Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30May

     

     

     

     

     

    Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsi  və Tərtər Qadın Resurs Mərkəzinində erkən nikah və onun törətdiyi fəsadlara həsr olunmuş tədbir keçirdi. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti, Bakı şəhər 5 saylı qadın məsləhətxanasının həkimi, mama-ginekoloq və uşaq ginekologiyası sahəsi üzrə mütəxəssis Leyla Məmmədova, Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru Qumru Şəmilova,  Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəqsanə Məmmədli, Tərtər Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova və Mərkəzin üzvləri – sahibkar və evdar qadınlar, psixoloqlar, müxtəlif peşə sahibləri iştirak ediblər. “Dəyirmi masa” ətrafında açıq diskussiya şəraitində keçən söhbət zamanı qadınlarımız reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikahın törətdiyi fəsadlar,  bununla bağlı qanunvericiliyin tələbləri və digər məsələlərlə bağlı bilgilər əldə ediblər. Rayon qadınlarının fəallığı ekspertlər tərəfindən bəyənilib. Qeyd olunub ki, Tərtər uzun illər boyu düşmənlə üz-üzrə dayanan qəhrəman şəhərdir. Elə tərtərli qadınlar, analar da qəhrəmandırlar. Məlumdur ki, ailədə uşaqlarla, xüsusən də qız övladları ilə bağlı məsuliyyətin böyük bir hissəsi anaların üzərinə düşür. Bəzən qadınlar lazımınca məlumatlı olmadıqlarından səhv addımlar atır, erkən nikahlara razılıq verir ki, bu da gələcəkdə övladlarının həyatında problemlər yaradır.

    Bununla bağlı tədbir iştirakçıları öz həyatlarından, tanıdıqları insanların həyatından maraqlı misallar gətiriblər. Bildirilib ki, erkən nikaha daxil olan qadınlar cəmiyyətdə bir növ təcrid olunmuş halda yaşayırlar, əksər hallarda  onların təhsili, işi olmur. Odur ki, bu cür analar mütləq qızlarına təhsil verməyə çalışırlar.

    Leyla Məmmədovanın qadın sağlamlığı, qızların psixoloji, sosial durumu ilə bağlı məsləhətləri, tövsiyələri böyük razılıqla qarşılanıb.

    Tədbirdə qeyd olunub ki, erkən nikahla mübarizə məqsədilə ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub, elə Azərbaycanın öz qanunvericiliyində də bu məsələ ilə bağlı sərt cəza tədbirləri nəzərdə tutulub. Ancaq belə cəzaların sayı azalsın deyə, gəlin ailə, məktəb və bütövlükdə cəmiyyət olaraq övladlarımızın həyatının məhv olmasına yol verməyək!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:40

İsmarıclar bağlıdır.