Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17May

    Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Vətəninə və xalqına ruhən bağlı bir şəxsiyyət olub, bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər vermişdir. Dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək, yanılmarıq. Heydər Əliyevə görə müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən olmuşdur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirmiş və vacib amil hesab etmişdir.
    Heydər Əliyev söyləyirdi: “Əziz xalqım! Bunu biz sizinlə birlikdə edəcəyik. Bizim görə bilmədiyimiz işləri gələcək nəsillər, davamçılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın. Əmin olun ki, biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, həm də xalqımızın yaratdığı tarixi abidələri, dini abidələri yaşadacağıq”.
    Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərdə respublikanın hər yerində qədim tariximizin, maddi-mədəni irsimizin öyrənilməsinə və qorunmasına böyük diqqət yetirilib. Ölkədə ən irimiqyaslı arxeoloji qazıntı işləri, çoxsaylı abidələrin qeydiyyata alınması, maddi-mədəniyyət qalıqlarının toplanması və geniş ictimaiyyətə təbliğ edilməsi üçün tarix-diyarşünaslıq muzeylərinin yaradılması məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilmişdir. Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan tarixi-dini abidələrin bərpası və tikintisini öz nəzarətinə götürərək, bu prosesin xalqın istəyinə uyğun aparılması üçün dövlət dəstəyini əsirgəməmişdir. Zaman keçdikcə Heydər Əliyevin arzuları həyata keçərək reallaşmağa başladı. Müstəqillik əldə edildikdən sonra güclənən Azərbaycan dövləti, ölkədə mövcud olan tarixi-dini abidələrin təmir və bərpasına sərf olunacaq qədər vəsait ayırmağa başladı. Ümummilli Liderimizin artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtda – 2000-ci ildə isə İçərişəhər abidə kompleksi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edildi.
    Rayonumuzda yerləşən tarix və mədəniyyət abidələri də daima diqqət mərkəzində olmuşdur. Belə ki, Tərtər rayonu ən qədim yaşayış məskənlərindəndir. Rayonumuzda Dövlət qeydiyyatına götürülmüş 27, yeni aşkarlanmış 35 tarixi və mədəniyyət abidəsi vardır. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 10 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Məhz Ulu Öndərin hakimiyyəti dövründə, 1981-ci ildə rayonumuzda yerləşən Dünya əhəmiyyətli Borsunlu kurqanında tədqiqat işləri aparılmışdır.
    Ulu Öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, tarixi abidələrimizin qorunmasına daim xüsusi qayğı göstərir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesi bu gün müasir dövrün tələblərinə uyğun şəkildə Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirilir. 44 günlük Vətən müharibəsindən sonra azad olmuş ərazilərimizdə aşkarlanan və erməni vandalizminə məruz qalmış bütün abidələrin bərpası yönümündə görülən işlər Ali Baş Komandan İlham Əliyevin tariximizə və abidələrimizə göstərdiyi qayğının bariz nümunəsidir.

    Kəmalə ABBASZADƏ,
    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Gəncə Regional İdarəsinin Tərtər rayonu üzrə baş mütəxəssisi

    Müəllif: Redaktor, 11:26

İsmarıclar bağlıdır.