Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib.
Dövlət başçısı bildirib ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.
Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.
1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.
Prezident İlham Əliyev deyib ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.
Ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük.
Dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur.
Beynəlxalq aləmin əsas oyunçuları bizi ittiham etməyə, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Odur ki, biz ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir.
Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.
Qeyd olunub ki, xalqımızın bütün təbəqələri öz işi ilə Qələbəni yaxınlaşdırırdılar. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı.
Danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək.
8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur. Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik.
23 aprel hadisələri çox önəmli bir tarixdir. 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik.
Dövlət başçısı bildirib ki, Azərbaycan bütün əraziləri və yaşayış məntəqələri özü bərpa edir. Zabux kəndində ermənilər tərəfindən tikilmiş bütün evləri biz sökdük, yerlə-yeksan etdik və Zabuxda indi yerləşən Azərbaycan vətəndaşları bizim tərəfimizdən tikilmiş evlərdə yaşayırlar.
Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar.
Xankəndidə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, bizim şərtlərimizi onlar müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik.
Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salan dövlət başçısı deyib ki, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. Prezident Makronun Praqadakı görüşdə iştirakına razılıq verdik və başqa səviyyələrdə də təmaslar oldu – həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də bizim nümayəndələrin səfərləri. Yəni, münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı.
Fransada Natəvanın heykəlinin təhqir edilməsi vandalizm aktıdır. Burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər.
Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir.
10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər.
Azərbaycandan Azərbaycana heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir.
Prezident İlham Əliyev bildirib ki, seçkilər bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır.
Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.
Tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır.
Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır.
Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik.
Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq.
Diqqətə çatdırılıb ki, bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir.
İkinci Qarabağ müharibəsi başa çatanda bir vakuum yaradılmışdı və heç kim bilmirdi ki, bundan sonra nə olacaq. Çünki doğrudan da çox unikal bir situasiyadır və o zaman məhz Azərbaycan tərəfi bu boşluğu doldurmaq üçün təklif elədi ki, sülh müqaviləsi olmalıdır. Hər halda danışıqlar başlanmalıdır.
Azərbaycan məlum beş prinsipi rəsmiləşdirdi və bu prinsiplər əsasında faktiki olaraq danışıqlar başlamışdır.
Ermənistan və onun arxasında dayanan bəzi ölkələr mütləq Qarabağla bağlı mövzunu sülh müqaviləsinə salmaq istəmişdilər, xüsusilə status məsələsini. Həm Ermənistan, həm də onun havadarları çalışırdılar ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri də müqaviləyə salınsın. Biz isə deyirdik ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir.
Ermənistan 70 gün ərzində bizim təklifimizə cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndən sonra təklif verdilər və hazırda onların təklifində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni, bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb – məhz sentyabr əməliyyatından sonra.
Ermənistan istəyir ki, sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır.
Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.
Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və Azərbaycan hər zaman öz şərtlərini açıq şəkildə səsləndirirdi. Separatçılar bizim torpağımızdan çıxmalıdır və bunun tarixini verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq.
İnvestisiya Proqramı bərpa işlərinin əsas alətidir. Beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə təsdiq olunacaq. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.
Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək.
Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur.
İcra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq. Bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk.
140 min keçmiş köçkün yaxın üç il ərzində öz dədə-baba torpaqlarına qayıdacaqdır. Hədəfimiz 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Bütün bunlar daxili imkanlar hesabına edilir.
Özəl sektor Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymalıdır.
Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır.
Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır.
Qeyd olunub ki, Azərbaycanın mövqeyi çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır.
Bütün anklavlar qaytarılmalıdır. Anklav olmayan işğalda qalmış dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir.
Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Sülh müqaviləsi imzalanmalıdır, delimitasiya prosesi isə davam etməlidir.
Prezident deyib ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamalıyıq. Bir çox aparıcı keçmiş neft şirkəti hətta öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər və getdikcə yaşıl enerjiyə tələbat artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər.
Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb.
Qoşulmama Hərəkatın yaranmasının təməl prinsiplərini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük. Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni, bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub.
Belə ki, biz Hərəkatın cəmi 10 il üzvü olduqdan sonra onun sədri seçildik. Bu səbəbdən bir neçə təşəbbüs irəli sürdük və onlar dəstəkləndi. Parlament, gənclər, qadın platformaları da belə yarandı. Bütün bunlar Hərəkata yeni nəfəs verdi və biz bir neçə sammit və nazirlər səviyyəsində tədbirlər keçirdik.
Azərbaycan COVID-ə qarşı olan vaksin milliyyətçiliyi ilə bağlı fəal mövqe nümayiş etdirdi. Ölkəmizin fəallığı Hərəkata yeni impuls verdi.
Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində COP29 Azərbaycanda keçiriləcək. Qonaqların sayına görə bu, ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq.
Sonda cənab İlham Əliyev bildirib ki, gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.