Ulu Öndər Heydər Əliyev öz həyatı barədə belə deyib: “Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur – mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə – doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.”
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi.
Həmin illərdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.
Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Ulu Öndər Heydər Əliyev keçmiş Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Ulu Öndərin doğma Vətənə qayıdışı ilə ölkəmizin yeni tarixi başlayıb. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub.
SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş, idarəetmə qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, ölkə hakimiyyətinin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.
Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir.
Atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır.
Yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər və hazırlanan Dövlət Proqramları bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.
Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır.
Ümummilli Liderin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.
Ulu Öndərin nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi.
Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir.
Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Ulu Öndər Heydər Əliyevin senzuranın ləğv olunması ilə bağlı qərarı ölkədə demokratik ənənələrin dərinləşməsinə xidmət edən tarixi təşəbbüsdür.
Ulu Öndər Heydər Əliyevin mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşləri və onun mövcud istiqamətdəki institusional təşəbbüsləri mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.
Müstəqil dövlətin yeni Konstitusiyası. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi.