Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin kollektivi üçün “Heydər Əliyev ili” yaddaşlarda əlamətdar hadisə ilə qalmışdır. Məhz həmin il şagird və müəllim kollektivi rayon ictimaiyyəti ilə birlikdə gözəl, yaraşıqlı yeni məktəb binasının istifadəyə verilməsini qeyd etdi.
1974-cü ildə tikilmiş və müharibə nəticəsində dəfələrlə dağıntılara məruz qalmış 220 şagird yerlik binanın yerində Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik yeni bina inşa olunmuşdur. Məktəbin geniş akt zalı, idman zalları, bütün lazımi avadanlıqlarla təhciz olunmuş fənn kabinələri, laboratoriyaları, oğlan və qızlar üçün ayrıca 2 texnologiya kabinəsi, kitabxana və 60 yerlik mətbəxi var.
Məktəbdə yaşanan yüksək əhval-ruhiyyə növbədənkənar Prezident seçkiləri ərəfəsində daha da artaraq, fevralın 7-də böyük bir bayrama çevrildi.
Belə ki, burada yerləşən 5 saylı seçki məntəqəsində bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən bütün hazırlıq işləri görülmüşdür.
Məntəqənin sədri Arzu Babayeva deyir:
– Səhər saatlarından insanlar sevinc hissi ilə məntəqəyə gəlməyə başladılar. Özü də qeyd etmək istəyirəm ki, bu seçkilərdə yaşlı adamların da sayı əvvəlkindən çox idi. Hər kəs möhtərəm Prezidentimizə olan sevgi və ehtiramını məntəqəyə gələrək ona səs verməklə bildirmək istəyirdi.
Seçki məntəqəsinin katibi Aytən Quliyeva isə ilk dəfə səs vrerən Quluzadə Nicat Elşən oğlunun adını çəkdi. Bu tarixli seçkilərdə iştirak etdiyinə görə onun çox qürurlu olduğunu söylədi.
Seçki prosesi başa çatdıqdan və ilk nəticələr elan olunduqdan sonra müəllimlər cənab İlham Əliyevin yenidən Prezident seçilməsini çay süfrəsi arxasında qeyd etdilər.
“YENİ TƏRTƏR”