Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Fev

    Litvalı hərbi jurnalist Riçard Lapaitis Azərbaycan xalqının yaxın dostudur. Xocalı faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onun böyük xidmətləri var. Bu xidmətlərinə görə jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. 44 günlük Vətən müharibəsindən sonra Qalib ölkənin başçısı və xarici jurnalist azad Qarabağda – Şuşada görüşüblər. Xocalı faciəsinin ildönümü ərəfəsində biz Riçard Lapaitislə əlaqə saxlayıb, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O, Azərbaycanın Avstriyadakı səfirliyinin xahişi ilə Vyanaya uçmağa hazırlaşırdı. Buna baxmayaraq, jurnalist suallarımızı elə təyyarə limanından cavablandırdı. Hər kəlməsi Azərbaycana və azərbaycanlılara sevgi ilə dolu bu müsahibəni oxucularımzın diqqətinə çatdırırıq.

    –Salam əziz Riçard! Sizdən müsahibə götürməzdən əvvəl mən bir daha “Sonsuz dəhliz” filminə baxdım: yenə də həmin dəhşətli ağrı və bu filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə sonsuz təşəkkür hissi.
    Bu filmdə yer üzündə həyat yaranandan bəri mövcud olan xeyir və şərdən danışılır. Bununla belə, dünyada müxtəlif millətlər və dinlərlə yanaşı, həm də insanlıq və qeyriinsanlıq kimi ümumi anlayışlar da var.
    “Sonsuz dəhliz “ filminin həsr olunduğu Xocalı faciəsi qeyriinsani bir cinayətdir.
    Sizin və bu filmin çəkilişində zəhməti olan digər insanların sayəsində dünya erməni cəlladları tərəfindən 32 il əvvəl Xocalı şəhərinin dinc əhalisinin başına gətirilən dəhşətli hadisələrlə tanış oldu.
    Bir çox illər keçdi və bizim Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş əraziləri azad etdi və hər bir şəhidimizin, hər bir günahsız körpənin, hər bir qadının, qocanın qisası alındı. O cümlədən bütün dünya Azərbaycan əsgərinin, xalqımızın dinc erməni əhalisinə münasibətini gördü. Onlara Azərbaycan vətəndaşlığını qəbul edərək öz evlərində qalmaq, Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşamaq təklif olunmuşdu. Ancaq ermənilər könüllü surətdə getməyi üstün tutdular. Təkcə biz yox, bütün dünya onların necə getdiyini izlədi: heç bir düşmənçilik göstərilmədən, uşaqları və qocaları yedizdirir, nəyə ehtiyacları olduğunu soruşurdular. Bir sözlə, onların bizə göstərdikləri bütün insanlığa sığmayan hərəkətlərinin qarşılığında biz insanlıq, humanizm göstərdik və bunu əksər ermənilərin özləri də etiraf edirlər. Ancaq təəccüb doğuran cəhət budur: Ötən əsrin 90-cı illərindən, hətta ondan da əvvəldən kar və kor olan dünya, 30 ildən çox işğal al-tında olan torpaqlarımızda vəhşiliklər törədən ermənilərin hərəkətlərinə göz yuman Qərb indi nədənsə göz yaşları axıdaraq, mövcud olmayan “erməni faciəsi” haqqında danışır. Bu cür paradoksal münasibəti gördükdə təbii ki, sual yaranır. Niyə? Bu, kimə lazımdır?
    –Sizin “Bu, kimə lazımdır?” sualına cavab olaraq demək istəyirəm ki, Qərbin və bir sıra digər dövlətlərin ermənipərəst mövqeyi 90-cı illərin əvvəllərindən davam edir. O zaman erməni millətçiləri, erməni diasporu və Ermənistan hökuməti guya Qarabağda ermənilərin hüquqlarının pozulması və s. haqqında məsələ qaldırırdılar. Uzun illər ərzində kiçik bir millətin “yazıq” imicini yaradırdılar. Guya ətrafdakılar hamısı düşməndir, müsəlman aləmidir və onlar özlərinə qarşı qəddarlıqla üzləşirlər. Əlbəttə ki, onların güclü diasporu var, onlar buna hazır idilər. Bir çox qəzet, jurnal və televiziyalarda bu məsələ onların öz baxışlarına uyğun işıqlandırılır və təbliğ edilirdi. Fransada, ABŞ-də, elə Baltikyanı respublikaların özündə, xüsusən Litvada çox güclü erməni diasporu var. Mən deyərdim ki, 90-cı illərin əvvəlləri ilə müqayisədə hazırda Litvanın KİV-lərində Qafqaz regionunda baş verənlər haqqında yazmaq daha da çətinləşib. Ona görə ki, Ltvanın KİV-lərində regionda baş verənlər haqqında dürüst informasiya çox azdır. Faktiki olaraq, mən düşünürəm ki, bu gün bizim qəzetlərin, televiziyanın 90 faizi işğaldan azad edilmiş ərazilərin vəziyyətini düzgün əks etdirən məqalələri dərc etməkdən, yaxud efirə verməkdən imtina edərlər. Erməni millətçilərinin, erməni hökumətinin özlərindən sonra bu ərazilərdə hansı dağıntılar qoyduqları barədə heç yerdə heç nə danışılmır. Axı, orada baş ve-rənlər üçün başlıca günahı onlar daşıyırlar. Bizdə heç yerdə yazmırlar ki, burada 90 faiz hər şey dağıdılmışdı, o cümlədən məscidlər, məktəblər, uşaq bağçaları, muzeylər, mavzoleylər, o cümlədən müqəddəs yerlər–qəbiristanlıqlar. Demirlər ki, Qarabağın və onun ətrafındakı 7 rayonun bütün ərazisi dünyada ən çox silahlanmış zonaya çevrilmişdi, ora tamamilə minalarla, silahla dol-durulmuşdu və heç kim həmin yerlərdə dinc həyat yaşamağa hazırlaşmırdı.
    Siz bilirsiniz, mən dəfələrlə Tərtərdə olmuşam, mən sizin qəzetin redaksiyasında da ol-muşam, yerli əhalini və Qarabağ müharibəsi veteranlarını çox yaxşı xatırlayıram. Mən onlarla tez-tez ünsiyyətdə olurdum, gözəl insanlar, əsl vətənpərvərdilər. Mən hələ o zaman deyirdim, indi bu barədə açıq danışmaq olar, bu 2016-cı il idi, xatırlayırsınız, onda vəziyyət gərginləşmişdi, o zaman mənim fikirlərimlə bir çoxları tamamilə razılaşmaq istəmirdilər, ancaq mən söyləyirdim ki, müharibəsiz bu əraziləri qaytara bilməyəcəksiniz. Sülh danışıqları heç nə vermirdi. Çünki ATƏT-in Minsk qrupuna daxil olan ölkələr Azərbaycanın tarixi torpaqlarının sülh yolu ilə qaytarılmasında maraqlı deyildilər. Ermənilər üçün bu, ancaq ərazidir, azərbaycanlılar üçün Vətəndir. Bu Vətənsiz onlar 30 ildən çox yaşadılar. Axı, hər şey bir az da əvvəl, 1988-ci ildən başlamışdı. O zaman Ermənistandan 250 min azərbaycanlı qovulmuşdu. Həmin vaxt da dünya gözlərini yummuşdu.
    II Qarabağ müharibəsinədək Tərtər cəbhəyanı ərazidə yerləşirdi və siz yaxşı bilirsiniz, Tərtərin ətrafındakı erməni mövqelərinə yaxın olan kəndlər necə əziyyət çəkirdi. Gecə atəşləri, taxıl zəmilərinin yandırılması, torpaqlarını əkib-becərərkən fermerlərin atəşə tutulması, məktəblərin və bütün infrastrukturların düşmən atəşinə tutulması, yollarda minaların basdırılması. Dəhşətli vəziyyət idi. Mən onda gəlirdim, hər yeri gəzirdim və İlqar Qasımov, mənə elə gəlir ki, o indi də icra nümayəndəsi işləyir, çox sağolsun, o praktiki olaraq mənim həyatımı riskə qoyurdu, biz Həsən Qayaya, Qapanlıya gedirdik. Həcərə (yerli jurnalist qıza) çox təşəkkür edirəm, o kömək edir, tərcümə edirdi. Axı, mən evləri gəzir, müharibədən daha çox əziyyət çəkmiş insanları axtarırdım. Ona görə artıq mən yeni məlumatları toplamışdım, bizim günlərin məlumatlarını. Yadınızdadırmı o hadisə, gərginləşmə zamanı o qızı öldürmüşdülər. Turanə Həsənovanı, yəqin ki, 16 yaşı olardı. Mən onu çox gözəl tanıyırdım, görmüşdüm, xatırlayırdım. Mən Həsən Qayada, Şıxarxda olanda, o gəlirdi, mən onu bu kəndlərdə görürdüm. Turanə yaxşı oxuyurdu, yaxşı qız idi, onun gözəl gələcəyi ola bilərdi. İndiyədək inana bilmirəm ki, o, artıq həyatda yoxdur. Mənə bu barədə deyiləndə, özümü çox pis hiss etdim və onda başa düşdüm ki, müharibə qaçılmazdır, bu şər qüvvələrə, haqsızlığa qarşı ancaq hərbi yolla mübarizə aparmaq lazımdır.
    Belə deyək, qərb ölkələrinin Sizə olan münasibətinə ən çox təsir edən nədir? Mənə elə gəlir ki, onlar heç zaman Qarabağ məsələsini, Azərbaycanın ərazi bütövlüyünü dərindən dərk etməyə çalışmayıblar. Halbuki burada heç nəyi kəşf etmək lazım deyil. Dövlət sərhədləri var, Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT-nin dörd qətnaməsi var. Təəssüf ki, bir çox Avropa siyasətçiləri erməni diasporunun diktəsi ilə hərəkət edir, onlar məsələyə özlərinin şəxsi maraqları, hansısa siyasi çəkisi üçün yanaşır və insanların taleyinə, ermənilərin Azərbaycan ərazilərində törətdikləri qəddarlığa göz yumurlar.
    –Bu yaxınlarda ölkəmizdə növbədənkənar Prezident seçkiləri böyük müvəffəqiyyətlə keçdi. İndi Azərbaycanın inkişafının yeni mərhələsi başlayır. Ölkəmizin qarşısında bir çox yeni mühüm vəzifələr durur və onların sırasında prioritet və birinci dərəcəli vəzifələr arasında Böyük Qayıdış dayanır, yəni keçmiş məcburi köçkünlərin öz doğma kəndlərinə, qəsəbələrinə, şəhərlərinə köçürülməsi. Bu gün azad edilmiş ərazilərdə tikinti-bərpa və digər işlər bötük sürətlə aparılır. Dövlət hər şeyi edir ki, insanlar doğma yerlərə qayıtdıqdan sonra rahat yaşasınlar. İnsanlar da sevinirlər. Bu yaxınlarda mən Fatma Zamanovanın oğlu ilə görüşdüm. Xocalı faciəsi zamanı ermənilər onun həyat yoldaşını vəhşicəsinə qətlə yetirmişdilər, qadın ərinin cəsədini xilas etmək istəyərkən özünü də əsir götürüblər. Fatma ananın uşaqları o zaman kiçikyaşlı idilər. İndi onlar deyirlər ki, doğma torpağa qədəm qoyduqda ilk növbədə atalarının məzarını axtaracaqlar. Bilirsiniz ki, Xocalıda hələ də azərbaycanlıların üzərlərində işgəncə izləri olan cəsədləri basdırılmış ümumi məzarlıqlar tapılır. Bütün bunların çox ağır olmasına baxmayaraq, Xocalı bu gün azaddır və öz sakinlərini qoynuna almağa hazırlaşır. Siz onlara nə arzulayardınız?
    –II Qarabağ müharibəsi başlayanda, hər gün hadisələrin gedişini izləyirdim. Görürdüm ki, azərbaycanlılar necə böyük vətənpərvərliklə, inamla öz müstəqillikləri, azadlıqları uğrunda mübarizə aparırlar. Nə demək olar, 30 il ərzində insanlar öz evlərinə qayıda bilmirdilər. Onların evlərindən nə qalıb? Heç nə qalmayıb.
    Düz deyirsiniz ki, ermənilər o yerlərdə daşı daş üstündə qoymayıblar. Ona görə də müharibə labüd idi, qaçılmaz idi. Jurnalist kimi mən deyə bilməzdim ki, gedin vuruşun, ancaq başqa çıxış yolu da görmürdüm.
    Ona görə də Sizin Prezidentiniz İlham Əliyevə çox sağol deyirəm ki, belə düzgün və cəsarətli bir addım atdı. Axı, 30 il ərzində erməni qoşunlarının qurduqları istehkamları dağıtmaq, onların müqavimətini yarmaq lazım idi. Özü də döyüşlər dağlıq, çətin keçilən ərazilərdə aparılırdı. Və cəmi 44 gün ərzində Azərbaycan tarixi şəhər olan Şuşanı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilər işğalçılardan təmizləndi. Bu, Azərbaycan əsgərinin, Azərbaycan xalqının qəhrəmanlığı idi!
    Arzu edurəm ki, Sizin birliyiniz daim belə möhkəm olsun, nə Qərbin, ABŞ-nin, nə də digər dövlətlərin təxribatlarına uymayasınız, həmişə öz gələcəyinizə inanasınız.
    Xocalıya gəldikdə isə, bu, Azərbaycan tarixinin çox qara səhifəsidir. Mənə elə gəlir ki, Xocalı soyqırımı təkcə mənim deyil, bütün azərbaycanlıların, o zaman orada olan və bu vəhşiliyi görən hərbi jurnalistlərin dünyaya baxışlarını dəyişdirdi. Orada törədilənlər ağlasığmazdır, bu, açıq desək, müasir faşizmdir. Bir gecədə bu qədər insanı öldürmək, özü də lap yaxından, birbaşa nişan alaraq! Ağdama gətirilən meyitləri mən yaxından gördüm, bu, dəhşət idi, sümükləri, əlləri, ayaqları qırılmışdı, kiminsə başının yarısı yox idi. Pulemyotlardan, avtomatlardan yaxın məsafədən atırdılar, bir çox yerlərdə pusqu qurmuşdular, Ağdamdakı mövqelərə çatanadək çoxları ya şəhid oldu, ya əsir düşdü, gələnlər isə dəhşətli vəziyyətdəydilər. Mən uşaqları görürdüm, mən uşaqların gözlərini görürdüm. Bu uşaqlar insanlara inamı itirmişdilər, ona görə ki, böyüklər uşaqları öldürürdülər. Təsəvvür edirsiniz, bu, necə böyük mənəvi zərbə idi, hələ demirəm ki, bütöv ailələr məhv edilmişdi. İndiyədək sübut etmək lazımdır ki, bütün bunlar həqiqətdir. Çoxları hətta bu barədə bilmirlər, mən Qərbi nəzərdə tuturam. Həmin günlər mənim üçün bir jurnalist kimi dəhşət-liydi.O zaman hətta Ağdamda deyirdilər ki, ölülər üçün cəhənnəm artıq qurtarıb, dirilər üçün isə hələ indi başlayır. Bəli, danışmaq çox çətindir, Siz doğru deyirsiniz ki, o insanlar ki, artıq Xocalıya qayıdırlar, həmin hissləri yenidən yaşayacaqlar. Mən bu yaxınlarda Valeh Hüseynovla danışmışam, onu ermənilər 27 gün əsirlikdə saxlamışdılar, işgəncə verirdilər, huşunu itirənədək döyürdülər, kəlpətinlə dırnaqlarını çıxarırdılar. Bu insan əsl cəhənnəmdən keçib və o, ancaq indi Xocalıya qayıdıb. Evi uçurulub. O, Əsgəranda da olmuşdu, haradaki bu qaniçənlər ona 27 gün ərzində olmazın əzablarını verirdilər. İnsan nələrdən keçib. İndi səhhəti korlanıb, həyatı korlanıb, həyat yoldaşını – Səadəti öldürüblər. Bilirsiniz, bu barədə danışmaq çox çətindir. Bəzən düşünürəm ki, kimlərəsə bütün bunları sübut etmək lazımdırmı? Digər tərəfdən, cavab özü gəlir, lazımdır, baş verənlərin hamıya çatdırılması üçün bunları xatirələrdə yaşatmaq lazımdır. “Sonsuz dəhliz” filmində olduğu kimi. Xocalı şəhərinin taleyindən danışılan bu filmə planetimizin yarımmilyard əhalisi baxmışdır, film dünya kinofestivallarında yeddidən çox ən yüksək mükafata layiq görülüb. Və mən indi də Azərbaycan Səfirliyinin dəvəti ilə Avstriyaya, Vyanaya uçuram. Avstriyada bu film göstəriləcək və avstriyalılar Xocalının taleyi, burada törədilən soyqırımla tanış olacaqlar. Bundan sonra isə Amerikada olacağam. Deməli, mübarizə aparmaq, dürüst informasiyanı yaymaq lazımdır. Mənim də bu il üçün çox ciddi planlarım var. Düzdür, onları aşkarlaya bilmirəm ki, mənə heç kim mane olmasın. Bilirsiniz, informasiya blokadası hələ də aradan götürülməyib, ona görə də onu yarmaq üçün yollar axtarmaq lazımdır ki, insanlar həqiqəti bilsinlər. Bilsinlər və ona nail olunsun ki, dinc əhalini öldürən, etnik təmizləməni aparan cəlladlar özlərini mənən belə sərbəst hiss etməsinlər, anlasınlar ki, bu dünyada olmasa da, mütləq haqq-ədalət qarşısında cavab verəcəklər. Suallarınız çox çətindir, bunlara cavab vermək də çətindir, ancaq indi işıqlı şeylər də çoxdur. Görürsünüz, indi Qarabağda və ətraf 7 rayonda irimiqyaslı bərpa və tikinti işləri görülür, az müddət ərzində yollar da çəkildi, görmüşəm, artıq Füzuliyə insanlar qayıdırlar, Ağdama qayıdırlar, Şuşa artıq dağıntılardan ayağa qalxır, bu cür işğaldan sonra o da necə ağlar vəziyyətdəydi. Yəni işıqlı məsələlər çoxdur. Xocalıya bəzi sakinlər gedib doğma yerləri görə bilirlər, Xankəndiyə gedə bilirlər, Əsgərana gedə bilirlər, bu da çox əhəmiyyətlidir. Qoy həmin yerlərdə xatirə abidələri ucaldılsın. Bilirsiniz, mən demişəm ki, mənim üçün müharibə o zaman bitəcək ki, mən özüm Əsgərana gələ biləcəyəm, Xocalıya, Xankəndiyə gələ biləcəyəm, hələ ki, mən orada olmamışam. İnanıram ki, bu mümkün olacaq, mən qayıdacağam, həmin yerlərə güllər düzüb şəhidlərin xatirəsini anacağam, o zaman deyəcəyəm ki, biz evimizdəyik, biz qayıtmışıq.
    –Riçard, sosial şəbəkələrdə tez-tez sizin bizim xalqımız, ölkəmiz, xüsusən də Tərtər haqqında, I Qarabağ müharibəsi döyüşçüləri və keçmiş məcburi köçkünlər haqqında paylaşımlarınıza rast gəlirik. Bilirik ki, həm müharibə illərində, həm də bundan sonrakı dövrdə Tərtərdə bir neçə dəfə olmusunuz. Bu, yalnız konkret olaraq bir ölkəyə, bir şəhərə olan səmimi sevginin ifadəsi deyil, həm də ən böyük insanlığın, humanizmin nümunəsidir. Sizin hər bir yazınız yaddaşımızda təmiz qəlbli insanlar haqqında bir xatirə kimi qalacaq. Mənə ən çox təsir edən tibb bacısının cəbhə məhəbbəti və onun, əgər şəhid olarsa, yoldaşlarının yanında dəfn olunması xahişindən bəhs edən məqalədir. Bu qadın yaxşı bilirdi ki, cəbhədə şəhid olacaq, ancaq bu barədə necə də sakit danışırdı!
    –Sizə şəxsən təşəkkür edirəm ki, məni xatırlayırsınız. Tərtərdə hər kəsə mənim isti salamlarımı çatdırın, həmişə Tərtər üçün darıxıram, özünəməxsus, gözəl şəhərdir, onu əzbərdən tanıyıram, çoxlu dostlarım qalıb orda, son vaxtlar təxminən minimum 2-3 dəfə olmuşam, gəzirdim, insanlarla görüşürdüm. Bir layihə vardı, təəssüf ki, bu layihədə mənə xəyanət etdilər. Litvalı çəkiliş qrupu xəyanət etdi. Düşünürəm ki, məsələdə ermənilərin əli vardı və mənimlə işləyən baş redaktor çox pis hərəkət etdi. Biz erməni barbarlığı haqqında film çəkmək istəyirdik, ermənilər bu barədə xəbər tutdular, öyrəndilər ki, mən bu filmi çəkmək istəyirəm, təcili surətdə tədbir gördülər və həmin çəkiliş qrupu, həmin rejissorla əlaqə yaratdılar. O isə xəyanət etdi, bir sözlə, layihə baş tutmadı, bütün çəkiliş materialları onda qaldı. Çox kədərləndim, ancaq bizi sındırmaq istəyəndə, daha güclü oluruq. Azərabaycanlılar da çox böyük itkilərdən, xə-yanətlərdən keçiblər. Siz ona görə qalib gəldiniz ki, bu dəfə Azərbaycanın möhtərəm Prezidenti İlham Əliyevin ətrafında birləşərək bir oldunuz. Nəhayət ki, başa düşdünüz ki, bir olmaq lazımdır, onda heç bir düşmən qorxulu deyil. Ona görə də əhsən Sizlərə!
    Yenə də deyirəm, Tərtərə mən xüsusi sevgi ilə yanaşıram. Burada həm mətbəx, həm iqlim, həm təbiət çox xoşuma gəlir. Tarixiniz də unukaldır. Demək olar ki, hər bir ailə erməni qəsbkarları tərəfindən zərbə alıb. Siz müharibə haqqında söhbətlərdən eşitməmisiniz, Siz müharibəni yaşamısınız, ona görə Sizlərə xüsusi hörmətim və sevgim var.
    Hesab edirəm ki, gələcəkdə hər hansı bir ümumi layıhələr haqqında düşünmək lazımdır: qoy bu mədəni, bərpa işlərinə həsr olunmuş olsun ki, dostluğumuz gələcəkdə də davam etsin, gözəl və əbədi olsun. Mən müvəffəqiyyət qazanacağımıza inanıram.
    II Qarabağ müharibəsi ərəfəsində, 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi, ötən yay isə mənə Prezidentinizlə Şuşada keçirilən konfransda görüşmək və çox kiçik də olsa, söhbət etmək nəsib oldu. Mən ona torpaqların işğaldan azad edilməsinə görə təşəkkür etdim, o, insani mövqeyim üçün mənə təşəkkür etdi, çox xoş bir görüş oldu.
    Gələcəkdə Azərbaycanın dövlət başçısından müsahibə götürüb Litvada mətbuatda dərc etdirmək və əlbəttə ki, ümumi addımlarımızı davam etdirmək arzusundayam.
    Yenə də Tərtər haqqında danışmaq istəyirəm. Mən buranı doğma şəhərim hesab edirəm. Mən doğma evlərinin lap yaxınlığında yaşayan, ancaq ora qayıda bilməyən insanları görəndə ürəyim ağlayırdı. Gecələr ermənilər atırdılar, ancaq yenə də cavab vermək olmazdı. Bilirsiniz, mən bunu yüz dəfə təkrar edə bilərəm, mən utanıram ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən UNESKO hələ də Qarabağa gəlib buradakı vəziyyəti düzgün qiymətləndirməyiblər. Utancvericidir ki, dünyada bəziləri sanki qəsdən bunları görmək istəmirlər.
    Bir dəfə məndən soruşdular ki, vəziyyəti dəyişmək üçün nə etmək lazımdır? Mən sadə sözlərlə cavab verdim: xoşbəxt olun, sadəcə xoşbəxt olun və dünya görəcək ki, Siz haqlısınız, Siz bu torpaqların əsl sahibisiniz, Siz bura öz torpağınıza, doğma evlərinizə, öz Vətəninizə qayıtmısınız. Bir daha öz Vətəninizi heç kimə verməyin. Hamınızı böyük hörmətlə bağrıma basıram.
    –Riçard, xalqımız üçün gördüyünüz işlərə görə çox minnətdarıq. Bizim ölkədə müharibə artıq başa çatıb, ancaq informasiya müharibəsi bitməyib. Bilirik ki, hərbi jurnalist və əsl insan kimi Siz yenə də haqqın tərəfindəsiniz. Allah Sizi qorusun. Biz isə həmişə sizə dua edəcəyik.
    Müsahibə üçün çox sağolun!

    Müsahibəni apardı:
    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:55

İsmarıclar bağlıdır.