Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02May

    Əziz həmkarlar! Bu gün sizin üçün çox əlamətdar bir gündür. Bütün həyatınızı, yaradıcılığınızı sevə-sevə həsr etdiyiniz, yaşadığınız diyarın az qala hər gününü  səhifələrində əks etdirdiyiniz, bu yolda rastlaşdığınız saysız-hesabsız çətinliklərə boyun əyməyərək işinizi davam etdirdiyiniz, son qəpiyinizi belə onun çapına həsr edərək onu yaşatdığınız “Yeni Tərtər”inizin 90 yaşı tamam olur. Bu hissləri bizlər də yola saldığımız 2023-cü ildə keçirdiyimiz üçün sizin sevincinizin başqa sevinclərlə müqayisə edilə bilmədiyini yaxşı bilirik. “Zaqatala” qəzeti də ötən il öz fəaliyyətinin 100 illiyini qeyd etdi. Əslində, bir rayon qəzetinin öz işini belə uzun müddət davam etdirməyi bacarmasının səbəbi orada çalışan jurnalistlərin fədakarlığı, vətən sevgisi, mətbu işə olan sonsuz bağlılıqları olub. Bunu bu gün olmasa da gələcək nəsillər bir qəhrəmanlıq kimi qiymətləndirəcəklər. Çoxları buna dodaq büzərək “öz işinizi görmüsünüz” deyir. Lakin, rayon qəzetləri öz işlərini o qədər çətin şəraitdə davam etdirib ki, bunu yalnız orada çalışanlar bilirlər.

    Tərtər elə bir yerdə yerləşir ki, o işğalda inləyən Qarabağın sərhəd nöqtəsi idi. Tərtərlilər düşmən qabağından qaçmadılar, düşmənin gülləsinə tuş gəlsələr də onun bir addımlığında torpağı əkib-becərdilər, qələbəyə olan inamı yaşatdılar, yer-yurd sevgisini öz əməlləri ilə sübut etdilər. Bütün bu qəhrəmanlıqlar isə “Yeni Tərtər”in səhifələrində öz əksini tapdı. “Yeni Tərtər” hər zaman hamını qələbəyə ruhlandırdı, ölümün müqəddəs əməlləri, hissləri öldürməsinə imkan vermədi. İkinci elə bir nəşr ola bilməz ki, “Yeni Tərtər” qədər bu işi səmimi, dəqiq faktlarla görmüş olsun. Qələbə Azərbaycan xalqına necə yaraşırdı və bu qələbədə Tərtərin yeri və rolu ölçüyə gəlməzdir.

    Son 30 ildə rayon qəzetləri ciddi maliyyə böhranı yaşasa da, maddi-texniki bazası çox zəif olsa da bizlər sanki məsləkimiz qarşısında Hippokrat andı içmişdik. Öz missiyamızı 90-na, 100-ə çatdıra bildik. Artıq burdan o yanası necə olacaq, bir Allah bilir. Lakin bildiyim odur ki, nə qədər ki, biz varıq rayon qəzetləri də olacaq. Heç bir yenilik, onlayn media, sosial media bu tarixin üzərindən xətt çəkə bilməz. Bu, şərəflə, min bir əziyyətlə keçilən bir yoldur. Bu tarixdir, rayonlarımızın salnaməsidir. Saralmış qəzet qovluqlarının hər səhifəsi yurdumuzun bir diyarının tarixidir. Onu bizlər yazmışıq, bizlər yaratmışıq.

    Baharın güllü-çiçəkli bir vaxtında “Yeni Tərtər”imizin başına toplaşmaq, onu bu şərəfli günü münasibəti ilə təbrik etmək çox qürurvericidir. Yaşın mübarək, qoca “Yeni Tərtər”.  Yaşın üstünə yaş gəlsin ki, Tərtərin, azad Qarabağın, imzalar içərisində imzası olan yurdum-yuvam Azərbaycanın bu günki cah-cəlalını da yaza, tarix üçün yaşada biləsən. 90 yaşınız mübarək, əziz həmkarlar!

    Elmira Mehdiyeva,

    “Zaqatala” qəzetinin redaktor müavini,

    Əməkdar Mədəniyyət İşçisi

     

    Müəllif: Redaktor, 15:08

İsmarıclar bağlıdır.