Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Yan

    O gün, Şuşaya getdiyim gün mən sanki yuxuda idim. Artıq yola çıxmışdıq, Şuşaya istiqaməti göstərən yol nişanları biri-birini əvəz etsə də inanmağım gəlmirdi. İnanmağım gəlmirdi ki,  2021-ci ilin son günü mənə belə bir xoşbəxtlik nəsib olar, mən Şuşamıza səfər edəcək qrupa dəvət alacağam, dağların qucağına sığınan, 30 il övladlarının yolunu gözləyərək günlərini nisgil içərisində keçirən nadir incimizi, Şuşamızı görəcəyəm. Zəfər yoluna çıxdığımız an artıq bütün şübhələrim arxada qaldı. Bəli, biz, bir qrup vətəndaş cəmiyyətinin üzvləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mədəniyyət beşiyimiz, musiqimizin qibləgahı, Qarabağımızın döyünən ürəyi olan Şuşaya təşkil etdiyi  səfərdə iştirak edirdik. Bundan əvvəl Suqovuşana və Xudafərinə edilən səfərlərdə də hər birimiz çox həyəcanlanmış, ermənilərin işğal olunmuş ərazilərdə  törətdikləri vəhşilikləri görərkən erməni vandalizminin hüdudu olmadığına əmin olmuş, insanlıq əleyhinə yönələn bu vəhşilikləri pisləyən Bəyanat qəbul edərək beynəlxalq təşkilatlara və hələ də işğalçını dəstəkləyən dünya dövlətlərinə ünvanlamışdıq. İndi isə Zəfər yolu bizi Şuşaya aparırdı. O Şuşaya ki, onun hər bir azərbaycanlının qəlbində özəl bir yeri var, o Şuşaya ki, onun azad olunduğu gün hər birimizin gözündən bir damla yaş axdı, bu yaş Şuşa işğal olunan gündən bir qübar kimi gözümüzə dolub durmuşdu. O yaş sevinc göz yaşı idi, o yaş artıq bizə Qələbədən xəbər verirdi. Bütün Azərbaycan ayaq üstə idi, Ali Baş Komandanın Şəhidlər Xiyabanından verdiyi o xəbəri dinləyirdi. 44 günün ağırlığına mərdi-mərdanə dözən, müharibənin ən ağır anlarında belə özünü sındıqmayan Ali Baş Komandan ilk dəfə idi kövrəlmişdi və titrəyən səsi ilə xalqını müjdələyərək deyirdi:”Şuşa, sən azadsan, Şuşa biz səni azad etmişik!”

    Bir ildə reallaşan əfsanəvi layihələr

    2020-ci ilin 8 noyabrında işğaldan azad olunan Şuşa şəhərinə gedən yollar da bizə məxsus olmalı idi. Bizlər o yollarla həsrətində olduğumuz Şuşamıza rahat gedib gəlməli idik. Ali Baş Komandan qərar verdi:”Şuşaya yeni yol çəkilməlidir. Bu yol “Zəfər yolu” olmalıdır və sıldırım qayaları dırmaşaraq Şuşanı azad edən igid ordumuzun keçib getdiyi ərazidən çəkilməlidir.” 2020-ci ilin noyabrın 16-da Prezidentin təməlini qoyduğu Füzuli-Şuşa avtomobil yolu bir il müddətində tamamlandı. Yol-tikinti təşkilatları mümkünsüzü mümkün etdilər, dağlardan, keçilməz qayalardan, təhlükəli aşırımlardan Şuşaya elə bir yol çəkdilər ki, büna heyran qalmamaq mümkün deyildir. 2021-ci ilin noyabr ayının 7-də yolun rəsmi açılışı oldu. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, XocavəndXocalı və Şuşa rayonlarının ərazisindən keçir.

    Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. Yeni yol iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilmişdir. Yol boyu irəlilədikcə, xaraba qalan yurd yerlərimizi gördükcə insanı vahimə basır. Dönə-dönə özümə verdiyim suala cavab tapa bilmirəm,”bu yurd yerlərini belə viran qoyacaqdınsa, o torpaqları becərmiyəcəkdinsə, heç nə qurub yaratmayacaqdınsa (zatən buna gücün də yox idi) niyə işğal edirdin və bu gün də o tamahından əl çəkməmisən.”  Fədakar yol işçiləri bu gün də çalışırlar, onlar dağların altından çəkiləcək nəhəng tunellər üzərində işləyirlər. Bütün diqqətimizlə keçdiyimiz yerləri bəlli edən yol nişanlarını oxumağa çalışırıq, çünki, yanız o yazılar bu dağıntaların arasında bələdçimiz ola bilir.

