UĞUR OLSUN, CƏNAB PREZİDENT!
Ölkəmizdə Zəfər seçkiləri başa çatdı. Xalqımız növbəti dəfə birlik nümayiş etdirdi. Azərbaycanın gələcəyini düşünən insanlar öz səslərini Qalib Liderə – İlham Əliyevə verdilər.
Dünya Azərbaycanın növbəti tarixi Qələbəsinin şahidi oldu. Seçkiləri izləyən xarici müşahidəçilər, media nümayəndələri ölkə üzrə bütün seçki məntəqələrində işlərin yüksək səviyyədə qurulduğunu, hər kəsin öz seçki hüququndan sərbəst istifadə etməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd etdilər.
Biz cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verdiyini qürurla izlədik. Məhz Xankəndidə! O şəhərdə ki, buradan qondarma respublikanın indi Azərbaycanın təcridxanalarında saxlanılan qondarma “rəhbərləri” sayaqlamalara bənzər çıxışları ilə beyinləri zəhərləyirdilər. “Dəmir yumruq” bunların hamısına birdəfəlik son qoydu. Düşmənin boş xülyaları tikdikləri keçilməz sədlər kimi darmadağın edildi. Torpaqlarımız öz sahiblərinə qayıtdı. Bizim hər birimiz xoşbəxtik ki, fevralın 7-də Azərbaycanın bütöv ərazisində keçirilən tarixi seçkilərin gedişini izləyə bildik. İzlədik və Xankəndidə, Füzulidə, Laçında, Xocalıda, işğaldan azad edilmiş digər şəhərlərdə insanların necə sevinclə, fərəhlə səs verdiklərinin şahidi olduq. Əlbəttə ki, bu mənzərəni seyr edərkən Müzəffər Ali Baş Komandan və onun ətrafında birləşən Azərbaycanın igid, vətənpərvər oğulları yada düşür. O oğullar ki, şirin canlarından keçdilər, ancaq bizə bu günlərin fərəhini, qürurunu yaşatdılar. İndi onların cənnətdəki ruhları azad Qarabağımızın üzərində rahat dolaşır, çünki düşmənin bütün pisliklərinə son qoyulub. İllərlə sərvətlərimiz istismar edilən torpaqlar tezliklə öz sahiblərinə qucaq açacaq. “Böyük Qayıdış” artıq başlayıb və uğurla, sürətlə davam etdirilir. Viran qoyulmuş kəndlər, şəhərlər göz önündə dəyişir.
O da qeyd olunmalıdır ki, düşmənin törətdikləri cinayətlər hələ tamamilə aşkar olunub, dünya ictimaiyyətinə çatdırılmayıb. Bu günlərdə Xocalıda faciə qurbanlarının cəsədlərinin tapılması bunun daha bir sübutudur. Digər tərəfdən ermənilərin basdırdıqları minalar hələ də faciələrə səbəb olur, canlar alır, gəncləri şikəst edir.
Biz cənab İlham Əliyevə səs verməklə narahat dünyamızda Azərbaycanın haqq səsini beynəlxalq arenada qoruya biləcək bir liderə səs verdik. Eyni zamanda ölkəmizin gələcək sosial-iqtisadi inkişafına, məqsədyönlü daxili və xarici siyasətə səs verdik. Elə bir siyasətə ki, həyatımızın bütün sahələrini əhatə edəcək, hər bir evə, hər bir ailəyə aid olacaq və bizə xoş, firavan günlər nəsib edəcək.
Qarşıda duran möhtəşəm vəzifələrin yerinə yetirilməsində dövlətimizin başçısı tək deyil. Xalq həmişə olduğu kimi, öz liderinin yanındadır. Xalq onu sevir və dəstəkləyir. Ona görə ki, 20 illik prezidentlik dövründə cənab İlham Əliyev bu inamı öz fəaliyyətilə qazanıb.
Ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də Prezident seçkiləri mütəşəkkil keçdi. Qarşıda bizi yeni quruculuq işləri gözləyir. Uğur olsun, cənab Prezident! Qəhrəman tərtərlilər Sizin ətrafınızda sıx birləşərək, ölkəmizin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.
Svetlana BAĞIROA