Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27May

    “Yeni Tərtər” qəzetinin 90 illik yubiley tədbiri ilə bağlı qeydlər

    Tərtər rayonu Zaqataladan yetəri qədər uzaqda yerləşir. Lakin bu uzaqlıq “Yeni Tərtər” qəzetinin dəvətini qəbul edib, qəzetin 90 illik yubileyində iştirakımıza əngəl ola bilməzdi. O gün həm də hava bir az yağışlı idi. Olsun, dedik, may ayının yağışı təbiətə bir az da təravət verir, gözəl Azərbaycanımızın gözəlliklərini bir daha seyr etmək imkanı qazanmış olarıq, deyərək yola çıxdıq. Nə yaxşı da etdik, bu səfər zamanı nəinki yol boyu seyr etdiyimiz gözəlliklərdən zövq aldıq, ən əsası rayon qəzetlərinin belə ağrılı vaxtında, qayğıdan uzaq düşdüyü, yaşamaq üçün son gücü və imkanları ilə mübarizə apardığı, işini tam dayandırmaq məcburiyyətini yaşadığı bir vaxtda Tərtərdə başqa bir mənzərə ilə qarşılaşdıq və bundan böyük zövq aldıq. Sən demə, Tərtərdə “Yeni Tərtər” qəzeti elə bir qayğı ilə əhatə olunub ki, buna ancaq həsəd aparmaq olar.

     

     

     

     

     

     

