Şərəfli və çətin yolun davamçısı
“Elm fədaisi” ifadəsini tez-tez eşidirik. Bu sözlərin çox böyük mənası var. Çünki həyatını elmə həsr edən insan həqiqətən fədai olmalıdır. Bizim yaxşı tanıdığımız və çox sevdiyimiz Həqiqət xanımın atası Cavanşir müəllim kimi. Bu məqalədə biz atasının yolunu layiqincə davam etdirən bir övlad haqqında söhbət açdığımıza görə, Azərbaycanın görkəmli seleksiyaçı alimi, bir neçə kəşfin və patentin müəllifi Cavanşir Həşimovu da yada salmaq istəyirik.
O, elmin dalınca Sankt-Peterburqa getmişdi. Bu zaman artıq ailəliydi. Elə qızı Həqiqət də Sankt-Peterburqda dünyaya gəlib. Həqiqət xanım deyir ki, atası elmi işini Rusiyada müdafiə etsə də, onun dissertasiyası Böyük Qafqazın bitki örtüyünə həsr edilmişdi. Vətənini, onun təbiətini çox sevirdi. Ona görə də müdafiədən sonra Rusiyada yaşamaq istəməyib, Azərbaycana qayıtdı. Həqiqət xanım da öz Vətənində böyüdü. Atasından ona qalan ən böyük miras Vətəninə və elmə olan sevgidir.
Hal-hazırda Həqiqət Həşimova Zölgəran kəndində yaşayır və Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə stansiyasında çalışır. Bakı Dövlət Universitetinin məzunudur, magistr təhsilini isə Gəncə Dövlət Universitetində alıb. Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dissertantıdır.
O, Azərbaycan Genetika Ehtiyarları İnstitutuna və Svalbardda (Norvec) Beynəlxalq Dünya Gen Bankına təqdim edilmiş 60 yeni sabit xəttin (taxılların yeni toxum sortları) müəllifidir. Arpa və buğdanın bir çox yeni sortlarının müəllifidir. İxtirasını Dövlət Komitəsinə təqdim edib. Yeni (arpa) sortları üçün üç patent alıb.
Hazırda Həqiqət xanım Azərbaycan Elmi-Tədqiqat Bitkiçilik İnstitutunun baş elmi işçisi kimi toxumçuluq və idarəetmə proqramı ilə məşğuldur. O, 20-dən artıq elmi məqalənin müəllifidir. Bu məqalələr yerli, Çexiya, Qazaxıstan, Rusiya və Ukraynanın elmi jurnallarında dərc olunub, bir sıra beynəlxalq konfranslarda Azərbaycanı layiqincə təmsil edib.
Söhbət zamanı Həqiqət xa-nım dedi:
– Öz işimi çox sevirəm. Çünki gözümü açıb özümü dərk edəndən ailəmizdə bu ba-rədə söhbətləri eşitmişəm, atamın elmə yanaşmasını görmüşəm. Arzuları çox idi. Onların hamısını həyata keçirə bilmədi. İndi bir övlad kimi, həm də onun həyatını hərs etdiyi yolun davamçısı kimi üzərimə böyük məsuliyyət düşdüyünü yaxşı bilirəm. Çalışıram hər yaşadığım gündən səmərəli istifadə edim. Biləndə ki, işimin nəticələri insanların həyatına müsbət dəyişikliklər gətirəcək, bolluq yaradacaq, həvəsim daha da artır.
Həqiqət Həşimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” ordeni ilə təltif olunub. Uğurların bol olsun, Həqiqət xanım!