Tərtər Rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə şəhərin Mərkəzi Meydanında “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbirə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandir müavini İdris Məmmədov, həbçilər, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri, ümumilikdə 7 rayondan nümayəndələr qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra müstəqillik dövründə çəkilmiş fotolardan və yazılmış bədii kitablardan ibarət sərgilərə baxıblar.
Tədbirdə həmçinin Gəncə Qarnizonu İdeoloji şöbəsi Mədəniyyət Mərkəzi ilə birlikdə Tərtər rayonunda hərbi xidmət keçən əsgərlərin ruh yüksəkliyini və əhval-ruhiyyəsini artırmaq məqsədi ilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi də keçirilib.
Tədbirdə ictimaiyyətlə ordu arasında əlaqələri daha da möhkəmləndirmək üçün layihə çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verilib, Ümummilli Lider Heydər Əliyevin müstəqillik uğrunda apardığı mübarizədən, onun məqsədyönlü siyasətindən söhbət açılıb, Azərbaycan xalqının əldə etdiyi Zəfərdən bəhs edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Prezident İlham Əliyevin iradəsi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir. Biz Azərbaycan tarixini qorumalı, təbliğ etməli, övladlarımızı mübariz ruhda yetişdirməliyik. Bunun üçün vətəndaş cəmiyyətinin boynuna böyük yük düşür. Biz vətənpərvər mövzuların sayını artırmalı, vətəndaş məsuliyyətinin artırılmasında azərbaycançılıq ideologiyasının rolu barədə gənclərlə maarifləndirici tədbirləri genişləndirməli, qəhrəmanlarımızı tanıtmalıyıq. Əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil dövlət quruculuğunun davamlı olması üçün gənclərimizin üzərinə böyük və məsuliyyətli yük düşür. Ölkəmizin gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, bilirlər ki, “Zəfərə aparan yol” Vətənə sevgidən keçir.
Sonra icra başçısı və layihə iştirakçıları tərəfindən Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsi ilə ürək sözləri yazılıb və məktəblilərin bağışladığı bədii kitablar N saylı hərbi hissənin rəhbərliyinə təqdim olunub.
Yekunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən “Zəfərə aparan yol” layihəsinin rəhbəri və üzvlərinə təşəkkürnamələr təqdim edilib.