    “Yeni Tərtər” rayon icra hakimiyyətinin təsisçiliyindən çıxıb, Media İnkişaf Agentliyindən reyestrdən keçərək müstəqil qəzet kimi fəaliyyət göstərir. Lakin burada İcra Hakimiyyəti ilə o qədər gözəl münasibətlər qurulub ki, bunu sözlə ifadə etmək çox çətindir. Hər ikisinin məqsədi, məramı birdir – Tərtərin dirçəlməsinə, çiçəklənməsinə xidmət etmək, tərtərlilərin həyatını günü-gündən yaxşılaşdırmaq. Müharibə Tərtərə o qədər ziyan vurmuşdu ki, bu dağıntının aradan qaldırılması, erməni vəhşiliyinin izlərini həm görüntü olaraq, həm də mənən təmizləmək üçün Tərtərdə bü-tün qurumların vahid işbirliyi təmin edilmişdi. Bu birlikdə mətbuat işçiləri ilə əlaqə, onların işləməsi üçün şəraitin yaradılması da əsas fəaliyyət istiqamətlərindən biri kimi götürülmüşdü. “Yeni Tərtər” qəzeti mütəmadi olaraq ayda 3 dəfə çıxır, qəzetin saytı demək olar ki, hər gün yenilənir. Bütün bunları görmək tədbirdə iştirak edən rayon qəzetlərinin redaktorları üçün həqiqətən çox xoş idi.
    May ayı gül-çiçək ayıdır. Hər tərəf min bir rəngə boyanıb. Biz Bərdəyə daxil olduğumuzda artıq açıb tökən çiçəklərin gözəlliyindən məst olmuşduq. Bərdənin öz əvvəlki növcahanına qayıtmasını görmək çox xoş idi. Şeyx Nizami yazırdı: “Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da güldür-çiçəkdir”. Bərdə işğal və müharibə ağrılarını bütün gücü ilə üzərindən atır, qonaqları gülü-çiçəyi ilə qarşılayır. Bərdənin içindən keçərək Tərtər yoluna çıxırıq. Yolboyu əkin sahələrində insanların necə həvəslə işləməsinin şahidi oluruq. Onları daha namərd düşmənin dayanmadan atdığı güllələr narahat etmir. Sərhəd bölgəsi kimi 30 ildə tərtərlilər nələr yaşamadılar. Ali Baş Komandan İlham Əliyev buranı na-haq yerə Stalinqrad adlandırmamışdı. Müharibədən sonra etdiyi çıxışlarında isə Tərtərə dəfələrlə “Qəhrəman Tərtər” demişdi. Tərtər, həqiqətən, son işğal nöqtəsi kimi düşmən qabağında əzmi, iradəsi ilə dayandı.
    Bu da, bəlkə də, hər evinə bomba düşmüş Tərtər. Təbii ki, qələbədən sonra Tərtərdə elə abadlıq, quruculuq işləri gedib ki, burada müharibə yaralarını görmək mümkün deyildir. Lakin o dağıntılar yüzlərlə, bəlkə də minlərlə lentin yaddaşına köçürülüb, tarix üçün qorunur. Tarix üçün bir də “Yeni Tərtər” qəzetinin qovluqları saxlanılır. Çünki “Yeni Tərtər” doğma şəhərinin o ağrılı günlərini öz səhifələrində bir-bir yazıb, müharibənin dağıntılarını ürək ağrısı ilə, bəzən göz yaşları ilə yazdıqları sətirlərdə təsvir edib.
    Tədbir İcra Hakimiyyətinin geniş iclas zalında keçirilirdi. İctimaiyyət nümayəndələri ilə yanaşı, idarə və təşkilat rəhbərləri də qəzetin yubileyində iştirak etmək üçün bura toplaşmışdılar. Həmkarlarımızı bir arada görmək çox xoş idi. Bir çox rayon qəzetlərinin redaktorları, “Yeni Tərtər” də ilk əmək fəaliyyətinə başlayan, indi isə müxtəlif mətbuat orqanlarında çalışan tərtərlilər də burada idi. Biz Mətbuat Şurasından gələn nümayəndələrlə bir olduq. Mətbuat Şurasının demək olar bütün kollektivi bu yubiley tədbirinə gəlmişdi. Yubiley tədbirində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Milli Məclisin deputatı Sahib Alıyev, unversitetin Redaksiya nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə xanım Nəcəfova, Ahıl Jurnalistlər Birliyinin sədr müavini Əminə Yusifqızı, “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, siyasi icmalçı İlham İsmayıl, Bərdə, Zaqatala, Goranboy, Ağdam, Ağcabədi rayonlarının bölgə qəzetlərinin redaktorları və bir çox tanınmışlar iştirak edirdilər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları böyük hörmət və ehtiramla qarşıladı. Tədbir Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla başladı. Sonra qəzetin 90 illik fəaliyyətini əks etdirən sərgiyə baxıldı.
    Rəsmi tədbirdə həm şəhidlərin, həm də Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və söz “Yeni Tərtər”in redatoru Svetlana Bağırovaya verilir. Svetlana xanım qəzetin 90 illik çap tarixindən, bu yolda qarşılaşdıqları çətinliklərdən, qazanılan uğurlardan və son illərdə qəzetə göstərilən qayğıdan ağız dolusu danışır. Tədbirdə iştirak edən qonaqların hər biri bu sahənin peşəkarı olduğu üçün onların çıxışları da yubileyinə toplaşdığımız “Yeni Tərtər”in kontekstindən bu günümüzün media mühitinə ciddi bir baxış idi. Bu çıxışlarda çox maraqlı təhlillər var idi. Bu çıxışlarda çap mediasının bugünkü durumunun təhlili var idi. Bu çıxışlarda vəziyyətə bir peşəkar baxış var idi. Ən əsası da yubileyinə toplaşdığımız qəzetin uğurlarına sevgi, sayğı var idi.
    Hər kəs “Yeni Tərtər”ə öz hədiyyəsini təqdim edir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəzetin əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edir. Respublika Prezidentinin sərəncamı ilə Svetlana Bağırovanın “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunduğunu bildirir və medalı ona təqdim edir. Mətbuat Şurası qəzeti diplomla mükafatlandırır. 100 yaşını ötən il tamamlayan “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov birgə imza atdığımız “Qarabağın fatehləri” və “Tarix yazan oğullar” kitablarını həm Tərtər rayon İcra Haimiyyətinin başçısı Müstəqim müəllimə, həm də “Yeni Tərtər”in redatoru Svetlana xanıma təqdim edir. Qeyd edir ki, bu kitablarda adı keçən şəhidlərin və Vətən müharibəsi qəhrəmanlarının bir qismi Suqovuşanda və Talışda vuruşublar.
    Hər görüş bir xatirədir. Bu görüşün də xatirələri unudulmazdır. Bu görüş bizləri, jurnalistika fakültəsinin bir qrup məzununu bir araya gətirdi. Tərtərdə bir jurnalistika rüzgarı əsdi. Peşəsinə, sənətinə sadiq insanlar bir daha göstərdilər ki, maddiyyat üçün yox, mənəviyyat üçün yaşamaq və işləmək nə deməkdir. Biz bu sənətlə bütün ömrümüz boyu xalqa, millətə xidmət etmişik, mədəniyyətimizin keşiyində durmuşuq, tarixin qaranlıq keçmişinə işıq salmışıq, bu gün də yurdun işıqlı sabahı üçün çalışırıq, yazıb-yaradırıq. “Yeni Tərtər”in yubiley tədbirindən rayon qəzetlərinin sabahı üçün hər halda nikbin əhval-ruhiyyə ilə ayrılırıq. Həmkarlarımıza uğurlar arzulayır, onlar üçün bu şəraiti yaradanlara “Var olun!” deyirik.

    Elmira MEHDİYEVA
    “Zaqatala” qəzetinin redaktor müavini, Əməkdar mədəniyyət işçisi
    “525-ci qəzet”

     

     

    Müəllif: Redaktor, 10:15

İsmarıclar bağlıdır.