Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Dek

    Müharibənin 40-cı günü

    İntiqam Sarıyev Hacallı kəndində böyüyüb. Söylən kənd tam orta məktəbinin məzunu olub. Həqiqi hərbi xidmətə rayonumuzun Səfərbərlik və hərbi xidmətə çağırış məntəqəsindən yola düşüb. Bakı şəhərində daxili qoşunlarda xidmət edib. 2010-cu ildə hərbi xidmətini çavuş rütbəsi ilə bitirib doğma kəndinə qayıdıb. Ailəsinə təsərrüfat işlərində kömək etməyə başlayıb. Doğmalarının arzusu və özünün istəyi ilə toy çaldırıb, ailə həyatı qurub.
    Bu müddətdə hərbi xidmətdə olduğu anları unuda bilməyib, tez-tez xatırlayıb, yada salıb. Ürəyindən Orduya qayıtmaq, yenidən xidmət etmək keçib. Nəhayət, 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmyə qərar verib. Rayonumuzdakı hərbi hissələrdən birində motoatıcı bölüyündə manqa komandiri vəzifəsində xidmət etməyə başlayıb. Hərbin sirlərini təcrübəli komandirlərdən öyrənir və mükəmməl hərbçi olmağa can atırdı. Yaxşı bilirdi ki, torpaqlarımız yağı düşmən əlindədir, bir gün onları geri qaytarmaq üçün əmr veriləcək və belə də oldu. Mənfur ermənini susdurmaq, sərhədlərimizin bütövlüyünü bərpa etmək üçün nəinki Ordumuz, bütün xalqımız səfərbər oldu.
    2020-ci il sentyabr ayının 27-də İntiqam da Ordumuzun başqa zabit və əsgərləri kimi döyüşə qatıldı. Döyüş yolu Talış kəndi, Suqovuşan, Ağdərə istiqamətindən keçdi. Gündən-günə şiddətlənən döyüşün iştirakçısı oldu. Azad olunmuş yerlərin sayı artdıqca qürur hissi keçirərək, döyüşə daha ürəklə qoşulurdu. Şəhidlərimizi və yaralılarımızı görəndə təəssüf hissi keçirir, qəlbən pis olurdu.
    Döyüşün 40-cı günü idi. 530-cu yüksəklik istiqamətində döyüş davam edirdi. İntiqamgilin bölüyü öz mövqelərində hücuma keçmək anında qəfləti düşmən minamyotu hər şeyi alt-üst etdi. İntiqam minamyot qəlpəsindən sağ ayagından ağır yaralandı, başından kontuziya aldı. Onu Ağcabədi rayonunda yerləşən hərbi hospitala çatdırdılar. 10 gün orada müalicə götürdükdən sonra, mərkəzi hərbi hospitalda 5 ay ambulator müalicə götürməli oldu. Hazırda 3-cü qrup əlildir. Yevlax reabilitasiya mərkəzində, Gəncə Beynəlxalq xəstəxanasında müalicələrini davam etdirir.
    İntiqam Sarıyev müharibənin dəhşətlərini xatırlayaraq dedi:
    –Gözlərimin önündən heç getmir. Ermənilər 3-cü sovxoz istiqamətində tankımızı vurub yandırmışdılar. Yaxınlaşıb ekipajı xilas etmək istəyəndə iki nəfər hərbçimizin qucaqlaşaraq yandığının şahidi olduq. Birini, Cəlalzadə Cəlalı tanıdıq, digər şəhidi tanıya bilmədik. Hər ikisi yanaraq şəhid olmuşdular. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Onların canı-qanı bahasına torpaqlarımız alın-dı. Vətənimizin ərazi bütövlüyü bərpa edildi. Biz isə “ölümdən dönənlərik”.
    İntiqam müharibəyə gedəndə qızı İnci 4 yaşında, oğlu İlham 2 yaşlı idi. Hazırda İnci Söylən kənd tam orta məktəbində 1-ci sinifdə oxuyur. Zəfər gününün qazanılmasından, düşmənlə necə mübarizə aparıldığından ailəsinə, uşaqlarına söz açaraq: “Allah Vətənimizə bir daha müharibə göstərməsin”, – deyir.
    İntiqam Sarıyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Hazırda “Asan xidmət”də çalışır.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 13:13

İsmarıclar bağlıdır.