi. Xüsusən də valideynlərin çoxluğu məktəbdə həmin mövzular ətrafında ciddi düşünməyin aktuallığından xəbər verirdi.
Həm məruzədə, həm də çıxışlarda qeyd olundu ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Əlbəttə, heç kim bilə-bilə ömrünü qısaltmaq istəməz. Halbuki erkən yaşlarından narkotik aludəçisi olan şəxslərin ömrü 35-40 yaş arası təşkil edir.
Bəs, uşaqlar, yeniyetmələr bu yola niyə qədəm qoyurlar? Polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, psixoloq Hətəm Nuruzadə narkotikdən qorunmağın ən optimal yolları barədə şagirdləri maarifləndirməklə yanaşı, həm də valideynlərə mesaj verdilər. Araşdırmalar göstərir ki, narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda övladlarına lazımi qədər diqqət, qayğı, sevgi göstərməyən ana-atalardır. Ata-ananın övladına düzgün nümunə olmaması da belə problemlərin yaranmasına səbəb olur. Elə erkən nikahın törətdiyi fəasadların başlanğıcında övladının “xoşbəxtliyini” istəyən valideynlər dayanmırmı?
Tədbirdə cəmiyyətin, məktəbin, ayrı-ayrı dövlət strukturlarının gənc nəslin təlim-tərbiyəsindəki danılmaz rolu göstərilməklə, eyni zamanda “ağ ölüm”lə mübarizədə və bütövlükdə gənclərin şəxsiyyət, xeyirli vətəndaş kimi formalaşmasında ən böyük məsuliyyətin ailənin üzərinə düşdüyü bil-dirildi.
Narkotik istifadəçiləri bu yola qədəm qoyduqdan az sonra ailəsini, dostlarını, sağlamlıqlarını, əmlakını və nəhayət, həyatlarını itirirlər. Bu uçuruma sürüklənməmək üçün hər bir şagird, hər bir valideyn diqqətli olmalıdır. Məktəb, polis əməkdaşları, psixoloqlar isə onların yanındadırlar və köməyə gəlməyə hazırdırlar.
“YENİ TƏRTƏR”