“Ağlama, şəhid anası!”
Zeynəb Səfərli məktəblidir. Necə deyərlər, müharibənin ağrı-acılarını, şəhid ailələrinin keçirdiyi hissləri yaşayan və dərindən duyan bir yeniyetmədir. “Ağlama, şəhid anası” şeirlər kitabı onun oxucularla ilk görüşüdür. Bu kitabdakı şeirlər Aprel hadisələri zamanı və 44 günlük Vətən müharibə-sində şəhidlik zirvəsinə ucalan, qazi olan mərd, vətənpərvər oğullarımıza və onların ailələrinə həsr olunub.
“Ağlama, şəhid anası!” şeirindən:
Sənin oğlun, elin oğlu, ay ana!
Sorağı yayılıb bütün cahana,
Dönübdür dillərdə hər an dastana.
Şəhidin, igidin başının tacı,
Nə olar, ağlama, Şəhid anası!
“Zəfər Günü” şeirində məktəbli qız xalqın sevincini belə ifadə edir:
Bayramların ən əzizi,
Mən deyərdim, birincisi,
Hər bir kəsin sevimlisi.
Xalqım göstərdi gücünü,
Mübarəkdir Zəfər Günü.
Zeynəbin hər bir şeirində Vətənə sevgi var:
Min dərdin dərmanı var,
Meyvələri verir bol bar.
Xəstə gəlib şəfa tapar,
Şəfası var Vətənimin!
İlk dəfə Zeynəbin şeirlərini şəhər 1 saylı tam or-ta məktəbində antiterror əməliyyatı şəhidi Cavid Səfərova həsr olunmuş anım tədbirində öz dilindən eşitdim. Çox həyəcanlı və qürurverici səhnəydi.
Zeynəb Səfərli Bərdədə yaşayır, idmanla da məşğul olur. O, Azərbaycanı-mızın istedadlı gənclərindən biridir.
“YENİ TƏRTƏR”