Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Vüqar Əkbərovun anası Səmayə Əkbərovanı 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, birinci Qarabağ müharibəsi şəhidi Əkbərov Vüqar Əsgər oğlu 1971-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Doğulduğu kənddə 8 illik məktəbi bitirib. Təhsilini 96 №-li Texniki Peşə Məktəbində davam etdirib. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ilin sentyabr ayında Ağdərə Polis Şöbəsində işə qəbul edilib. O dövrdə Ağdərə polis şöbəsi hərbçilərlə birgə bölgədə erməni faşistlərinə qarşı döyüşmək tapşırığı almışdı. Torpaqlarımızın azad edilməsində bilavasitə iştirak etmək tapşırığı almış Ağdərə polisinin bütün əməkdaşları kimi Vüqar Əkbərov da erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edirdi. 1992-ci il dekabr ayının 14-də Ağdərə rayonunun Çıldıran kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Subay idi. Qaynaq kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.