Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    YARPIZ ƏTRİ

    Hələ XVIII əsrin əvvəllərindən Rusiya imperiyasının Qafqaz siyasətinin tərkib hissəsini “erməni məsələsi” təşkil edir. Yəni ruslar daim öz cənub sərhədlərini onlara daha yaxın olan və eyni dinə qulluq edən ermənilərlə möhkəmləndirir, bu məqsədlə onları müxtəlif əyalətlərdən bu yerlərə köçürürdülər. XX əsrin sonlarında Azərbaycan xalqının başına gətirilən faciələr də məhz bu siyasətdən qaynaqlanmışdır. Belə faciələrdən biri tarixə qanla yazılmış Xocalıdır.
    * * *
    Novruz Fatmanı tuneldən içəri salıb, özü geri qayıtdı. Qadın yan-yörəsinə baxıb, beş-altı nəfər qonşusunu tanıdı. Qalanları isə mexseti türkləri idi. Dəfələrlə belə ol-muşdu. Atışma güclənəndə onlar burada daldalanır, sonradan yenə də evlərinə qayıdırdılar. Amma, deyəsən, bu atışma əvvəlkilərə bənzəmirdi. Hətta yaxında tankların səsi aydınca eşidilirdi. Burada daldalanan 90-a yaxın insanın həyəcanlı səsi yerin altında qəribə əks-səda verir, vahiməni daha da artırırdı.
    Qəflətən partlayış səsi eşidildi. Mərminin qəlpələri daldalanacağın içərisinə səpələnib, insanları yaralamışdı. Daha bu vəziyyətdə burada qalmağın mənası yox idi. Qapını açıb onların bayıra çıxmasına imkan verdilər. Fatma keyimiş əllərilə hissiyatsız bədənini yoxladı. Deyəsən yaralanmamışdı. Hamı harasa qaçırdı. Amma onun beynində bircə fikir dolaşırdı: özünü evlərinə çatdırıb, ömür-gün yoldaşı Novruzu tapsın. Budur, nəhayət, bu da onların həyət darvazası. O, bir az toxtayıb nəfəsini dərdi, “Novruz burada olacaq”– deyə, düşündü. “O, məni qoyub heç yerə getməz”.
    Novruzun meyiti həyətin ortasında idi. Snayper gülləsi başından dəyib, beynini dağıtmışdı. Fatma qışqırmadı, heç gözlərindən yaş da çıxmadı. On övladının atası, sevimli ömür-gün yoldaşı Novruzu bu qaniçənlərin arasında qoymamaq üçün irəli yeridi, var qüvvəsini toplayıb, onu sürüməyə başladı. Fatma nə şaxtanı hiss edir, nə tankların səsini eşidirdi. Bayaqdan ürəyini didən qorxu, həyəcan hissləri də yo-xa çəkilmişdi. O, çox güclüydü. Sanki uşaqların hamısının gücü-qüvvəsi canına hopub: “atamızı bizə çatdır” – deyə, hayqırırdı. Birdən burnuna yarpız ətri gəldi. O təəccübləndi. Fevral ayında, dizə qədər qarın içində bu yarpız hardaydı, axı? Anladı ki, bu, onun xəyalına gələndir. Evlərinin yanındakı yarpızlı çay kənarını, göy çəmənlikdə öz uşaqlarını elə aydın görürdü ki, gerçəkliyi unutmuşdu.
    Bu xatirələr ona elə şirin gəlirdi ki!…
    Erməni dilində kobud səslə deyilmiş sözlər onu diksindirib, xəyallardan ayırdı. Elə həmin an güclü təpiyin zərbəsindən dünya başına fırlandı, özünü ayaq üstə güclə saxlayıb, ərinin cəsədindən daha möhkəm yapışdı. Ermənilər Fatma ananı əzizindən ayırıb, əsirlərin yanına apardılar. Xankəndiyə çatanadək onların başına gətirilən müsibətlərin sayı-hesabı yox idi. Xüsusilə qadınlara dözülməz işgəncələr verirdilər. Deyirdilər ki, bunlar yenə oğlan doğacaq, onlar isə silah götürüb bizi qıracaqlar. Vəhşi heyvanların arasında da görünməyən bir qəddarlıqla ermənilər hamilə qadınların bətnindəki günahsız körpələri çıxarıb süngüləyir, kişiləri ana və bacılarının gözləri qarşısında öldürüb, sonra cəsədlərini təhqir edir, qız-gəlinin başına yüz oyun açırdılar.
    Fatma ana deyir ki, əsirlikdə o, mexseti türklərinin arasında olmuşdu. İnsanlar ölümdən başqa heç nə gözləmədiyi məqamlarda onlar bir-birini qoruyur, bacardıqları qədər ətrafdakılara kömək edirdilər. Bir də deyir ki, o cür anlarda fiziki mövcudluğunu unudursan, nə aclıq hiss edirsən, nə yuxusuzluq, nə də soyuq.
    Bir neçə gündən sonra Fatma ananı və onunla birlikdə əsirlikdə olmuş bir neçə xocalılını Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyilə ermənilərin meyitlərilə dəyişdiriblər.
    Hazırda Fatma Zamanova övladları və nəvələrilə birlikdə Tərtərdə, Qaynaq kəndinin keçmiş fermasında məskunlaşıb. Xocalı aeroportunda polis nəfəri işləyən və aeroportun digər mühafizəçilərilə bərabər son ana qədər döyüşən oğlu Vaqifin övladı babası Novruzun adını daşıyır. Bu, atalarını torpağa tapşıra bilməyən övladlar və sədaqətli ömür-gün yoldaşı üçün bir təsəllidir. Nəvə Novruz hazırda hərbi xidmətdədir. Komandirləri ondan razılıq edirlər.
    Fatma ananın daim harasa uzaqlara dikilmiş kədərli baxışlarından bizə danışa bilmədiyi neçə-neçə qanlı hekayəti oxuduq.
    Sonda bircə bunu dedi:
    – Uşaqlar məni Bakıya aparmaq istəyirlər. Deyirlər ki, daha bəsdir fermada yaşadığın. Amma bu yerlərdən ayrıla bilmirəm. Hər bahar çöl-çəmən yaşıllığa bürünəndə, otların arasından yarpız ətri gələndə xoşbəxt və faciəli günlərimizi yenidən yaşayıram. Düşünürəm ki, ermənilər və onlara havadarlıq edənlər başı-mıza gətirdikləri bu müsibətlərə görə nə zamansa cavab verəcəklər?

    Svetlana BAĞIROVA
    10 fevral 2012

    Müəllif: Redaktor, 10:31

İsmarıclar bağlıdır.