Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Aşağıda dərc etdiyimiz məqalə 29 avqust 1989-cu ildə o zaman “Qızıl Bayraq” adı ilə nəşr olunan qəzetimizdə dərc olunmuşdu. Müsahibənin sonunda sevimli sənətkarımız Baba Mahmudoğlu bütün azərbaycanlıların ürəyindəkiləri ifadə edərək bildirmişdir ki, ən böyük arzusu Qarabağ torpağının üstünü almış buludların tezliklə dağılmasıdır. Təəssüf ki, Baba müəllimə və dünyasını dəyişmiş minlərlə soydaşımıza Qarabağın bugünkü xoşbəxt günlərini görmək qismət olmadı. Ruhları şad olsun!

    “Dastan” folklor ansamblı qonağımızdır

    Televiziya və radio verilişləri komitəsinin “Dastan” folklor ansamblı bu günlərdə rayonumuzun əməkçilərinin qonağı olmuşdur. Qəzetimizin əməkdaşı Svetlana Əzizova ansamblın rəhbəri Baba Mahmudoğlu ilə görüşərək, ondan müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik.
    –Baba müəllim, istərdik ki, söhbətimizin əvvəlində rəhbərlik etdiyiniz “Dastan” folklor ansamblı haqqında qısaca da olsa məlumat verəsiniz.
    –Məmnuniyyətlə.Bizim “Dastan” folklor ansamblı 1987-ci ildə Azərbaycan KP MK-nın təşəbbüsü ilə təşkil edilib. Ansamblın məqsədi hafizələrdən silinmiş, yaddan çıxmış Azərbaycan xalqının fundamental xalq mahnılarını, təsniflərini, aşıq mahnılarını radionun “qızıl fondu”na yazıb, gələcək nəsillərə çatdırmaqdır. Ağsaqqal, ağbirçəklərlə görüşərək onlardan eşitdiyimiz mahnıları yazır, sonra yenidən işləyib lentə alırıq.
    Ansamblımız gənclərdən ibarətdir. 16 nəfər üzvü var. Mənə elə gəlir ki, ansamblın üzvləri haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki onları tez-tez radio dalğalarında eşidir, televizorda görürsünüz. Xalidə Yaqublunun, Səfa Qəhrəmanlının adı yəqin Sizə yaxşı tanışdır.
    –Bilirik ki, ”Dastan” “Vətən” cəmiyyətinin xətti ilə bu yaxınlarda İsveçdə olub. Xahiş edirik, həmin səfəriniz barədə təəssüratınızı bildirəsiniz.
    –Bəli, ”Dastan” ilk səfərə İsveçdə yaşayan azərbaycanlılarla görüşlə başlayıb. İyun ayının 10-dan axırına kimi İsveç torpağında olmuşuq. İsveç möcüzəli və gözəldir. Adamları əməksevər və sakitdir.
    Dövlətin özünün quruluşu demokratik sosialist dövlətidir. Burada yaşayan azərbaycanlıların hamısı Cənubi Azərbaycandan olanlardır.
    İlk konsertimiz Stokholmun “Böyük konsert salonu”nda oldu. Bu salon 2000-dən çox adam tutur. Burada mən ilk dəfə həmvətənlərimizə sevimli müğənnimiz Rəşid Behbudovun öz dünyasını dəyişdiyini dedim. Sonra onun xatirəsinə müğənninin ifa etdiyi “Ana” mahnısını oxudum, salondakıların hamısı ağladı.
    Konsertlərimiz uğurlu keçdi. Hollandiyadan, AFR-dən, Danimarkadan, Finlandiyadan azərbaycanlılar, türklər və kürdlər konsertimizə baxmağa gəlirdilər.
    Stokholmda biz radio və televiziyanın türk şöbəsinin qonağı olduq. Onlara Güney Azərbaycanın iqtisadi, mədəni əlaqələri, ədəbiyyat və incəsənəti barədə məlumat verdik. Çıxışlarımız maraqla qarşılandı. Bir daha aydın oldu ki, Vətənimizdən çox-çox uzaqlarda da xalq mahnılarımız sevilə-sevilə dinlənilir. Çünki onlar xalqın təfəkkürünün məhsuludur. Musiqimizin bu vokal qolunun keşiyində durmaq isə bizim müqəddəs borcumuzdur.
    –Baba müəllim, heç orada yaşayan azərbaycanlıların evində oldunuzmu, onlar haqqında nə deyə bilərsiniz?
    –Əlbəttə, elə birinci Azərbaycan Mədəniyyəti Cəmiyyətinin rəhbəri Mövsüm Kərimlinin evində olduq. Həyat yoldaşı da azərbaycanlıdır. Uşaqları İsveç dilində oxuyurlar. Ancaq Azərbaycan dilini də bilirlər. Çünki evdə bu dildə danışırlar.
