Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Dek

    Yasin Həsənalı oğlu Heydərov Ağdərə rayonunun Umudlu kəndinin sakinidir (mərhum el şairi Xalıqverdinin qardaşı oğludur). Hal-hazırda Yeni Qəsəbədə yaşayır. Hərbçidir. Ailəlidir. 3 oğul övladı var. Şeir yazır və saz çalmağı da bacarır. Aşağıda Yasin Heydərovun işğaldan azad edilmiş kəndinə həsr etdiyi iki şeirini oxucularımızın diqqətinə çatdırırıq.

     

    BU YERDƏ

    Gül-gülü çağırır, çiçək-çiçəyi,
    Tərtər zümzüməylə axır bu yerdə.
    Bağlarda bülbüllər səs-səsə verib
    Nəğməylə sükutu yaxır bu yerdə.
    Görənlər bu yerin olur heyranı,
    Qayada təkəni, dağda ceyranı,

    Göldə balıqların bilinməz sanı,
    Kəkliklər dəstəylə çıxır bu yerdə.

    Bu yer Umudludu, cənnətməkandı.
    Yasin həsrətliydi ona haçandı.
    Otuz üç il əvvəl burdan köçəndi,
    İndi bayrağını taxır bu yerdə.

     

    UMUDLUM

    İllərdi həsrətəm isti qoynuna,
    Ay mənim ürəyim, canım Umudlum.
    Qoy baxım doyunca, doyunca sənə,
    Özümü bəxtəvər sanım, Umudlum.
    Ay mənim ürəyim, canım Umudlum.
    Bir yanın Sərsəngdi, bir yanın dağdı.
    Qucağın çiçəkli, meyvəli bağdı.
    Bu görüş ömrümdə ən gözəl çağdı,
    Coşur damarımda qanım Umudlum.
    Ay mənim ürəyim, canım Umudlum.
     

    Gözəllik tacısan, görməyən bilməz,
    Meyvənin dadını dərməyən bilməz.
    Vüsalı sinəsin gəzməyən bilməz.
    Oğultək oduna yanım Umudlum.
    Ay mənim ürəyim, canım Umudlum.

     

    Azaddı bu yerlər, səda sal, Yasin.
    Silahı dincə qoy, sazı çal, Yasin.
    Burda doğulmusan, burda qal, Yasin.
    Əzəlim, bugünüm, sonum Umudlum,
    Ay mənim ürəyim, canım Umudlum.

    Müəllif: Redaktor, 10:59

İsmarıclar bağlıdır.