Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17May

    VAXTINDA ATILMIŞ ADDIM GƏLƏCƏK
    BƏDBƏXTLİYİN QARŞISINI ALA BİLƏR

    Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi polis pol-kovniki Elçin Qasımovun imzası ilə ünvanımıza daxil olan məktubda Azadqaraqoyunlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbirin keçiriləcəyi barədə məlumat verilirdi. Deyilən tarixdə və saatda rayon polis şöbəsinin İTB-nın Yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili qrupunun inspektoru Sirac Əlizadə redaksiyamızda oldu. Rayon Mərkəzi Xəstəxa-nasının psixoloqu Hətəm Nuruzadəni də götürüb, Azadqaraqoyunluya yola düşdük.
    Heydər Əliyev Fondu tərəfindən tikilmiş və cari dərs ilində istifadəyə verilmiş möhtəşəm məktəb binasının qarşısında xeyli adam vardı – Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin direktoru Yeganə Mehdiyeva, müəllimlər və polis əməkdaşları. Şagirdlər isə yuxarıda, məktəbin geniş və yaraşıqlı iclas zalında gözləyirdilər. Polis şöbəsinin rəisi Elçin Qasımovun gəlişi ilə ilk olaraq məktəbdə yaradılan şəhidlər guşəsi ziyarət olundu, Vətən oğullarının əziz xatirəsinə ehtiram əlaməti olaraq onların fotoşəkillərinin önünə qərənfillər düzüldü.
    Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin anılması ilə başladı, birlikdə Dövlət Himni oxundu.
    Məktəbin direktoru Yeganə Mehdiyeva tədbirin məqsədi haqqında məlumat verdikdən sonra, sözü polis şöbəsinin rəisinə verdi.
    Şagirdlərlə görüşün əlamətdar bir günə –Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini söyləyən polkovnik Elçin Qasımov bildirdi ki, Ümummilli Liderimiz demişdir ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həmin dövr indi gəlib çatıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyada tanınır. Belə bir ölkədə yaşamaq, onun vətəndaşı olmaq böyük şərəfdir.
    Böyüyən gənc nəsil bu şərəfli ada layiq olmalıdır. Lakin, təəssüf hissi ilə bildirilib ki, dünyanı bürüyən “ağ ölüm” bəlası bizim ölkəmizdən də yan keçməyib. Bu gün dünya əhalisinin təxminən 5 faizi narkomaniyadan əziyyət çəkir. Rayonumuzda da belə hallar istisna deyil. Uşaqları qorumaq üçün cəmiyyətin bütün təbəqələri bu bəla ilə mübarizədə birləşməlidir. İlk növbədə ailənin, məktəbin və şagirdlərin özlərinin üzərinə böyük məsuliyyət düşür. Bu sahədə aparılan maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olsa da, hər bir uşağın hərəkətlərinə, davranışına nəzarət etmək mümkün deyil. Uşaqlar valideynlərinin gözləri qarşısında böyüyürlər. Onların davranışlarındakı mənfi dəyişikliklər ata-ananın, məktəb müəllimlərinin diqqətindən yayınmamalıdır. Narkomaniyanın acı fəsadları uşaqlara izah olunmalı, təsadüfi tanışlıqlardan uzaq durmaları tövsiyə olunmalıdır.
    Hər kəs bilməlidir: narkomaniya elə bir bəladır ki, ondan geriyə dönüş ya mümkün deyil, ya da bu, insandan böyük iradə tələb edir.
    Narkomaniya ilə mübarizədə sağlam həyat tərzinin, asudə vaxtın təşkilinin əhəmiyyətini vurğulayan polis şöbəsinin rəisi bildirdi ki, bu sahədə həm məktəbin özündə, həm də rayonumuzda gözəl şərait var.
    Daha sonra erkən nikah və onun fəsadları barədə danışılıb, valideynlərə qız övladlarının taleyinə diqqətlə yanaşmaq, onların gələcək xoşbəxtliyi naminə səhv addımlar atmamaq tövsiyə olunub.
    Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev şagirdləri qəhrəmanlardan nümunə götürməyə çağırıb, yersiz mübahisələrdən, pis vərdişlərdən uzaq olmağı tövsiyə edib. Qeyd olunub ki, ölkəmizin gələcəyi bu gün parta arxasında əyləşən uşaqların çiyinlərində qurulacaq. Bundan ötrü onlar yaxşı oxumalı, müsbət keyfiyyətlərə yiyələnməlidirlər.
    Tədbirdə şagirdlərin sualları cavablandırıldı, narkomaniya ilə mübarizəyə həsr edilmiş videoçarx nümayiş etdirildi.
    Sonda Tərtər rayon polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili qrupunun baş inspektoru İlham Rəhimlinin mövzu ilə bağlı fikirlərini öyrəndik.
    O dedi:
    – Əməkdaşlarımız vaxtaşırı olaraq rayonun məktəblərində olur, şagird və müəllimlərlə görüşürlər. Bu sahədə məktəb psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri bizimlə birgə işləməlidirlər. Müəyyən etdiyimiz hər bir xoşagəlməz fakt gələcək bədbəxtliyin qarşısını ala bilər.

    SVETLANA BAĞIROVA

    Müəllif: Redaktor, 10:53

İsmarıclar bağlıdır.