Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Telefonum zəng çalır. “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova idi. Bu barədə bir qədər sonra söz açacağıq…

    Medianın İnkişafı Agentliyinin (MİA) ötən ilin son günlərindən birində media nümayəndələrinin, əsasən də region mediasının təmsilçilərinin Şuşa səhərinə təşkil etdiyi media turu zamanı rayon qəzetlərinin redaktorları daha da yaxınlaşmış, Şuşa şəhərində xeyli dərdləşmiş, düşdüyümüz bu çıxılmaz vəziyyətdən çıxış yolu axtarmağa çalışmışdıq. Düzdür, mən redaktor deyil, redaktor müavini olsam da, sağ olsun MİA, məni də dəvət etmişdi.
    Şuşanı gəzdikcə həmkarlarla dərdləşməyimiz niskilimizi daha da artırdı, Vətəni tərənnüm etmənin ən gözəl vaxtında rayon qəzetlərinin mütəmadi çıxa bilməməsi, nəinki əməkhaqqı, heç çap xərcini belə ödəmə qabiliyyətində olmaması qəlbimizi çox incidirdi.
    Hamımız eyni dərddə idik. Buna baxmayaraq, MİA-ya çox minnətdar idik, adımızı anmış, xatırlamışdılar ki, bunlar da Azərbaycan mediasının təmsilçiləridirlər.
    Burada bir fransız jurnalistinin “Əkinçi” haqqında dediyi sözlər yadıma düşdü. O, “Əkinçi”nin maliyyə vəziyyəti ilə maraqlanarkən çox təəccüblənərək demişdi: “Bizim Fransada belə az maliyyə ilə heç kəs qəzet çıxartmaz”. Bu, ötən əsrdə yox, ondan da əvvəlki əsrdə deyilmiş fikirlərdir. Yəni, ən azından 140 il olar. Bu 140 il ərzində dəyişə bilmişikmi? Əsla yox! Münasibət eynən qalır. Biz də sələfimiz, “mənəvi atamız” Həsən bəydən heç nə ilə fərqlənmirik, onun taleyini yaşayırıq.
    Zərdabini daha yazmasın deyə Zərdaba sürgün etdlər. Kür qırağının qamış basmış, əldən-ayaqdan uzaq, insanların haqqı-ədaləti tapdalanan, sanki bu dünyadan xəbərsiz bir əyalətə gələn Həsən bəy üçün bu yerlər heç də yad yerlər deyildi. Onun doğulub boya-başa çatdığı bir torpaq idi. Zərdabi bütün məhrumiyyətlərə baxmayaraq, oradan ardı-arası kəsilmədən “Kaspi” qəzetinə məqalələr yazdı. Çünki o, bir işıq idi, bir nur idi, millətini cəhalətdən, gerilikdən qurtarmaq üçün Tanrı tərəfindən göndərilmişdi. Bəs biz? Sən demə, bizim işığımız da heç kəsə lazım deyilmiş. Deyəsən, qərar qətidir, rayon qəzetləri fəaliyyətlərini dayandırmalıdır. Axı jurnalist kimə lazımdır, onsuz da hamı yazır, yerindən duran jurnalist olub. Sosial şəbəkələr, onlayn media jurnalistikaya münasibəti kökündən dəyişib. Elə ona görə də, bu cameəyə o qədər savadsız yığnağı toplaşıb ki, heç deməsələr də, biz onlarla adımızın bir yerdə çəkilməsini istəmirik.
    Bəli, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana xanımın zənginə cavab verirəm. Bizi, yəni “Zaqatala” qəzetinin redaktorunu və məni qəzetin 90 illik yubileyinə dəvət edirdi. Həmkarımın dəvətini sözsüz ki, qəbul etdik. Belə bir gündə onların sevincinə şərik olmaq, şübhəsiz, bizim borcumuzdur. Hazırladıqları yubiley nömrəsi üçün “100 yaşlı “Zaqatala” “Tərtər”in 90 yaşını təbrik edir” sərlövhəli təbrik də göndərdik. Həmin təbrikdə yazırdıq: “Bu hissləri biz də yola saldığımız 2023-cü ildə keçirdiyimiz üçün sizin sevincinizin başqa sevinclərlə müqayisə edilə bilmədiyini yaxşı bilirik. “Zaqatala” qəzeti də ötən il öz fəaliyyətinin 100 illiyini qeyd etdi. Əslində, bir rayon qəzetinin öz işini belə uzun müddət davam etdirməyi bacarmasının səbəbi orada çalışan jurnalistlərin fədakarlığı, Vətən sevgisi, mətbu işə olan sonsuz bağlılıqları olub. Bunu bu gün olmasa da gələcək nəsillər bir qəhrəmanlıq kimi qiymətləndirəcəklər. Çox adam buna dodaq büzərək, “öz işinizi görmüsünüz” deyir. Lakin, rayon qəzetləri öz işlərini o qədər çətin şəraitdə görür ki, bunu yalnız orada çalışanlar bilirlər”.
