Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Dek

    Xankəndi şəhəri, 3-cü Paralel küçəsi, 62. Bu, Tahir Süleymanovun 1988-ci ildə tərk etdiyi evinin ünvanıdır. O vaxtdan bu evi hər gecə yuxularında görüb, darıxıb, kövrəlib. Əlinin zəhmətilə tikdiyi xoşbəxt yuvasını xatirələrində yaşadıb.
    Bu günlərdə Tahir ata oğlu Aslanla birlikdə qəzetimizə müsahibə vermək üçün qonağımız oldular. Öyrəndik ki, Tahir Süleymanov Xankəndinin Kosalar kəndində anadan olub. 1976-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Akademiyasını (İndiki Aqrar Universitet) bitirdikdən sonra Vilayət İcraiyyə Komitəsində aq-rar şöbədə böyük mühəndis kimi əmək fəaliyyətinə başlayıb.
    1977-ci ildə şəhər elektrik şəbəkəsində növbətçi mühəndis vəzifəsinə təyin edilib və düz 11 il – minlərlə azərbaycanlının həyatında ağır bir mərhələnin başladığı 1988-ci ilədək həmin vəzifədə çalışıb.
    Həmin ildən doğma şəhər, doğma ocaq azərbaycanlılar üçün təhlükə və ölüm ünvanına çevrilib.
    Tahir Süleymanovun dediklərindən:
    – 1988-ci ildən şəhərdə çox dəhşətli hadisələr baş verməyə başladı. Uzun illər birlikdə işlədiyimiz, qonşuluq etdiyimiz insanların əslində bizə düşmən olduqları məlum oldu. Evlərimizi daşa basır, yandırır, hər addımda zərbə vurmağa çalı-şırdılar. Yeri gəlmişkən, mən ermənilərin Xankəndini necə tərk etdiklərini gördüm və bunu özümüzün həmin şəhər-dən çıxmağımızla müqayisə etdim. Bizi silahlı insanlar zor-la öz yuvamızdan qoparıb qovurdular, əzab-əziyyət verir, öldürürdülər. Ermənilər isə öz xoşları ilə rahat şəkildə çıxıb gedirdilər. Bunu bütün dünya gördü. Mən deyərdim ki, həmin hadisələr arasındakı fərq iki xalqın mentaliteti, xarakteri, humanistliyi arasında olan fərqdir. Biz öz düşmənlərimizlə də insanlıq çərçivəsində davranmağı bacarırıq.
    Aslan Süleymanov:
    – Mən Xankəndidən çıxanda 3 yaşım vardı. Əlbəttə ki, körpə uşağın yaddaşında həmin yerlərlə bağlı heç nə qala bilməz. Ancaq doğma yurdumuza məhəbbət bizim qanımızda, canımızdadır. Sentyabrın 19-da Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror əməliyyatı, mən deyərdim ki, bütün Azərbaycan xalqının, xüsusən də məcburi köçkünlərin ömrünə ömür caladı. Artıq ailəmiz, atam, anam məcburi köçkün deyillər. Bu, çox möhtəşəm hissdir.
    Tahir kişi deyir ki, Qarabağdan gələn hər yeni xəbəri böyük sevinclə qarşılayırlar. O cümlədən Xankəndidə “Qarabağ” Universitetinin açılması xəbərini. Evlərinə qayıdacaqları günü isə səbirsizliklə gözləyirlər.
    Məcburi köçkünlük illərində Tahir Süleymanov üç oğul böyüdüb boya-başa çatdırıb, 7 nəvəsi var. Yenidən Tərtərdə ailəsi üçün ev tikdirib. 15 il rayonumuzdakı elektrik şəbəkəsi idarəsində işləyib. O deyir:
    – Çətin günlərimizdə tərtərlilər bizə dayaq oldular. İndi, çox şükür, çətin günlər arxada qalıb. Doğma şəhərimizə qayıtdıqdan sonra isə daha gözəl yaşayacağıq. Bu yaşımda mənə və bizim ailəmiz kimi didərginlik həyatı yaşayanlara belə xoş günlər qismət etdiyi üçün Uca Yaradana, sevimli Prezidentimizə və şəhidlərimizə borcluyuq.
    Beləcə daha bir ailə səbirsizliklə Böyük Qayıdışın növbəti mərhələsini gözləyir. Daha “o gün gələcək” demirik, “o gün gəlib” deyirik.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 12:53

İsmarıclar bağlıdır.