(Qədir Allahverdiyev)
Qədir Hüsü oğlu Allahverdiyev (Qədir Tərtərli) o insanlardandır ki, belələri haqqında deyirlər:”o, həyata yazıb-yaratmaq üçün gəlmişdir.” Bu arzu gənclik illərində onu o zamankı ADU-nun, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirmiş, burada həmin dövrün dəyərli ziyalılarından dərs almış, çoxları ilə tələbə yoldaşı olmuş və bu yoldaşlıq ömürlük davam etmişdir.
Universiteti bitirdikdən sonra savadı, bədii yaradıcılığa böyük həvəsi olan gənc jurnalistə Bakıda iş təklif etsələr də, 5 il gözünü yola dikib oğlunun yolunu gözləyən anasının arzusu ilə o, yenidən Tərtərə, doğma Əskipara kəndinə qayıdır.
1958-ci ildə o zaman Tərtərdə raykom katibi işləyən Nadir Rüstəmov Qədir müəllimi “Qızıl Bayraq” qəzetinə işə göndərir. Beləliklə də ilk dəfə olaraq ali təhsilli jurnalist redaksiyamızda fəaliyyətə başlayır.
Qəzetimizin 90 illik yubileyi qarşısında Qədir müəllimin qonağı olduq. Qəzetimizlə bağlı xatirələrini dinlədik.
“Mənim həyat romanım” kitabından: ” Aradan çox keçməmiş qəzet simasını büst-bütün dəyişdi. Əvvəllər rast gəlinən nöqsan və çatışmazlıqlar aradan qaldırıldı. Hər nömrədə verilən oxunaqlı yazılar, oçerk, felyeton, eləcə də digər satirik və yumoristik məqalələr oxucuların böyük marağına səbəb oldu.
Bir-birinin ardınca redaksiyaya axışan minnətdarlıq məktubları ilə yanaşı, oxucuların istək və arzularını bildirən yazılar da gündən-günə çoxalırdı. Gördüklərini, bildiklərini bacardıqları səviyyədə işləyib ünvanımıza göndərənlər, onların qəzet səhifələrində çap olunmasını xahiş edənlər də az deyildi. Bunu nəzərə alaraq qəzetdə “Oxucu sözü, oxucu səsi” adlı rubrika açılması təklifini irəli sürdüm.”
Bu deyilənlər ötən əsrin 50-ci illərinin sonlarında qəzetimizin fəaliyyəti ilə bağlı kiçik bir epizodu bizə xatırladır.
Qədir müəllim sonralar uzun müddət partiya-sovet işində çalışsa da , rayon qəzeti ilə əlaqələrini kəsməyib. Biz də həmişə onu əsl jurnalist, kollektivimizin bir üzvü kimi sevirik. “Yeni Tərtər”
“Yeni Tərtər”