Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Mar

    “Xoşbəxtəm ki, müəlliməm”

    Şad xəbər “quş qanadlı” olar, – deyiblər. Azərbaycan təhsilnin inkişafındakı xidmətlərinə görə şəhər 1 saylı orta məktəbin ədəbiyyat müəllimi Fazilə Kərimovanın Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülməsi xəbəri də çox tez yayılaraq, təhsil işçilərilə yanaşı, rayonumuzun bütün ictimaiyyətini ürəkdən sevindirdi.
    Biz də Fazilə müəllimin se-vincinə şərik lduq. Onu redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik:
    – Çox böyük qürur və fərəh hissi keçirirəm. Mükafat alanların arasında möhtərəm Prezidentimizə dərs demiş iki müəllim də vardı. İnanıram ki, mənim şagirdlərim də gələcəkdə həyatda ən yüksək mövqe qazanacaqlar. Bunun üçün əlimdən gələni edəcəyəm.
    – Nəyə görə müəllim peşəsini seçmisiniz? – sualına o, belə cavab verdi:
    – Mənim anam savadsız idi. Amma sinəsi el deyimləri, bayatılarla doluydu. Hərdən öz-özümə məəttəl qalırdım ki, hardan bilir bunları mənim anam? Atam isə həmişə axşamlar bizə kitab oxutdururdu. Biz növbə ilə xalq dastanlarını oxuyar, bütün ailə üzvləri böyük maraqla dinləyərdilər. Bunları deməkdə məqsədim odur ki, ailəmizdə milli-mənəvi dəyərlərimizə, xalqımızın keçmişinə, adət-ənənələrinə dərin hörmət olub. Məhz bunun nəticəsində böyük bacım Roza, sonra isə mən ədəbiyyat müəllimi ixtisasını seçdik.
    Sonra Fazilə müəllim bir arzusunu da söylədi. Həmişə məhz yaxşı müəllim olmaq istəyib. Buna görə də daim öyrənib və bu gün də öz üzərində çalışır. Təcrübəli təhsil işçilərindən Validə Səfərovanın, Asya Səfərovanın, bu gün onunla çiyin-çiyinə çalışan Sona Məhərəmovanın, riyaziyyatçı olsa da, bir müəllim kimi daim dəyərli məsləhətlərindən bəhrələndiyi Mikayıl Səfərovun adlarını minnətdarlıqla çəkdi. Bildirdi ki, təcrübəli müəllimlərin dərslərini dinləməyi bu gün də xoşlayır.
    –Çalışdığım kollektivlə bərabər, şagirdlərim də mənim mənəvi dayağımdır, – deyir Fazilə müəllim. Bəzən dərs keçəndə, Cavidin, Müşviqin həyatından danışanda onların gözlərində yaş görmüşəm və yüksək insani duyğuları oyada bildiyim üçün özümü xoşbəxt hesab etmişəm. Bir də ki, həmişə sinifdən çıxanda mənə elə gəlir ki, hələ nəyisə şagirdlərimə söyləməmişəm, deməli, axtarmalıyam, öyrənməliyəm, arxayınlaşmaq olmaz.
    Fazilə müəllimin şagirdləri dönə-dönə respublika üzrə keçirilən inşa müsabiqələrində yüksək mükafatlara layiq görülüblər. Ali məktəblərə qəbul zamanı onların əksəriyyəti Azərbaycan dili və ədəbiyyatdan yüksək bal toplayaraq müəllimlərini sevindiriblər.
    Müəllim, xüsusən də ədəbiyyat müəllimləri gələcəyin vətəndaşlarını yetişdirir, mənəviyyatca zəngin insanların formalaşmasında əvəzolunmaz rol oynayırlar. “Əməkdar müəlim” kimi bu sahədə Fazilə Kərimovanın üzərinə böyük məsuliyyət düşür. O deyir:
    – Göstərilən böyük etimad üçün möhtərəm Prezidentimiz İlham Əliyevə, rayonumuzun rəhbərliyinə, rayon təhsil şöbəsinə və öz kollektivimizə dərin təşəkkürümü bildirirəm.

    Svetlana BAĞIROVA

    Redaksiyadan: Bu məqalə 17 il əvvəl yazılıb. İllər əməkdar müəllimimizin yalnız saçlarını ağardıb, qəlbindəki həvəsi, şagirdlərinə münasibəti isə elə əvvəlki kimidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə bir müəllim kimi onu daha məsuliyyətlə çalışmağa ruhlandırır. Bayramınız mübarək, Fazilə müəllim! Yüzlərlə şagirdin qəlbində yandırdığınız bilik məşəli heç zaman sönməsin!

    Müəllif: Redaktor, 11:19

İsmarıclar bağlıdır.