Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Mar

                                                                                Quliyev Elməddin Cəfər oğlu
    1987-ci il may ayının 7-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsilini Qapanlı kənd orta məktəbində alıb. Səhhətində olan problemlə əlaqədar hərbi xidmətə getməsinə müddət verilib. Bu müddətdə kənddə təsərrüfat işləri ilə məşğul olub. 2012-ci il oktyabrın 26-da Qapanlı kəndinin erməni kəndinə yaxın hissəsindən qayıdarkən erməni təcavüzü nəticəsində minaya düşərək şəhid olmuşdur. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
    Evli idi. Sadiq və Əli adlı iki oğlu var. Övladları və həyat yoldaşı Nuranə Elməddinin valideynləri ilə birgə Tərtər rayonunun Qapanlı kəndində yaşayırlar.

                                                                               Şəmilov Orxan Fərhad oğlu
    1988-ci il noyabrın 22-də Tərtər rayonunun Buruc kəndində anadan olub. Orta təhsilini Buruc kənd tam orta məktəbində alıb, həmin məktəbin 9-cu sinfini bitirib. Ata-anasına təsərrüfat işlərində kömək edib. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Füzuli rayonunda çəkib. 2008-ci il noyabr ayının 17-də postda dayanarkən –vəzifə borcunu yerinə yetirərkən ermənilərin qəfləti hücumuna məruz qalıb. Döyüşərək 2 erməni quldurunu məhv edib, özü isə neytral ərazidə şəhid olub. Meyiti 2 gündən sonra götürülüb. Buruc kənd qəbiristanlığında dəfn olunub.
    Subay idi. Atası rəhmətə gedib, anası Tərtər rayonunun Buruc kəndində yaşayır.

                                                                                Məmmədov Fərid Nofəl oğlu
    1988-ci il oktyabr ayının 11-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1994-2005-ci illərdə Xoruzlu kənd tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra kənddə qalaraq təsərrüfat işləri ilə məşğul olub. 2007-ci il yanvarın 11-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti Qazax rayonunda çəkib. 2007-ci ilin 13 oktyabrında gecə postda dayanarkən erməni hücumuna məruz qalaraq başından aldığı yaradan şəhid olub. Oktyabrın 14-də Xoruzlu kənd qəbristanlığında dəfn olunub.
    Subay idi. Anasına Tərtər şəhərində şəhid ailələri üçün tikilmiş binada 2 otaqlı ev verilib.

                                                                                    Orucov Elçin Raquf oğlu
    1991-ci il mayın 17-də Tərtər rayonunun Seydimli kəndində anadan olub. Orta təhsilini Seydimli kənd orta məktəbində alıb. 3 iyul 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti Naxçıvan Respublikasında keçib. 2011-ci ilin yanvarından həqiqi hərbi xidməti başa çatıb. Az bir vaxtdan sonra müddətdən artıq xidmətə yazılıb. 2012–ci il yanvarın 9-dan müddətdən artıq hərbi xidmət qulluqçusu kimi Tovuz rayonunda hərbi xidmətə başlayıb. 2012–ci ilin iyulun 18-də vəzifə borcunu yerinə yetirərkən ermənilər tərəfindən snayperlə vurularaq şəhid olub. Seydimli qəbiristanlığında dəfn olunub.
    Subay idi. Valideynləri Tərtər rayonunun Seydimli kəndinə yaşayır.

    “YENİ TƏRTƏR”

     

    Müəllif: Redaktor, 13:43

İsmarıclar bağlıdır.