Milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabi Azərbaycan xalqının maariflənməsi yolunda böyük çətinliklərdən keçmiş, lakin bir an belə əqidəsindən dönməmişdir. Gəncləri savadlanmağa, təhsil almağa dəvət edən bu fədakar insan onlara müraciət edərək deyirdi: “Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarələr bizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın. Siz millət üçün əziyyət çəkirsiniz.”
Öz milləti yolunda əzab və əziyyətlərə qatlaşan Həsən bəy Zərdabi xalqını zülmətdən xilas etmək üçün 1875-ci il iyulun 22-də Bakıda Azərbaycan dilində ”Əkinçi” qəzetinin nəşrinə nail olmuşdur. Bununla da o, Azərbaycanda ilk milli mətbuatın əsasını qoymuşdur. Görkəmli maarifçinin “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” sözləri bu gün də aktuallığını itirməyib.
1877-ci ilin 29 sentyabrına qədər çap olunan qəzet ayda 300-400 tirajla nəşr edilmiş, 56 nömrəsi işıq üzü görmüşdür. Nəinki Azərbaycanda, həmçinin o zamankı bütün Rusiyada ilk türkdilli qəzetin çıxması çap hökümətini ciddi narahat etmiş və onun redaktoru ciddi təzyiqlərə məruz qalmış, qəzet isə bağlanmışdır.
Lakin bu az müddətdə insanların şüurunda dəyişikliklərin baş verməsi kifayət etmişdir.
Bu gün “Əkinçi” qəzetinin adı tariximizə qızıl hərflərlə yazılıb, onun naşiri Həsən bəy Zərdabi isə daim minnətdarlıq hissi ilə xatırlanır.