Şəhid ailələrinin ziyarəti davam edir
İllər ötsə də, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş oğullar unudulmur. Onlardan biri də I Qarabağ müharibəsi şəhidi Seymur Mobil oğlu Muradovdur.
Muradov Seymur Mobil oğlu 1970-ci il avqust ayının 28-də Tərtər rayonunun Xoruzlu kənd inzibati ərazi vahidinin Bayandurlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta məktəbində aldıqdan sonra 1988-1990-cı illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra “Oktyabr” kolxozunda kolxozçu işləyib. Qarabağ uğrunda müharibə başladıqdan sonra rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi “N” saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1993-cü il dekabr ayının 29-da Ağdərə rayonunun Dəstəgül kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidin anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bayandurlu kəndində onun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıb. Görüş zamanı qeyd olunub ki, Seymur Muradovun və onun silahdaşlarının başa çatdıra bilmədikləri işi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu başa çatdırdı. I Qarabağ müharibəsindən ötən illər ərzində Ümummilli Liderimiz Heydər Əliyevin ordu quruculuğu siyasəti sayəsində Azərbaycan Silahlı Qüvvələri möhkəmləndi, müasir silah və texnika ilə təchiz olundu. Bütün bunlar və Ordunun vətənpərvərlik ruhu möhtəşəm Zəfərimizi təmin etdi. Torpaqlarımız işğaldan azad olundu. Ona görə də bu gün bütün şəhidlərin ruhu şaddır.
* * *
Rayon rəhbəri YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Hacıqərvənd kəndində Vətən müharibəsi şəhidi Rəşad Hafiz oğlu Mirzəlinin anası Afidə Mirzəliyevanı 55 illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tətəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
Görüş zamanı Rəşad Mirzəlinin qəhrəmanlıqlarından, Vətən sevgisindən da-nışlıb. Bildirilib ki, Əfqanıstanda göstərdiyi şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən Rəşad evlərində “Şəhidlər guşəsi” yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıbmış.
Şəhid Rəşad Mirzəlinin valideynləri onlara göstərilən qayğı üçün möhtərəm Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib və deyiblər ki, ölkəmizin suverenliyinin, ərazi bütövlüyümüzün tam bərpası şəhid valideynlərinə bir təsəllidir. Bu gün onlar övladlarının qanı-canı bahsına azad edilmiş bu ərazilərə həm ürək ağrısı, həm də böyük qürur hissi ilə ayaq basırlar.
“Yeni Tərtər”