1875-ci ildə ”Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə birdəfəlik senzuradan azad edildi. Beləliklə də azad sözün rolunu həmişə yüksək qiymətlənditən Ulu Öndər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Həmin Fərmana əsasən, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi.
Sonrakı dövrdə qəbul edilən qanunlara əsasən ölkədə söz və mətbuat azadlığının hüquqi bazası daha da möhkəmləndi.
Ulu Öndər Heydər Əliyevin KİV-lərin inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki bazası möhkəmləndirildi, qəzet və jurnallara bir sıra güzəştlər edildi.
Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən söz açmışdı.
Azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərində görə Heydər Əliyevin 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I qurultayında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Mətbuat Şurasının yaradılması mətbuat işçilərinin həyatına bir sıra dəyişikliklər gətirdi. Qeyd edək ki, məhz Mətbuat Şurasının yaradılmasından sonra bölgə qəzetlərinin həyatında da canlanma baş verdi və 2005-ci ildə, yeddi illik fasilədən sonra Tərtər rayon qəzetinin də nəşri bərpa olundu.
Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiiyi yolla inamla addımlayan Azərbaycan mediasının ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şanlı tariximizin, şəhid və qazilərimizin həyatının, eləcə də Qarabağda aparılan hərpa-quruculuq işlərinin işıqlandırılmasında müstəsna xidmətləri var.