Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxış edərək tədbir iştirakçılarını 17 noyabr–Milli Dirçəliş günü münasibəti ilə təbrik edib, onlara respublikamızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətlərində uğurlar diləyib.
Bildirib ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azər-baycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M. Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmurdular, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M. Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xal-qın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
1992-ci ildən 17 noyabr– Milli Dirçəliş Günü kimi qeyd olunur.
Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qaf-qazın lider dövlətinə, beynəl-xalq layihələrin təşəbbüskarına çevrildi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, cari ilin sentyabr ayının 19-da keçirilən antiterror əməliyyatları nəticəsində işğaldan azad edilmiş torpaqlarımız terrorçulardan təmizləndi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbayca-nın üçrəngli bayrağını Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə dalğalandırdı.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı.
Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qaraağacı kənd tam orta məktəbin direktotu Rəşad Qarayev, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Şıxarx 2 saylı tam orta məktəbin müəllimi Gülnar Vahidzadə və “Aztelekom”un Tərtər Rayon şöbəsinin əməkdaşı Adil Hüseynov çıxış ediblər. Qeyd olunub ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
1988-ci ilin noyabrın 17-də başlanan ümumxalq hərəkatı ölkəmizin 1991-ci ildə müstəqillik qazanması, 30 ildən sonra isə torpaqlarımızın işğaldan azad olunması ilə öz missiyasını başa vurdu.