Seçki məntəqələri səsvermə üçün hazır vəziyyətdədir
7 fevral 2024-cü il tarixə təyin olunmuş növbədənkənar Prezident seçkilərində 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə dairənin tərkibində 59 seçki məntəqəsi fəaliyyət göstərir. Mövcud seçki məntəqələrinin 2-si işğaldan azad olunmuş ərazilərdə – Ağdərə və Suqovuşanda yaradılıb.
Seçki məntəqələrində seçkilərə hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə uyğun aparılmaqla, məntəqələr səsvermə gününə hazır vəziyyətə gətirilib və seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqələri lazımi avadanlıqlarla, texniki və təşviqat vasitələri, təlimat və izahlarla tam təmin olunmuşdur.
Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə Dairə Seçki Komissiyasında qrafik əsasında treninqlər keçirilmiş, əyani surətdə seçki hərəkətləri komissiya üzvlərinin nəzərinə çatdırılmışdır.
Seçki məntəqələri üzrə 52553 nəfər seçici qeydə alınıb. Qeydə alınan seçicilərin 1402 nəfəri seçkilərdə ilk dəfə səs verənlər olmaqla, 10 nəfər isə 1-7 fevral 2024-cü il tarixlər üzrə 18 yaşı olanlardır. 3 nəfər isə səsvermə günü 18 yaşı tamam olan seçici vardır. 100 yaşdan yuxarı olan seçicilərin sayı 7 nəfərdir. Bunlardan ən yaşlı seçici 114 yaşlı Hacıqərvənd kənd sakini Quliyeva Səkinə Yunis qızı və 109 yaşlı Seydimli kənd sakini Həsənova Saran Daşdəmir qızıdır.
Seçki dairəsi üzrə səsvermənin gedişini izləmək üçün 11 seçki məntəqəsində VEB kameralar quraşdırılıb.
Siyasi partiyalar və öz təşəbbüsləri ilə namizədliyi irəli sürülən qeydə alınmış namizədlərin mənafeləri üçün müşahidəçi və məşvərətçilərin qeydə alınma prosesi davam etdirilir.
Namizədlərin təbliğat və təşviqatı üçün yerlər ayrılmşdır.
Seçki məntəqələrində seçicilərin seçki məntəqələrinə gəlməsini təmin edən bildirişlər yazılaraq məntəqə seçki komissiyalarının üzvləri tərəfindən hər bir seçiciyə çatdırılmışdır.
Nəticə etibarı ilə seçki məntəqələri səsvermə üçün hazır vəziyyətdədir.
Həmid MEHDİYEV,
DSK-nın sədri