    Ötən il Medianın İnkişafı Agentliyi “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Gəncə şəhərində, Qubada və Lənkəranda bölgədəki media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirdi. Qeyd etdilər ki, məqsəd diaqnostik icmalın hazırlanmasıdır. Bu görüşlərdə Medianın İnkişafı Agentliyinin Media subyekt-əri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin moderatorluğu ilə region mediasına dair diaqnostik icmalın hazırlanması üçün mövcud media ekosisteminin xüsu-siyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə müzakirələr də aparıldı.
    Oktyabrın 24-də isə Mətbuat Şurası və MEDİA Agentliyi region mediasının inkişafı ilə bağlı müzakirələr apardı. Görüşdə əsasən ölkəmizdə region mediasının hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu görüşdə bildirib ki, rəhbərlik etdiyi qurumun region mətbuatının nümayəndələri ilə sistemli xarakter daşıyan belə görüşlərindən məqsəd əyalətlərdəki media mühitinin diaqnostik qiymətləndirməsini apararaq, bu sahənin inkişafına istiqamətlənən addımlar atmaqdır.
    Xatırlatmaq yerinə düşərdi ki, 12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd həm də media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsi olmuşdur. Nə deyək, niyyətlər safdır, bircə ona qalır ki, bu niyyətlər əməli işdə öz əksini tapsın. Rayon qəzetlərinin vəziyyəti göz qabağındadır. Onu tədqiq etmək üçün belə uzun yol getməyə də ehtiyac yoxdur. Biz neçə illərdir ki, gecə-gündüz vəziyyətimiz haqqında həm yazılı, həm də şifahi məlumat veririk axı.
    Mən bu yazımı “Yeni Tərtər” qəzeti üçün göndərdiyimiz təbrikdən götürdüyüm abzasla bitirmək istəyirəm: ”Tərtər elə bir yerdə yerləşir ki, o işğalda inləyən Qarabağın sərhəd nöqtəsi idi. Tərtərlilər düşmən qabağından qaçmadılar, düşmənin gülləsinə tuş gəlsələr də, onun bir addımlığında torpağı əkib-becərdilər, qələbəyə olan inamı yaşatdılar, yer-yurd sevgisini öz əməlləri ilə sübut etdilər. Bütün bu qəhrəmanlıqlar isə “Yeni Tərtər”in səhifələrində öz əksini tapdı. Qəzet hər zaman hamını qələbəyə ruhlandırdı, ölümün müqəddəs əməlləri, hissləri öldürməsinə imkan vermədi. İkinci elə bir nəşr ola bilməz ki, “Yeni Tərtər” qədər bu işi səmimi, dəqiq faktlarla görmüş olsun. Qələbə Azərbaycan xalqına necə yaraşırdı və bu qələbədə Tərtərin yeri və rolu ölçüyəgəlməzdir.
    Son 30 ildə rayon qəzetləri ciddi maliyyə böhranı yaşasa da, maddi-texniki bazası çox zəif olsa da, biz, sanki, məsləkimiz qarşısında Zərdabi andı içmişdik. Öz missiyamızı 90-a, 100-ə çatdıra bildik. Artıq buradan o yanası necə olacaq, bir Allah bilir. Lakin bildiyim odur ki, nə qədər ki, biz varıq, rayon qəzetləri də olacaq. Heç bir yenilik, onlayn media, sosial media bu tarixin üzərindən xətt çəkə bilməz. Bu, şərəflə, minbir əziyyətlə keçilən bir yoldur. Bu, tarixdir, rayonlarımızın salnaməsidir. Saralmış qəzet qovluqlarının hər səhifəsi yurdumuzun bir diyarının tarixidir. Onu biz yazmışıq, biz yaratmışıq.
    Baharın güllü-çiçəkli bir vaxtında “Yeni Tərtər”imizin başına toplaşmaq, onu bu şərəfli günü münasibətilə təbrik etmək çox qürurvericidir… Yaşın üstünə yaş gəlsin ki, Tərtərin, azad Qarabağın, imzalar içərisində imzası olan yurdum-yuvam Azərbay-canın bugünkü cah-cəlalını da yaza, tarix üçün yaşada biləsən. 90 yaşlı qəzetinizin yubileyi mübarək olsun, əziz həmkarlar!”

    Elmira MEHDİYEVA,
    “Zaqatala” qəzeti redaktorunun
    müavini, Əməkdar mədəniyyət işçisi

     

    Müəllif: Redaktor, 10:07

İsmarıclar bağlıdır.