Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Qəzetimizin 9 sentyabr 2022-ci il tarixli nömrəsində “Növbəti ad gününü Zabuxda qeyd edəcəklər” sərlövhəli məqalə dərc olunmuşdu.
    Məqalədə Laçının Zabux kəndindən olan və rayonumuzun Evoğlu kəndində müvəqqəti məskunlaşan Əlövsət Əliyevin ailəsindən bəhs olunurdu. O zaman Zabux kəndinin ermənilərdən azad edilməsi hamını, o cümlədən ailədəki nəvələri də çox sevindirmişdi və onlar doğma yerlərə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirmişlər.
    İndi budur, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Əlövsət kişinin 35 yaşında tərk etdiyi doğma yurd abadlaşdırılıb, burada müasir infrastruktur yaradılıb.
    İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biridir. Milli Prioritetlərin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət proqramının icrası mərhələli şəkildə həyata keçirilir.
    Zabuxa ilk köç karvanı avqustun 25-də gəlmişdir. Bu günlərdə isə Zabuxa köçürülmənin ikinci mərhələsində Əlövsət Əliyevin ailəsi də illər ərzində həsrətində olduğu torpağa ayaq basıb.
    Ötən ilin sentyabr ayında Evoğluda Əliyevlər ailəsinin qonağı olarkən, növbəti dəfə Zabuxda çay süfrəsi arxasında görüşməyimizi arzulamışdıq. Hələlik biz Laçına gedə bilməsək də, telefon əlaqəsi yaratdıq və Əlövsət kişinin titrək səsində nə qədər sevinc, nə qədər minnətdarlıq hisslərinin olduğunu hiss etdik. O dedi:
    – Doğma yerlərimizin havası, suyu cənnətdir. Bu cənnəti bizə yenidən bəxş edən cənab İlham Əliyevə sonsuz təşəkkürlərimizi bildiririk. Allah Prezidentimizi qorusun. Allah öz qanı, canı bahasına bu yerləri azad edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
    İndi dövlətimizin bizlər üçün yaratdığı bu rahat evlərdə didərginlik həyatının həm mənəvi, həm də fiziki yorğunluğu canımızdan çıxır. Özümüzü çox xoşbəxt hiss edirik.
    Əlövsət kişidən onu da öyrəndim ki, Zabuxda 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa olunub. Burada evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir.
    Büşarət ana isə söylədi ki, biz Zabuxdan çıxanda övladlarımız körpə idilər. İndi şükür, nəvə yiyəsiyik.Onların hamısı Laçını görməyi səbirsizliklə arzulayırdı. Mədinəyə isə babası söz vermişdi ki, Zabuxda ona ad günü keçirəcək. Yeni evimizdə ilk xeyir işimiz də elə bu olacaq.
    Zabuxa köç davam edir. Zabuxlular deyirlər ki, səhərlər yuxudan oyanıb dağları görəndə də, axşamlar günün batmasına tamaşa edəndə də şəhidlərimizə Allahdan rəhmət diləyirik.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:58

İsmarıclar bağlıdır.