    Dağın ətəyində yazılan bir yazı diqqətimi cəlb edir. Bu, Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində yerləşən  Azıx mağarasına gedən yolu göstərən yazı idi. Bizim proqramımızda Azıx olmadığı üçün burdan sürətlə uzaqlaşırıq, çünki, Şuşaya zamanında çatmalı, vaxtımızın çox hissəsini orada keçirməli idik. Lakin Azıx mağarası ilə bağlı bir xatirəmi danışmaya bilmirəm. Müharibə yenicə qurtarmışdı. Hələ də hərbçilərimizdən keçdikləri döyüş yolu barədə ətraflı məlumat ala bilmirdik, onlar bu əməliyyatları necə məxfi həyata keçirmişdilərsə elə də məxfiliyi uzun müddət qoruyub saxladılar. Şuşa fatehlərindən biri ilə söhbətim zamanı mənə Azıx mağarasına çatdıqları zaman çəkdikləri videonu göstərdi. Bu videoda onların Azıxı görməklərinə necə sevindiyini görməyimlə yanaşı çiyinlərindəki ağır yükdən, gəldikləri uzun yoldan necə yorğun olduqlarını da görmək aydınca mümkün idi. Bundan sonrakı keçilməz meşələri, sıldırım qayaları gördüyümüzdə mən  xüsusi təyinatlılarımızın qəhrəmanlıqlarını təsəvvür edə bildim. Şuşa necə əzəmətlidirsə, onu azad edən oğullarımız da o əzəmətə layiq bir əməliyyatı həyata keçirməklə bütün dünyanı heyrətə sala bildi.

    Şuşam, mənə bir nəğmə de

    Dağlar aşdıq, dərələr keçdik, Şuşaya çəkilən “Zəfər yolu” artıq bizi mənzil başına gətirmişdi. 2021-ci ilin dekabr ayının 29-u saat 12 tamamda biz Şuşada idik. Şuşaya daxil olduğum andan qəlbimdə nisgilli bir çırpıntı başladı. “Doğurdanmı mən Şuşadayam? Doğurdanmı bu viran qoyulmuş şəhər Şuşadır? Heç olmasa Şuşaya qayğı göstərəydilər. Bu necə istəkdir? Bu necə qeyri-insani yanaşmadır. Bunun bir adı var, o da vəhşilik və vandallıqdır.”  Cıdır düzündə yallı gedən, bütün dünyanı üstümüzə durğuzan quduz itləri iti qovan kimi qovmaq lazım idi və nər biləkli, cəsur döyüşçülərimiz belə də etdilər.

    Şuşama onun hüsnünə layiq sözlər yazmaq istəyirəm, lakin hisslərim o qədər qarışıqdır ki, içindən ən yaxşısını seçməyi belə bacarmıram. Yavaşca pıçıldayıram:”Şuşam mənə bir nəğmə de”. Sanki səs eşidirəm “düz 28 il susdum, heç bir nəğmə oxumadım, o nəğməmi azad olunduğum gündən dinləndirmişəm. Cıdır düzünə get, Şuşa qalasına qalx, hər yerdə nəğmələrimi eşidəcəksən. ”

    Cıdır düzü, atlarına qovuşdunmu?

    İlk tanışlığımız Cıdır düzündən başlayır. Bu müqəddəs məkan Şuşa fatehlərinə ilk qucaq açan yerdir. Onun qayadaşlarının altında Daşaltı kəndidir. Buradan Şuşaya yol açmağa çalışan neçə-neçə igidimizə məzar yeri olub Daşaltı kəndi. Bu dəfə isə o qayalarla dırmaşan igidlərimizə Cıdır düzü özü qollarını açıb. Onların qayalardan yapışan əlləri ordan qopmasın deyə özü o əlləri bərk-bərk tutub saxlayıb. Çünki, bu son döyüş olmalı idi. Çünki, bu zəfər döyüşü olmalı idi. Cıdır düzü öz əvvəlki cəh-cəlalına qayıtmalı idi. O qayalıqlarda dayanaraq bunları düşünmək, çox qürurverici idi. Dağlar nə qədər əzəmətli idisə qələbəmiz də bir o qədər möhtəşəm idi. Ayağım altındakı qaya daşının dibinə nəzər yetirirəm, qış olmasına baxmayaraq orada açan Xarı bülbül çiçəyini görəcəyimə ümid edirəm. O çiçəyi görmürəm, amma onun nəğmələrini eşidirəm. Xarı bülbül festivalından qopub gələn, milli birliyimizin rəmzi olaraq müxtəlif dillərdə oxunan nəğmələrin təranələri gəlib dolur qulağıma. Cıdır düzündə keçirilən bu festival necə möhtəşəm idi. Cənab prezident isə bəyan edir: “bu qələbəni Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bir yumruq kimi birləşərək qazanıb.”

    Cıdır düzü, tovla-tovla kəhər atların sənin köksündə ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı şövqlə dördnala çapdılar. O gün burada təşkil olunan göstəri çox möhtəşəm idi. Sənin simvolun kimi atlarından biri də ali qonağa hədiyyə edildi. Sən öz əzəmətini sənə qaytaranlara nəğmələrini belə deyirsən. Cığırların Boz atlarının oylağı olsun, çəmənlərin xarı bülbül sevdalısı olsun, göylərinə hər zaman muğam səsi ucalsın, qarşı dağın dumanı heç əskilməsin, Cıdır düzü!