    –Gələcəkdə Sizi hansı səfərlər gözləyir?
    –Hazırda Kanadadan, Amerikadan, İngiltərədən və Türkiyədən dəvət gözləyirik.
    –Rayonumuza gəlişinizin məqsədi və təəssüratınız?
    –Məqsəd Dağlıq Qarabağ hadisələri ilə bağlı rayona köçmüş didərginlərlə görüşmək və onlara mədəni xidmət göstərməkdir. Artıq onların qarşısında çıxış etmişik. Maraqlı söhbətlərimiz, hadisələr haqqında fikir mübadiləmiz olub. Mən bu adamların timsalında Vətənə məhəbbət, milli qeyrət görürəm.
    Gəlmişkən fürsətdən istifadə edib, kənd əməkçiləri ilə də görüşmüşük. Lenin adına, Frunze adına kolxozların tarla düşərgələrində açıq konsertlərimiz olub. Hiss edirik ki, tərtərlilər xalq musiqisini ürəkdən sevirlər. Bunu ardı-arası kəsilməyən alqışlarda bir daha gördük.
    –Sözsüz ki, hər bir müğənninin özünün də bir sevimli müğənnisi var. Sizin sənətinə pərəstiş etdiyiniz müğənni kimdir?
    –Bülbül. O, böyük sənət korifeyidir. Biz ondan həmişə öyrənməliyik.
    –Baba müəllim, bəzən oxuyarkən gözlərinizi yumub səhnədə olduğunuzu sanki unudursunuz. Bunu nə ilə izah edə bilərsiniz?
    –Napoleonun bir sözü var: ”İncəsənət gözəllik qarşısında imtahan verməkdir”. Harada gözəllik varsa, orada incəsənət var. Obyektiv varlığın, materiyanın insan zəkasında ilk inikası gözlə başladığı üçün mən xarici mühitdən özümü təcrid edib, yox halına salıb o gözəlliyi görmək üçün gözlərimi yumuram. Bu za-man mən intibah dövrünün böyük rəssamları Leonardo De Vinçenin, Rəfaelin yaratmış olduqları mütləq mənalı gözəllikləri görürəm.
    Eşqi dərdinin dəvası qabili dərman deyil,
    Tərki-can deyirlər bu dərdin mütəq dərmanına.
    Bu beyt mənim sənət dünyamın epiqrafıdır.
    –Pərəstişkarlarınız üçün özünüz və ailəniz haqqında verəcəyiniz məlumatlar da maraqlı olardı.
    –49 yaşım var, Qazax rayonunun Muğanlı kəndində orta məktəbi gümüş medalla bitirmişəm. Sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olaraq oranı fərqlənmə diplomu ilə bitirmişəm. Bir müddət L.Şmidt adına zavodda xüsusi konstruktor bürosunda aparıcı konstruktor işlədim. Bu vaxt opera teatrında keçirilən müsabiqədə iştirak edərək birinci yeri tutdum. Zavodda işləyə-işləyə 8 il opera teatrında da iştirak etdim. İncəsənətə gəldikdən sonra təhsilimi Dövlət İncəsənət İnstitutunda davam etdirdim.
    Həyat yoldaşım Amalya kimya elmləri namizədidir. Qızım Aygün həkimdir. Oğ-lum Aydın SSRİ-nin 50 illiyi adına Azərbaycan Xarici Dillər İnstitutunda təhsil alır. Uşaqlarımın adının Aygün və Aydın olması Səməd Vurğun poeziyasına olan məhəbbətimin təcəssümüdür.
    –Ənənəvi bir sual: xoşbəxtsinizmi?
    –İnsan özü yaşaya-yaşaya öz əli ilə mənəvi dünyasının heykəlini bu dünyada qurub gedirsə, xoşbəxtdir. Mənim xoşbəxtliyim isə ondadır ki, xalqımın oğlu kimi sənətimlə onun incəsənətinin irəli getməsinə azacıq da olsa köməyim dəyir. Allahtalanın mənə verdiyi bu nemətdən çox razıyam.
    –Gələcək arzunuz?
    –Mənə elə gəlir ki, bütün azərbaycanlıların bir arzusu var: Qarabağ torpağının üstünü almış qara buludlar tezliklə dağılsın.
    –Müsahibə üçün çox sağ olun! Sizə və ansamblın üzvlərinə böyük sənət sevincləri arzulayırıq.

    Svetlana ƏZİZOVA,
    29 avqust, 1989-cu il
    ”Qızıl Bayraq” qəzeti

     

    Müəllif: Redaktor, 12:52

İsmarıclar bağlıdır.