Azərbaycanla qürur duyuruq!
Mən qəhrəman Tərtərdə doğulub, boya-başa çatmışam. Şəhər 1 saylı tam orta məktəbin rus bölməsini bitirmişəm.
Bundan sonra təhsilimi Ukraynanın paytaxtı Kiyev şəhərində davam etdirmişəm. T. Sevçenko adına Kiyev Dövlət Universitetinin məzunuyam. Bakalavr, maqistr və doktorantura təhsili almışam.
Uzun müddət Ukraynada yaşayıb, işləmişəm, hal-hazıtda isə Almaniyadayam. Berlin Şəhər Departamentində çalışıram.
Almaniyada həmyerlilərimiz çoxdur. Biz hamımız doğma Azərbaycanımızla, onun əldə etdiyi nailiyyətlərlə qürur duyuruq. Xüsusilə son illər qazanılan qələbələr, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.
Yaxşı bilirik ki, biz xarici ölkədə Azərbaycanın bir parçasıyıq, onun adət-ənənələrini, mədəniyyətini təmsil edirik. Odur ki, atdığımız hər bir addım buna uyğun olmalıdır.
İmkan olduqca Azərbaycana gəlir, valideynlərimi, qohumlarımı, dostlarımı ziyarət edirəm. Tərtərimiz çox dəyişib, gözəlləşib. Bu da təbiidir. Axı, hal-hazırda Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada quruculuq-abadlıq işləri aparılmasın.
Həmvətənlərimi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və qazanılan Böyük Zəfər münasibətilə ürəkdən təbrik edirəm! Hər kəsə cansağlığı və ruzi-bərəkət arzulayıram. Həmişə arzularımızda söyləyirdik ki, gün o gün olsun Qarabağa gedək. İndi o gün gəlib.
Odur ki, böyük qürur hissi ilə deyirəm: “Qarabağ Azərbaycandır”!
Vüsal ƏHMƏDOV,
Almaniya, Berlin