Şəhid anası
Qələbənin bir addımlığında…
Hər bir ana övladını xoş günlər üçün böyüdür. Övladın boyu artdıqca, anaların arzuları çoxalır, onlarla bağlı nə qədər xəyallar qururlar.
Ancaq İltifat xanım oğlu Cahangirlə birlikdə bu arzularını Vətənə, bayrağımıza, torpağa qurban verdi.
Cahangir Surxayzadə 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərin sonuncu günü, qələbəmizin bir addımlığında şəhidlik zirvəsinə ucalıb.
İltifat ana deyir:
–Cahangir çox vətənpərvər övlad idi. 2016-cı ildə əsgəri borcunu yerinə yetirib, gəlmişdi. Düşünürdük ki, kəndimizdə qalıb təsərrüfat işlərilə məşğul olacaq. Ancaq o, razılaşmadı Səbəbini hamımız başa düşürdük. Vətənimizin, torpaqlarımızın, azadlığı onun üçün hər şeydən üstün idi.
Beləliklə də Cahangir Surxayzadə yenidən orduya qayıdır. Müddətdən artıq hərbi qulluqçu kimi DİN-in Daxili Qoşunlarında xidmət edirdi. Döyüş yolu Füzuludən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan keçdi.
İltifat ana danışır ki, çox az halda o zəng edib ailəsi ilə danışa bilirdi. Erməni quldurları Bərdəni raket atəşinə tutanda, burada doğum evində qardaşı Babəkin övladı dünyaya gəlməliydi. Cahangir elə bu anlarda zəng elədi. Çox həyəcanlıydı. Bildirdi ki, narahat olmayın, düşmən törətdiyi hər cinayətin cəzasını alacaq, elə alır da. Biz onları qova-qova gedirik. Tezliklə görüşəcəyik.
Ancaq görüşmək qismət olmadı. İltifat ana oğlunu bir qəhrəman kimi, yalnız öz ailəsinin deyil, xalqının övladı kimi qarşıladı.
O deyir:
– Bu gün ailəmizdə şəhidimizin adını daşıyan kiçik Cahangir böyüyür. Çalışırıq ki, əmisinə layiq övlad olsun.
İltifat xanım onu da söylədi ki, ötən il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror əməliyyatı onların da dərdinə bir təsəlli olub. Şəhidlərimizin qanı yerdə qalmayıb. Ölkəmizin suverenliyi bərpa olunub. Bu, Cahangirin və onun kimi igid oğulların arzularının həyata keçməsi deməkdir.
Bayramın mübarək, şəhid anası! Bayramınız mübarək, qəhrəman övladları dünyaya gətirən bütün şəhid anaları, onların xanımları və qız övladları. İgid qazilərimizin ana və bacılarını, xanımlarını, qız övladlarını da 8 Mart Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə cansağlığı arzulayırıq.