10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən dövlət başçısı bildirmişdir ki, qanunvericilik hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və sağlam siyasi münasibətlərin bərqərar olunması üçün sistemli islahatlar aparılmalıdır. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.
Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Diqqətə çatdırılıb ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq.
Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır.
Bildirilib ki, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində.
Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Pezident İlham Əliyev deyib ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.
Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.
Bldirilib ki, seçicilər ilə daim təmasda olmaq lazımdır. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.
Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər.
Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.
Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.
İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır.
Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir.
Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafın zəmanətidir.
Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır.
Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir.
Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddur. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var.
Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Cənab İlham Əliyevin bu çıxışı Milli Məclisin fəaliyyətinin əsasını təşkil edir.