(Olmuş əhvalat)
Yaradanın sədasını qulaqlarında sırqa et! Özün heç nə yaratmağa qadir deyilsən. Elə isə yaradanın yaratdıqlarına ehtiyatla yanaş. Axı sən Tanrının yaratdığı ən ali varlığa–insana daha yaxınsan, ey təbib.
Havalar qarışıq, istili-tüstülü, ətraf qarışıq, davalı-şavalı, insanlar müxtəlif, imkanlı-imkansız. Talelər müxtəlif, çox bəsit–yarı xoşbəxt, yarı bədbəxt. Yarı sağlam, yarı xəstə, eh, daha nələr və necələr.
Uzra xəstəxanaya anası ilə gətirildi. Həkimi Ədari xanım ona cərrah yanına getməyi məsləhət gördü və beləcə gənc qadının yeni həyat hekayəsi başlandı. Qarın boşluğu cərrahiyyəsində son mərhələ–yayılmış irinli peritonit. Diaqnoz çox ağır idi. Təzəcə ailə qurmuş gəlin sol boru və yumurtalığından məhrum oldu. Yeddi günlük mücadilədən sonra sağlamlığa qovuşdu. Evə yazılarkən arxasınca yalnız gözü yaşlı, bir həftə ərzində saçı ağarmış, büzüşmüs, üzülmüş anası gəldi. Qızını ər evinə qaytarmadılar. “Bizə yarımcan gəlin lazım deyil”, – dedilər.
Aradan illər keçdi. Uzra anası ilə yenidən onu əməliyyat edən həkimin yanına gəlmişdi. Bu illər ərzində nələr olmuşdu. Uzra yenidən ailə qurmuş, ancaq bu ailə də onu qəbul etməmişdir. İkinci evdən qovulandan bir müddət sonra qarşısına çıxan insan ona evlənməyi təklif etmişdir. Uzra indi ailəlidir, ancaq yenə xəstədir. Xəstə müayinə edildi və sağ tərəfli boru hamiləliyi ilə cərrahi əməliyyata alındı. Sadə bir əməliyyat–daxili qanaxmanı dayandırmaq, deşilmiş borunu kənar etmək. Bu qədər. Ancaq gəlin məsələyə bir qadının taleyi baxımından yanaşaq. Bu əməliyyat onun ana olmaq istəyinə son qoyacaq. Bayırda isə gözü yaşlı ana–Amis, övlad sahibi ol-maq arzusu ilə yaşayan gənc həyat yoldaşı, əməliyyat otağında üzünü soyuq tər basmış, deşilmiş borunu əlində tutaraq düşüncələrə dalmış həkim. Qərar vermək həm asan, həm də çətindir. Həkim ona zillənmiş gözlərə, asistentin, əməliyyat tibb bacısının üzünə baxdı və elə bil öz-özünə hökm elədi: Borunu saxlayırıq, ancaq necə? Bacardığım kimi. Əməliyyat borunu uc-uca anostomozu və drenə edilməsi ilə başa çatdı.
Həkimlə ananın söhbəti: “Amis xanım! Uzranın taleyi bu gün də bizi görüşdürdü. Qızınızın bu günədək başına gələnlərin şahidi olmuşam. Bir həkim və bir insan kimi əməliyyatın gedişində xəyalımdan keçənləri sizinlə bölüşmək istəyirəm. Əgər bu borudan da Uzra məhrum olsa, artıq özünün hamilə qalmaq şansını itirəcək. Borunu maksimum qoruyub saxladım. Nə olar, olar. Allah kərimdir. Bu əqidə ilə əməliyyatdan çıxdım. Ancaq ümidim olduqca azdır”. Həkimi diqqətlə dinləyən gözü yaşlı Amis: “Həkim, təki balam sağ olsun. Kasıb komamı satmaqsa da, onun müasir təbabətin köməyi ilə ana olacağına əminəm”.
Bütün çətinliklərə baxmayaraq, üzündə daima uşaq gü-lüşü olan Uzra! Bu da gənc xanıma Allahın bir lütfü idi.
Əməliyyatın 5-ci günü gənc qadın evə yazılır. Ana 3-5 aydan sonra onu ana olmaq üçün mütəxəssis yanına aparmaq qərarındadır. Bu məqsədlə əməliyyat aparan həkimdən ona həkim seçməkdə yol göstərməsini istəyir. Həkimin dedikləri: “Mən bu ailəyə yol göstərməkdə çətinlik çəkirəm. Vasitəçi olmaq olduqca çətindir. İşin özü kifayət qədər maddi dəstək istəyir. Amis xa-nım isə bu meydanda təkdir. Hər dəfə bu xanımın zəngi gələndə bir bəhanə ilə mətləbdən yayınırdım. Etibar etdiyim həkimlər yay ayları ilə əlaqədar başqa ölkələrdə istirahətdədirlər. Bir az gözləyin və s.”. Əməliyyatdan təxminən üç ay keçmişdi. Amis xanım yenidən həkimə zəng edir: “Deyirəm, bəlkə qızıma bir daha baxasınız, özünü qəribə aparır”. Təkrar görüş, müayinə. Uzra hamilədir. Gözlərinə inanmayan həkim ağlayır. Ana, bala, həkim – heç kəs göz yaşlarını, heyrətini saxlaya bilmir. Tanrı çox qüdrətlidir. İnanmadığın yerdə gözlənilməyən uğur. Adi sosial şəraiti olmayan bu gənc ailəyə Tanrı öz əlini uzatdı. 3-cü əməliyyat, birinci keysəriyyə, Amis nənənin ilk nəvəsi dünyaya gəldi. Daha sonra kəskin öd daşı xəstəliyi diaqnozu ilə Uzra əməliyyat olundu. Bir müddət sonra dördüncü hamiləlik. Uzra deyir: “Qapı qonşu xanımla söhbət edirdim. Artıq hamiləliyin 6-cı ayında idim. Qonşum mənə: “Ehtiyac içindəsən, ancaq, yenə hamiləsən, nə bəxtəvərsən”, – dedi. “Az bir müddətdən sonra qarnımda qəfləti kəskin ağrı hiss etdim, yaxındakı qadın həkiminə müraciət etdim. Artıq döl bətnimdə ölübmüş”. Həkimin Uzra ilə 4-cü görüşü. Kiçik keysəriyyə əməliyyatı. Ananın həyatın xilas edildi. Həyat öz axarı ilə davam edir. Bir müddət sonra təkrar hamiləlik, normanl keysəriyyə–ikinci övladın dünyaya gəlməsi. Bundan iki il sonra xanım təkrar olaraq boru hamiləliyi diaqnozu ilə müraciət edir . Ailəyə 2 normal övlad bəxş etmiş kiçik ölçülü boru nəhayət kənar edilir. Bax belə, bu da nağıla bənzər həqiqət. Artıq Amis xanımın bir oğul, bir qız nəvəsi var. Əməliyyat aparılır və Uzra ailəsinə qovuşur. Tanrı bu qadına 6 hamiləlik bəxş etdi. Yalnız 2 sağlam övlada sahib oldu. Bütün bu hadisələr boyunca nə Uzranın göz yaşı göründü, nə də Amis xanım gileyçi oldu. Bu nağıla bənzər hekayə burada tamamlandı. Tanrı onu sevənlərindir!!!
Sona ƏSGƏROVA,
STMED klinikasının rəhbəri