Qızlar arasında birinci
İdmanın kinqboksinq növü ilə məşğul olan Banuçiçək Vəlizadənin adı nəinki rayonumuzda, ondan kənarda da çoxlarına tanışdır. Dəfələrlə regionlararası və respublika yarışlarında iştirak edərək qalib olub, hətta 2022-ci ildə yeniyetmələr arasında keçirilən yarışda Azərbaycan çempionu adını qazanıb. Bu il isə Bakıda keçirilən və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalıya ədalət!” adlı turnirdə I yerə çıxıb.
Banuçiçəyi idmana gətirən yol haradan başlayıb? Bu sualı onun özünə verdik. İdmançı qız dedi:
– Ailəmizdə idmanı hamı sevir. İlk olaraq özümdən böyük qardaşım kinqboksinqlə məşğul olmağa başladı. Mən də onunla birlikdə məşqlərə getdim. Qardaşım etiraz etmirdi. Az müddətdə kinqboksinqi elə sevdim ki, Yavər müəllim mənə idmanın bu növü ilə ciddi məşğul olmağı təklif etdi. O vaxtdan 5 il keçib. Hazırda məşqçim Şamxal Rzazadədir.
“Qız üçün idmanla məşğul olmaq çətin deyil ki?” – sualını isə Banuçiçək belə cavablandırdı:
–Mən bunu qətiyyən hiss etmirəm. Hər bir uğurum həvəsimi daha da artırır. Gələcəkdə də idmanla məşğul olacağam. Ən böyük arzum Avropa çempionu adını qazanmaqdır. Peşəkar idmançı olacağımı hələ tam deyə bilmərəm. Ona görə ki, atam polis veteranıdır, mən də onun yolunu davam erdirmək istəyirəm.
Banuçiçəklə söhbət etdikcə gözlərim qarşısında tarixdən tanıdığımız güclü, iradəli, həm də çox gözəl Azərbaycan qadınlarının obrazları canlanırdı.
Sonda onu da demək istəyirəm ki, Banuçiçək Vəlizadə Azərbaycanın Milli Qəhrəmanı Elman Heseynov adına “Dəmir Yumruq” klubunun üzvü, həm də köməkçi müəllimdir. O, bu yaxınlarda Tərtər Olimpiya İdman Komleksində Elman Hüseynovun xatirəsinə həsr olunmuş yarışlarda 30 qız arasında birinci olub.
2-3 səhifələrin materiallarını hazırladı: Svetlana BAĞIROVA