Cəfərov Anar Qəzənfər oğlu
1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürü-cüsü ixtisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyoru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisasları üzrə bitirib.
2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 2005-2007-ci illərdə Elektromexanika zavodunda gözətçi işləyib. 2008-ci il iyulun 6-dan müddətdən artıq hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci il oktyabrın 13-dən 703 saylı hərbi hissədə motoatıcı alayında komandir vəzifəsində işləyib. İşlədiyi müddətdə komandanlıq tərəfindən təşəkkür alıb.
2011-ci il dekabrın 6-da vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Bakıdakı hərbi hospitala aparılsa da, dekabrın 20-də xəstəxanada şəhid olub. Tərtər şəhər qəbiristanlığında dəfn olunub.
Evli idi. Fidan və Ayşən adlı 2 qızı var. Orta məktəbdə təhsil alırlar. Həyat yoldaşı Arzu Əliyeva Tərtər şəhər 1 saylı bağçada işləyir. Ailəsi anası Esmira Süleymanova ilə birlikdə Tərtər şəhərindəki Qaçay Mehdiyev küçəsindəki 53 nömrəli evdə yaşayır.
Aslanov Ziyadxan İslam oğlu
18 avqust 1971-ci ildə Ortagüney kəndində anadan olub. Orta məktəbi 1977-1987-ci illərdə həmin kənddə bitirib. Doğma kəndində yaşayıb, kolxoz işində və ev təsərrüfatı ilə məşğul olub. Kəndin ermənilərdən müdafiəsində postlarda dayanardı. O zamanlar – 1988-ci ildə mənfurların Kərkicahanda azərbaycanlılara qəddarcasına işgəncələr verməsi hamı kimi Ziyadxanı da hiddətləndirirdi. Çalışırdı ki, hər gün müdafiədə dayansın. O zaman postda dayanan ermənini qoşalülə tüfənglə öldürüb. Gəşxana deyilən yerdə (Karl Marks adına sovxoz) girov götürülmüş 4 nəfər azərbaycanlının dəyişdirilməsi – azad olunmasında birbaşa iştirakçı olub. 1992-ci il martın 12-də kəndin ermənilər tərəfindən mühasirəsini yarmaqda xüsusi şücaət göstərib. Kənd camaatı o gün-dən Bərdə rayonunda məskunlaşsa da Ziyadxan geri çəkilməmiş, Gəncə batalyonuna yazılaraq döyüşə qatılmışdı. Ağdərənin və azərbaycanlılar yaşayan ətraf kəndlərin müdafiəsinə qalxmışdı. 1992-ci il iyulun 3-də ermənilərin hücumunun qarşısını almaq məqsədilə özünü tankın altına ataraq əlindəki qumbara ilə erməni tankını partladıb. Həmin gün Ziyadxanın yaxın qohumları – nənəsi, 2 dayısı, anasının 2 əmisi oğlu, 1 əmisi itkin düşüb. Hələ də öldü-qaldılarından xəbər yoxdur, özünün isə 1 ayaq və 1 qolunu paltarından tanıyıb, tapıb dəfn ediblər.
Ziyadxanın kəndin müdafiəsindəki şücaəti ilə bağlı Müdafiə Nazirliyinə məlumat verilsə də, hələ də heç bir təltif və ya ad verilməyib.
Əliyev Azər Ələkbər oğlu
1969-cu il sentyabrın 13-də Ağdərə rayonunun Kərəmli kəndində doğulub. Həmin kənddə, 1985-ci il-də orta məktəbi bitirib, orada yaşayıb. 1986-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Almaniyada çəkib. 1988-ci ilin payızında xidmətini başa vurub. Bu zamanlar ermənilərin torpaq iddiası başlamışdı. Azərbaycanlı sakinlərin gediş-gəlişinə hər tərəfdən maneə yaradılırdı. Azər də Kərəmliyə vertalyotla qayıtmışdı. Kəndin qadın və uşaqlarını çıxarmışdılar. Onların ailəsi də Bərdə rayonunda məskunlaşmışdı.
Azər Əliyev kəndə qayıtdıqdan sonra əvvəl Özünümüdafiə dəstəsinə yazılıb, sonra isə 1991-ci ildə Ağdərə polisində polis işçisi kimi fəaliyyətə başlayıb. Döyüş yolu Murovdağdan, Aterk, Çıldıran, Drambon, Ağdərə və ətraf kəndlərdən keçib. Kəndlərin müdafiəsində ayıq-sayıqlığını itirməyib. Axırıncı döyüşü Borsunlu kəndində postda dayanarkən olub. Erməni polkovnikini öldürdükdən sonra ona məxsus olan ratsiyanı və silahı götürüb geri qayıdarkən snayperlə vurulub. Bununla da 1994-cü il aprelin 26-da şəhid olub, 27-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub. Döyüş müddətində bir sıra mükafatları olub. Ölümündən 10 gün əvvəl sənədləri Polis Akademiyasına təqdim olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ailəlidir, həyat yoldaşı Zərəngiz və 2 qızı – Gülər və Günel hazırda Bərdə rayonunda yaşayırlar.