    Ruhu şad olan şairimiz

    Cıdır düzündən ayrılıb M.P.Vaqifin məqbərəsinə gəlirik. Vəhşilər məqbərəni dağıdıb qiymətli nə varsa talan etmişdilər. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şerimizin xiridarlarından olan şairin məzarı üzərində inşa edilən məqbərə Ulu öndərimizin təşəbbüsü ilə tikilmiş və şairin xatirəsi əbədiləşdirilmişdi. Şuşa azad olunduqdan sonra burada həyata keçirilən abadlıq, quruculuq işlərindən biri də Vaqifin məqbərəsinin yenidən bərpa olunması idi. Məqbərəni ziyarət edirik, xatirə şəkilləri çəkdiririk. Vaqif tarixdə təkcə şair kimi deyil, görkəmli və müdrik dövlət xadimi kimi qalmışdır. Çünki o, Şuşa xanı Pənahəli xanın vəziri olmuşdu. Əziz Şuşam, bu nəğmən də gözəl idi, onu sevə-sevə dinlədim.

    Şuşanın baş küçəsində Qarabağ şikəstəsi

    Aşağı Gövhərağa məscidi şəhərin mərkəzi küçəsindədir. Məscid təmir olunub. Şuşanın işğaldan azad olunduqdan sonra ilk görüntüləri məhz, bu məsciddən olmuşdu. Fatehlərimiz məscidi süpürüb təmizləyir, işğalçının murdar izlərini bu müqəddəs məkandan təmizləməyə çalışırdılar. Məscidin minarəsində üç rəngli bayrağımız dalğalanırdı. Məsciddən azan səsi ucalanda sanki, bütün əzablarımızı unutmuş kimi olduq. İndi, məscidi ziyarət etdiyim bu anda həmin hissləri bir daha yaşayıram.

    Şəhər gəzintisini buradan piyada davam etdiririk. Bir qədər irəlidə işğaldan azad olunan gündən gəlib burada çörək sexi açan fədakar insanlarla görüşürük. Onlar buradakı hərbçilərimizi və çalışan insanları təzə çörəklə təmin edirlər.

    Ondan irəlidə isə güllələnmiş heykəllərin yerləşdiyi meydan var. Şuşa hər zaman Azərbaycan mədəniyyətinə görkəmli insanlar bəxş etmişdi. Üzeyirin, Natəvanın, Bülbülün heykəl büstlərini Azərbaycan dövləti işğalçının murdar tacirlərinin əlindən necə alıb gətirdiyini nəql etmək fikrim yoxdur. Əsas odur ki, onlar öz doğma ocaqlarına qovuşublar. Onların üzərindəki hər güllə nişanəsi isə hər daim bizlərə erməni vəhşiliyinə qarşı ayıq-sayıq olma dərsi verəcəkdir.

    Şuşa Bəyənnaməsinin imzlandığı yer, Şuşa qalası, Bülbülün ev muzeyi, ümumiyyətlə Şuşada olduğumuz 4 saat ərzində gördüklərimiz bizim təəssüratlarımıza bir dünya qatır. Yəqin ki, o təəssüratlarımı ayrıca qələmə alacağam. Şuşam bütövlükdə hələ oxunmamış bir nəğmədir. Biz gəlmişik, gəlmişik ki, o nəşmələrə xoş avaz verək, onu yazacaq Şuşalıları dilə gətirək. Elə bu vaxt hamımız qulağımızın yanında zəngulə vuran xoş bir avaza tərəg çevrilirik. Səfər yoldaşlarımızdan, gənc Qarabağlı balasıdır. Qarabağ şikəstəsini zilə çəkmişdi. Şuşanın üzü gülürdü, çünki, onun səsi özünə qayıtmışdı.

    Mədəniyyət ilindən Şuşa ilinə

    2021-ci il Şuşa şəhəri mədəniyyət mərkəzi elan olunmuşdu. Şuşa bir çox mədəni-kütləvi tədbirlərə ev sahibliyi etdi. Dekabrın 31-də Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib:”Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm.”

    “Şuşa İli”n mübarək, əziz Şuşam. Sənin övladların sənin cəlalını hər vaxt artıracaqdır, buna şübhən belə olmasın. Sən ucasan, sən nəğməsən, sən bizimsən. “Şuşa İli”ndə yəqin ki, mən də bir daha sənə qayıdacağam. Görüşənədək, deyirəm, əziz Şuşam! Xatirəni əziz saxlayacağam, söz verirəm! Çünki, sən qəlbimdə hələ bəstələnməmiş bir nəğməsən!

    Elmira Mehdiyeva,

    “Yeni Fikir” Jurnalist Həmrəyliyi

     İctimai Birliyinin sədri

     

    Müəllif: Redaktor, 14:02

İsmarıclar bağlıdır.