Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    TORPAQDAN PAY OLMAZ

    Məktubu olduğu kimi dərc edirik

    Mən milliyətcə erməniyəm. Azərbaycanın tabeliyində olan Xan kəndində anadan olmuşam. Doğma Qarabağda baş verən hadisələr məni sonsuz dərəcədə sarsıdır. İki ildən çoxdur ki, uşaq da, böyük də gərgin vəziyyətdədir.
    Deyirlər həqiqət yer üzərində ən qalib, ən ye-nilməz amildir. Son iki ildə Azərbaycan xalqının başına gətirilən müsibətləri heç kəsə arzulamıram. Uydurulmuş “Qarabağ problemi” nəhayət 15-20 yanvar 1990-cı il faciəsinə gətirib çıxartdı. Faciəni törədənlər nə vaxt öz cəzalarını alacaqlar? Mətbuatda həmişə belə yazırlar: “Bir qrup erməni ekstremistləri”. Balam, bu bir qrup nə qədər güclü oldu ki, 200 minə yaxın azərbaycanlını öz evindən didərgin saldı, minlərlə azərbaycanlının qanını axıtdı? Nə vaxta qədər mərkəz birtərəfli çıxış edəcək? Mərkəz tərəfdən Qarabağ problemi həlledilməz bir problemə çevrilib. Arutyunyanlara bəsdir deyən olmadı. Nəhayət, Qarabağı bu vəziyyətə gətirib çıxardan Volski cənabları aradan çıxdılar.
    Azərbaycan xalqı yaxşı bilir ki, zaman ən acı məhkəmədir. İllər ötər, çox sular durular, tarix hər şeyə ədalətli hökm verər.
    Deyilənə görə, qədim zamanlarda Qarabağda bir Filənkəsyan yaşayırmş. O quldur ərizə yazıb özünü yetirir Yelizavetpol quberniya məhkəməsinə, bildirir ki, bə Xan kəndi və Xan bağı mənimdir. Qarabağ xanı çıxılmaz bir vəziyyətdə qalır. Xan fikirləşir nə edək? Xanın adamları deyirlər ki, bəs bir vəkil var, onu razı salsan iş düzələr. Vəkili tapıb gətirirlər xanın hüzuruna və işlə tanış edirlər. Vəkil azacıq fikirləşəndən sonra çox az bir məbləğ istəyir. O bildirir ki, məhkəmədə bir dəqiqə çıxış edəcək. Bəli, məhkəmə başlanır, hakim vəkili sorğuya tutur: “Cənabınızın müdafiəsi üçün etibar edilən işlə tanış oldunuzmu?” Vəkil başını tənbəl-tənbəl döndərib soruşur: “Hansı işlə?” Hakimin gözləri bərəlir, yenidən necə var hakim eynilə təkrar edir. Vəkil əlini sol qulağının arxasına qoyub soruşur: ”Zəhmət olmasa bərkdən deyin hansı işlə?” Salondakılar gülüşür, xanın isə rəngi qaralır. Hakim sualı hikkə ilə təkrar edir. Vəkil gözlərini geniş açıb deyir: “Mülklərin ki, adı Xan bağı və Xan kəndi ola, sahibi də əlbəttə, Xan olar. Filənkəsyanın heç bir iddiası ola bilməz”. Hakim yerə baxır və susur.
    Qarabağ Azərbaycanın döyünən ürəyidir. Düşmənin isə göz dağıdır.
    Torpaqdan heç vaxt pay olmaz.

    Evelina Bədirova,
    Sülh küçəsi, 23 nömrəli
    evin sakini
    12 iyun 1990-cı il
    “Qızıl Bayraq”

    Redaksiyadan: Sular duruldu, tarix hər şeyə ədalətli hökm verdi.

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.