Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140, 145 illik yubileylərinin dövlət səviyəsində qeyd olunması, bu münasibətlə media nümayəndələrinin təltif edilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi dövlətimiz tərəfindən jurnalistlərin əməyinə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi mətbuatın inkişafına yeni təkan verdi. Azad medianın inkişafı yeni mərhələyə qədəm qoydu.
Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən bu sahədə əsaslı islahatların aparılmasına başlanılmışdır. Fərman əsasında ölkədə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Yeni dövrün tələblərinə uyğun olaraq “Media haqqında” Qanun hazırlanaraq Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında təsdiqlənərək qüvvəyə minmişdir. Bununla da mətbuatın inkişafında hüquqi baza yaradılmışdır.
Qeyd etmək istəyirəm ki, bundan sonra Tərtər rayon qəzeti də media subyekti olaraq media reyestrindən keçmişdir.
Tarixi Zəfərimizdən ötən dövr ərzində həyatımızın bütün sahələrində yaranmış yeni reallıqlar mətbuatımızda da öz əksini tapıb. Qalib ölkənin qalib mətbuatı kimi fəaliyyət göstərmək həm qürurverici, həm də məsuliyyətlidir.