Mənim “Yeni Tərtər” qəzeti ilə tanışlığım orta məktəb illərimə təsadüf edir. O vaxt qəzet “Qızıl Bayraq” adlanırdı. Direktorumuz (2№ məktəb), görkəmli pedaqoq Sabir Paşayev (mən onu ancaq Makarenko ilə müqayisə edə bilirəm) məktəbimizdə ədəbiyyat dərnəyi aparırdı. Mənim “Qızıl Bayraq”da ilk şeirim dərc olundu. Mənə, – uzaq bir dağ kəndindən gəlmiş bir uşağa elə bil dünyanı bağışladılar.
Sonradan çox yaxın dostluğa çevrilən ikinci tanışlığımız 90-cı illərin sonuna təsadüf etdi. O vaxt redaktor çox istedadlı şair Tofiq Yusif idi. Tanış deyildik. Amma onun yaradıcılığına bələd idim, şeirlərini çox sevirdim. O, mənim üçün çox bötük avtoritet idi. Onun böyüklüyünün qarşısında özümü çox cılız hiss edirdim, onunla görüşməyə özümdə cəsarət tapmırdım (elə sona qədər də belə oldu). “Demə Səməd Vurğun gəldi-gedərdi” adlı bir yazı yazdım və redaksiyaya göndərdim. Yazı xoşuna gəlmiş və Maarif müəllimi çağırıb mənim kim olmağımla maraqlanmışdı.
Biz görüşdük və mən yaradıcılığının vurğunu olduğum gözəl bir şairin dostu olmaq kimi bir şərəfə qovuşdum. Tofiq Yusif böyük şair idi. O Məmməd Arazla Azərbaycan poeziyasının qoşa çinarı idi.
“Yeni Tərtər” qəzeti, onun yaradıcı kollektivi mənim üçün doğmalaşdı, mənəvi Vətən oldu.
Qəzetin indiki redaktoru Svetlana xanım o vaxt redakror müavini idi. İlk ali təhsilli qadın jurnalist olaraq şəristəliliyi, tələbkarlığı və eyni zamanda səmimiliyi və insanpərvərliyi ilə seçilirdi. Redaksiyada jurnalistlik mühitinin formalaşmasında onun xidmətləri danılmazdır. Svetlana xanım həm də xeyirxah bir hamı idi. Həmişə məni yaradıcılığa vadar etməyə çalışıb. Bir neçə yazını yazmağa məni məcbur edib və (mən həmişə yaradıcılıq əzabından qaçmışam) təvazökarlıq olsa da, etiraf edim ki, özüm də bu yazıları mənmi yazmışam deyə təəccüblənmişəm.
Tofiq müəllimdən sonra Svetlana xanımın redaktor təyin edilməsi ədalətdir.
Qəzetin əməkdaşlarından Elfuzə xanım Vəliyeva yaddaşımda zərif və səmimi bir qələm sahibi kimi qalıb.
Media aləmində öz səsi, öz sözü olan, səriştəliliyi, özgürlüyü, mövzu rəngarəngliyi və əhatəliliyi ilə seçilən, Tərtərin tarixini yazıb yaradan doğma qəzet, 90 yaşın mübarək! Yaxşı ki varsan!
Var olmağını motivləşdirən, tərtərlilərdən daha çox tərtərli olan, el adamı Tərtər RİH başçısı cənab Müstəqim Məmmədova və başda redaktor Svetlana xanım Bağırova olmaqla sənin yaradıcı kollektivinə eşq olsun! Kəndim Umudlu azaddır. Tezliklə doğma yurduma dönəcəyəm. Ömür vəfa etsə, sənin 100 illik yubileyinə gələcəm, doğma qəzet!
Zabil Zeynalov
Tərtər 17.04.24