Xalqımızın milli maraqlarını yaşadan, inkişaf etdirən, maarifləndirən, istedadlı insanlarımızın, əmək və müharibə qəhrəmanlarımızın illərlə həyat yolunu işıqlandıran mətbuat, qəzetlər, jurnallar, kitablar olmuşdur.
Keçən əsrin 34-cü illərindən fəaliyyətə başlayan, ən qədim Türk tayfalarının birinin adı ilə adlanan Tərtər rayon qəzeti “Kolxozçuların varlanması”, “Qızıl Bayraq”, “Tərtər”, “Yeni Tərtər” adları altında fəaliyyət göstərmiş və zəhmətkeşlərin hörmət və rəğbətini qazanmışdır.
Əvvəlki illərində Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan bu qəzetin xalqımızın, Tərtər camaatının maariflənməsində, məlumatlandırılmasında böyük xidmətləri olmuşdur. Respublika xəbərləri, rayon xəbərləri, zəhmətkeş xalqın əmək fəaliyyətlərini əks etdirən məqalələr, Tərtərin keçmişi və bu günü haqqında məlumatlar qəzetin özəyini təşkil etmişdir.
“Tərtərin səsi” Ədəbi Məclisi qonağımızdır” başlığı altında verilən poeziya səhifələrində gənc yazarların şeirlərini, məqalələrini biz oxuculara vaxtaşırı çatdıran”Yeni Tərtər” qəzetinin əməkdaşlarını həmişə minnətdarlıqla qarşılamışıq.
Keçən əsrin 80-cı illərinin sonları, 90-cı illərinin əvvəllərindən başlayan, Azərbaycan Respublikasına qarşı torpaq iddiaları ilə vüsət alan erməni terroru nəticəsində güclü dağıntılara məruz qalan Tərtər rayonu istər I Qarabağ müharibəsində, istər məlum Aprel hadisələrində, istərsə də 44 günlük Vətən müharibəsində quldur düşmənlərə qarşı vuruşan, öz qızıl qanları ilə tarix yazan qəhrəman şəhid və qazilərimizin, ordumuzun qəhrəmanlığını vaxtaşırı bizlərə çatdıran”Yeni Tərtər”qəzeti əməkdaşlarının qəlbimizdə öz yeri var.
1991-ci ilin yazından başlayan 1994-cü ilin may ayının 10-a qədər davam edən I Qarabağ müharibəsində torpaqlarımız, rayonlarımız, dədə-baba yurdlarımız işğal olunduqdan sonra Vətən həsrətiilə dünyasını yad qapılarda dəyişən, yad qəbiristanlıqlarda dəfn olunan valideynlərim, qohumlarım məcburi köçkünlük dövründə min-bir əzab-əziyyətlərə düçar olmuşlar. Mənim, eləcə də mənim kimi Azərbaycan vətəndaşlarının qəlbində ən uca zirvədə duran ancaq “intiqam” hissləri olmuşdur.
Nəhayət ki, həmin gün gəlib çatdı. Vətən həsrəti ilə dünyasını dəyişən valideynlərimin, qohumlarımın, yaralı torpaqlarımızın, şəhid və qazilərimizin qanları qüdrətli ordumuz tərəfindən alındı. Qisas qiyamətə qalmadı. Oğlum Anar Əliyev Şuşanın açarı sayılan Xocavənd rayonunun Tuğ yüksəkliyində qəhrəmancasına şəhid oldu. Briqada komandiri olmasına baxmayaraq, səngərdə öz heyətinin qarşısında şəhadətə yüksəldi.
Mənim övladım Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, usta dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı briqadasının hərbi hissə komandiri, Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyev barəsində “Hərb tariximizin əfsanəsi”, eləcə də hərb tariximizə adlarını qızıl qanları ilə yazan “Gizir Nicat İsgəndərovun qəhrəmanlıq hekayəsi”, “Boyka ləqəbli döyüşçü”, “Pulemyotçu Elşad”, “Erməniləri lərzəyə salan Ruslan Şahbazov” “Pəhləvan Elməddin”, “Cəsur komandir Qəmbər Qəmbərli”, “İlk Suqovuşan şəhidi Hacıyev Qubad Cəmil oğlu” və s. kimi ölməz, Azərbaycan vətəndaşlarının qürur mənbəyinə çevrilən şəhidlərimiz barəsində “Yeni Tərtər” qəzetində çap olunmuş məqalələr, Vətən Müharibəsində göstərdikləri şücaətlərə həsr olunmuş tarixi məlumatlar verilmişdir ki, bu da əksər şəhid ailələrinin sağalmaz yaralarına məlhəm olmuşdur.
Yeri gəlmişkən, 1988-ci illərdən üzübəri I Qarabağ Müharibəsində, məlum Aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsində qəhrəman şəhidlərimizin qəhrəmanlıq səlnaməsini araşdıran, doğru-düzgün bizlərə çatdıran “Yeni Tərtər” qəzetinin əməkdaşları tərəfindən toplanılan 500 tirajla 2022-ci ildə çap olunan 237 səhifəlik “Tərtərin tarix yazan oğulları”adlı kitabın müəllifi, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırovaya və eləcə də kitabın redaktoru və maliyyə dəstəyi ilə ərsəyə gələn Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səyyad oğluna öz adımdan, ailəm adımdan, eləcə də Tərtər şəhidlərinin valideynləri adından minnətdarlığımı bildirirəm.
“Yeni Tərtər” qəzetinin redaksiya heyətini qəzetin 90 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm, işlərində nailiyyətlər arzulayıram. Arzu edirəm ki, bundan sonra qəzetin gələcək səhifələrində yalnız xoş xəbərlər nəşr olunsun.
Vaqif Əliyev,
şəhid atası