Xoşbəxtəm ki, o dahi insanla bir neçə dəfə görüşmüşəm
1923-cü il 10 may tarixində dünyaya bir uşaq gəldi. Amma heç kim bilməzdi ki, bu uşaq Azərbaycanın dahi şəxsiyyəti Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev gəncliyindən liderlik xüsusiyyətləri ilə yoldaşlarından fərqlənib, hər yerdə rəhbərliyi öz üzərinə götürüb. Daim öz üzərində çalışıb.
Cəsarəti və qorxmazlığı iş sahəsində də özünü göstərib. Qısa müddətdə dövlət orqanlarında məsul vəzifələrə irəli çəkilib.
SSRİ imperiyası dövründə azərbaycanlı gənclərin dövlət orqanlarında çalışmaları müşkül idi. Heydər Əliyev cəsarəti, intellektual səviyyəsi, iş bacarığı sayəsində qarşıya çıxan bütün maneələri aşaraq yüksəlişə doğru irəliləyirdi. Yüksək biliyə sahib olması onu Dövlət Təhlükəsizlik orqanında ən yüksək vəzifəyə – Azərbaycan SSR-də Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirdi. Qısa müddətdə peşəkarlığı, işgörmə bacarığı qiymətləndirilərək 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komutəsinin birinci katibi vəzifəsinə seçiməsinə səbəb oldu. Bundan sonra Azərbaycan SSR aqrar respublikadan tədricən sənaye respublikasına çevrilməyə başladı. Heydər Əliyev milli kadrların yetişdirilməsinə xüsusi önəm verirdi. Onun respublikada gördüyü işlər Azərbaycan ictimaiyyətinə məlumdur. Bir faktı bildirmək istəyirəm ki, onun 1969-1982-ci illərdə 220-dən artıq zavod və fabrik tikdirməsi bugünkü Azərbaycanın təməlinin möhkəm olmasına zəmin yaratmışdır. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində götdüyü işlər danılmazdır. Dahi şəxsiyyət Heydər Əliyev SSRİ imperiyasında yeganə azərbaycanlıdır ki, SSRİ rəhbərlərindən biri olmuşdur. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü olmuşdur. Bu, Azərbaycan xalqının qələbəsi idi. Artıq xalqın içərisindən öz lideri yetişmişdir. Ümummilli Liderimizin dünyanın siyasi xadimləri tərəfindən tanınması Azərbaycanın tanınması demək idi.
1990-cı illərdə SSRİ imperiyasının süqutu, yüni müstəqil dövlətlərin yaranması prosesi başlayanda, Azərbaycan da öz dövlət müstəqilliyini elan etdi. Bu elə bir dövr idi ki, erməni millətçiləri açıq mübarizəyə başlamışdılar. Ərazilərimizin 20 min kvadratkilometr ərazisi işğal olunmuş, 1 milyondan artıq soydaşımız dədə-baba yurdlarından zorla qovulmuşdular.
Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin xüsusi çəkisinin, siyasi savadının, qətiyyətinin olmaması ölkəni hətta vətəndaş müharibəsi astanasına gətirdi. Belə ağır şəraitdə ölkəyə cəsarətli, savadlı, uzaqgörən şəxsiyyət, lider lazım idi. Bu şəxsiyyət Heydər Əliyev idi. Xalq üzünu ona – dahi şəxsiyyətə çevirdi və təkidli tələblə hakimiyyətə gətirdi. Onun gəlişi xalqa güvənc gətirdi, ölkədə sakitlik, əmin-amanlıq başladı. Bütün sahələrdə normal iş rejimi bərqərar oldu. Atəşkəs elan edildi. Quruculuq dövrü başladı. Müstəqil Azərbaycan dövlətinin təməli möhkəmləndirildi.
1998-ci il Prezident seçkilərində az da olsa mənim də xidmətim olub. O dövrdə hər bir namizəd üçün seçki qərargahı yaradılmışdı. Xoşbəxt adamam ki, prezidentliyə namizəd Heydər Əliyev üçün yaradılmış qərargahda üzvlərdən biri də mən olmuşam. Qərargahın sədri rəhmətlik Hilal Bayramov, təbliğat-təşviqat şöbəsinin müdiri mən olmuşam. Demək olar ki, Tərtər rayonunun bütün kəndlərində, qaçqın düşərgələrində olmuşam, insanlarla söhbətlər aparmışam və onların fikirlərini öyrənmişəm. Əhali yekdilliklə Heydər Əliyevə səs verəcəyini bildirmişdi. Əhalinin ona dəstək olacağını bildirməsi ölkə içərisində özünün qazandığı hörmət və nüfuzun bariz nümunəsidir. Həmin il – yəni 1998-ci ildə prezidentliyə namizəd Heydər Əliyevin seçicilərlə görüşü Bərdə rayonunda təşkil olunmuşdur. Həmin görüşdə Tərtər rayonunun seçiciləri də iştirak edirdi və mənə Tərtər rayon seçiciləri adından söz demək imkanı verilmişdir. Xoşbəxt adamam ki, Heydər Əliyevlə yanaşı dayanmışam və qarşısında çıxış etmişəm.
1998-ci il Bakı şəhərində Motodromda Ümummilli Liderin seçicilərlə görüşündə ra-yondan gedən 50 nəfərdən biri mən olmuşam və Tərtər rayonu adından məktubu mən təqdim etmişəm. 2003-cü il Prezident seçkilərində Ana Vətən partiyasının may ayının 4-də keçirilən IV qurultayında Heydər Əliyevin namizədliyi irəli sürüləndə mənə də söz demək imkanı verildi. Həmin çıxışımda bildirdim: “Heydər Əliyev nəinki Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, ey-ni zamanda Azərbaycan xalqının Ümummilli Lideridir”. Bunları deməkdə məqsədim o deyil ki, fədakarlıq etmişəm. Məqsədim odur ki, kiçik bir ölkədən dünya səviyyəli Lider çıxmış və ölkəmizi dünyaya tanıtmışdır.
Dahi Lider Heydər Əliyevin qoyduğu təməl üzərində qurulan ölkəmiz aqrar ölkədən inkişaf etməkdə olan ölkəyə çevrilmiş və inkişaf edir. Onun ruhu şaddır ki, 30 il işğalda olan ərazilərimiz azad olunub, ərazi bütövlüyümüz təmin olunub.
Allah Sizə rəhmət etsin, dahi Lider, Sizin davamçınız olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi inkişaf etdirir. Azad olunmuş rayonlarımızda abad şəhər, ağıllı kəndlər inşa olunur, dağıdılmış infrastruktur yenidən qurulur.
Ölkənin nicatı düzgün seçimdədir. Fəxr edirik ki, Heydər Əliyev kimi Ümummilli Liderimiz, İlham Əliyev kimi Prezidentimiz var.
İmran Məmmədov,
Kəngərli kənd tam orta
məktəbinin direktoru