Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev mətbuat konfransında çıxışı edərək bildirib ki, İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.
Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik.
Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb.
Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Cənəb prezident bildirib ki, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik.
Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur.
Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qorumalıdır. Hər kəs qanunlara əməl etməlidir. Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də.
Ölkə başçısı qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır.
Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar.
Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır.
Fələstin xalqının azadlığı və müstəqilliyi hər zaman Azərbaycan tərəfindən dəstəklənib. Yaxın Şərqdə müharibənin və hərbi əməliyyatların tezliklə dayandırılması hər zaman Azərbaycan tərəfindən ifadə edilib.
Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir;
Neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr, o cümlədən bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir və bu gün Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya üçlük şəklində fəaliyyət göstərirlər.
Prezident İlham Əliyev həmçinin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində də çıxış edib.
Cənab prezident çıxışında qeyd edib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Azərbaycan yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir.
COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.
Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində sədirlik edib. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərildi.
Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib.
Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.
Neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.
Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi.
Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.
Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək.