Bu sözləri Bəxtiyar Allahverdizadə Laçının Səfiyan kəndindəki döyüşdən danışarkən dedi. Həmin döyüşdə düşmənin hava hücumu nəticəsində briqadanın şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Rəşad Sadıqov və əsgər Əyyub Süleymanov şəhid olmuşdular.
Bəxtiyar deyir:
– Əyyub yaralanmışdı. Onu xilas edə bilmədik. Gülə-gülə şəhid oldu. Şəhidliyin bir zirvə olduğunu həmin gün gördük.
Bu hadisə Laçında baş vermişdi. Laçına çatanadək Bəxtiyar və onun yoldaşları Gəncədən başlayaraq piyada 110 km-lik yol qət etmişdilər. Özü də düz yol yox, dağlarla, meşələrlə, üzərlərində 50 kq yük və əlbəttə, ən başlıcası, düşmənlə döyüşə-döyüşə, şəhid verərək, yaralanaraq və qələbədən-qələbəyə möhkəmlənərək.
Bəxtiyar Allahverdizadə 1999-cu ildə Tərtərdə anadan olub. Şəhər 1 saylı tam orta məktəbini bitirib. 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub və 2020-ci ildə təhsilini uğurla başa vurub. Magistraturaya daxil olmaq istəsə də, həmin il baş verən Tovuz hadisələri, ölkədəki abu-hava onu fikrindən d-şındırıb. Təhsil ardınca deyil, Orduya gedib. Müharibə başlayanda o, Gəncədəydi.
Bəxtiyar bu barədə belə danışır:
–Oktyabrın 10-da hərbi hissəmizdə həyəcan siqnalı verildi. Bildik ki, döyüşə gedirik. Hər birimiz bu anı səbirsizliklə gözləyirdik. Ancaq ailəmizə heç nə demədim. Atamla düz 1 ay keçdikdə, Qələbəmizdən sonra danışdım. Gəncədə yolboyu insanlar düzülüb, bizi yola salırdılar. Əsgərlərə dikilmiş gözlərdə ümid, kədər qarışıq sevinc görür, yaşlı qadınların xeyir-duasını eşidirdik. Anlayırdıq ki, ancaq Zəfərlə geri qayıtmalıyıq. Çox şükür ki, Allah bunu bizə nəsib etdi.
Onlar ilk olaraq Horadizə gəldilər, oradan isə Lələ Təpə istiqamətindən Cəbrayıla tərəf. Bəxtiyar quru qoşunlarda atıcıydı.
O danışır ki, ilk döyüşdə düşmənin dağın başında yerləşən postunu aldılar: “Biz yuxarı qalxdıq, düşmən isə aşağıda maşınlara minib qaçırdı. Bu mənzərə şəxsi heyətin döyüş ruhunu daha da artırdı. Sonra kapitan Rəhmətov gəldi və bildirdi ki, daha çətin tapşırıq almışıq. Kim istəsə, qala bilər. Şəxsi heyətin hamısı irəli getdi. Çünki hamı döyüşmək, illər uzunu xalqımızın başına gətirilən müsibətlərin intiqamını almaq istəyirdi”.
Həmin döyüşdə kapitan Rəhmətov şəhidlik zirvəsinə ucaldı və onun nəşi bir müddət tapılmadı. Bəxtiyar Ordudan tərxis olunub evlərinə qədəm qoyarkən elə həmin an televiziyada şəhid kapitanın nəşinin tapılması haqqında xəbəri eşidib. “Bizi döyüşə hazırlayarkən kapitan Rəhmətovun tövsiyələri, tapşırıqları indi də xatirimdədir”, – deyir Bəxtiyar.
110 kilometrlik yol və cəmi 30 gün. Bu, Bəxtiyarın və onun silahdaşlarının keçdiyi yoldur. Bütövlükdə isə 44 gün və doğma Qarabağımızın şəhid qanına boyanan hər qarış torpağı. Zaman baxımından götürəndə o qədər də böyük vaxt deyil. Ancaq 44 gün bir xalqın, bir dövlətin həyatını kökündən dəyişdi. Həyatımızı tamam başqa səmtə çevirdi. Bunu edənlər isə Ali Baş Komandanın rəhbərliyi altında bu torpaq uğrunda döyüşən Bəxtiyar kimi gənclər oldu.
Bəxtiyar keçdikləri yolun hər qarışı haqqında böyük həyəcanla danışdı.
Cəbrayıldan sonra onlar Qubadlıya, sonra isə Laçının Güləbirt kəndinə daxil olublar.
Bəxtiyarın söhbətindən:
– Noyabrın 8-i gecə səhərədək atışma oldu. Səhər komandirlər xəbər verdilər ki, müharibə bitdi. Postumuzdan düşdük kəndə. Hamı bir-birini təbrik edirdi. Kəndin içindən Həkəri çayı axır. Həmin gün sanki çay da bizimlə bərabər se-vinirdi. Biz 1 həftə də orda qalandan sonra postu yeni gələnlərə təhvil verib qayıtdıq Qubadlının Şıxlı kəndinə. Müharibə başa çatsa da, düşmən təxribatları dayanmırdı. Hər yerdə sürpriz minalarla qarşılaşırdıq. Həmçinin düşmən kəşfiyyatının qarşısını alırdıq.
Azad Qubadlıdan geri, Gəncəyə maşınlarla qayıdırdılar. İnsanlar yolun hər iki tərəfinə düzülərək, onları sevinclə yola salır, hət-ta bəziləri göz yaşlarını saxlaya bilmirdilər. Gəncədə də gül-çiçəklə qarşılandılar. Gənclərin qüruru yerə-göyə sığmırdı! Onlar ümidləri doğrultdular!
Hərbi hissəyə qayıdıb şəhid yoldaşlarının yerini görəndə hər birini qəhər boğdu. Ölüm-dirim meydanında düşmənə baş əyməyən, qorxu nə olduğunu bilməyən oğullar indi göz yaşlarını gizlətmədilər. Dostlarının yatdıqları yerləri qərənfillərlə bəzədilər, şəkillərini böyüdüb, onlar haqqında məlumatlar hazırladılar və parkdakı yolun hər iki tərəfinə vurdular. “Biz bunu həm şəhidlərimizin unudulmaması, həm də gənc əsgərlərin vətənpərvərlik tərbiyəsi üçün edirdik”, – deyir Bəxtiyar.
Hal-hazırda Bəxtiyar Allahverdizadə Tərtər İƏD üzrə nümayəndəlikdə işləyir. Onun döyüş xidmətləri yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və Baş nazir Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Bu yaxınlarda isə AVMVİB-in “Böyük Zəfər” xatirə medalına layiq görülüb.
Bəxtiyar Allahverdizadə ziyalılar ailəsində böyüyüb. Atası Ədalət Məmmədov Tərtər rayon Statistika İdarəsinin müdiridir. Anası şəhər 1 saylı tam orta məktəbin qabaqcıl müəllimidir. Bəxtiyarın vətənpərvərliyindən danışarkən Prezident İlham Əliyevin cari ilin fevralın 14-də andiçmə mərasimində söylədiyi fikri xatırladım: “Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”.
Svetlana BAĞIROVA