41 gündən sonra həyata yenidən göz açıb
Məmişov Rəşad Ələsgər oğlu 1987-ci il sentyabr ayının 22-də Tərtər şəhərində anadan olub. Təhsilini 1 saylı tam orta məktəbdə alıb. 2005-ci ildə Tərtər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Naxçıvanın Culfa rayonunda keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra ürəyindən yenidən Vətənə xidmət hissi keçib. Nəhayət, 2014-cü ildə müddətdən artıq xidmətə yazılıb və Tərtər rayonu ərazisində müxtəlif hərbi hissələrdə xidmət etməyə başlayıb. Həmişə də verilən tapşırığın layiqincə yerinə yetirilməsinə çalışıb.
Başqa hərbçilərimiz kimi Rəşad da torpaqlarımızın düşmən əlində olmasından, insanlarımızın qaçqın-köçkün vəziyyətində yaşamasından hiddətlənirdi. Bir gün mənfur qonşularımız olan ermənilərin cavabını vermək məqamının çatacağını yaxşı bilirdi. Bilirdi ki, insanlarımız 30 ilə yaxın bir vaxtda yurd-yuvalarına həsrət qalıblar, bu həsrətə son qoymaq zamanıdır. 2020-ci ilin 27 sentyabrı həmin günün başlanğıcı oldu. Erməni terrorunun qarşısını almaq üçün Ali Baş Komandanın bircə əmri lazım idi. İnsanlarımızın həmrəyliyi ilə Ordumuz mənfur qonşularımızı susdurmağa qalxdı. Yüzlərlə oğullarımız Vətən torpaqlarını işğaldan azad etmək, əra-zilərimizi bütövlətmək üçün ölüm-qalım savaşına qoşuldu.
Rəşad Məmişov da savaş meydanına atılan igidlərimizdən biridir. Bu cəsur igidimiz artilleriya bölməsində kəşfiyyat manqa komandiri idi, həm də xidmətini top komandiri kimi davam etdirirdi. Onların postu Ağdərə istiqamətində yerləşmişdi. Artıq ikinci gün idi ki, qanlı döyüş gedirdi. Düşüncələr tarıma çəkilmişdi, məqsəd yalnız düşməni məhv etmək, torpaqlardan çıxarmaq idi. Hər tərəfdən od ələnirdi. Rəşad bu anda komandir kimi əsgərlərini düşünürdü ki, onlara heç nə olmasın. Ona görə əmr verir ki, yaxınlıqdakı səngərə tərəf getsinlər. Bu anda düşmən tərəfdən atılan mərmi ətrafı toz-dumana bürüdü. Nə baş verdiyini hiss etmədi Rəşad. Sanki həyatdan əli üzüldü, bəlkə də yaraların çoxluğundan, dəhşətli ağrıların təsirindən xəbərsiz oldu. Bir də gözünü açanda xəstəxanada olduğunu duydu. Rəşad bu barədə belə deyir:
– Mən döyüşün ikinci günü – sentyabrın 28-də ağır yaralanmışam, başımın arxa tərəfi dağılıb, bədənimin müxtəlif nahiyyələrindən xəsarətlərim olub. Heç nə hiss etməmişəm. Məni Bakı şəhərindəki hərbi hospitala yerləşdiriblər. 41 gündən sonra komadan ayılmışam. 6 ay orada müalicə götürmüşəm. Koma vəziyyətində məni 2 dəfə beyin əməliyyatı edib qəlpəni çıxarıblar, sonra ayılmışam. Yaddaşımda problem yaranıb. Artıq müharibədən 3 il vaxt ötüb. Hələ də ağrılarım davam edir. Müalicə və istirahət üçün əlaqədar müalicə mərkəzlərinə göndərilirəm. Lakin başımla bağlı şüalardan istifadə edə bilmirlər.
Rəşad ailəsindən, ehtiyaclarından, göstərilən qayğıdan da danışdı. Öyrəndim ki, o, müharibəyə qatılanda böyük qızı Nərminə 7 yaşlı, 2-ci qızı Nuray körpə idi. Zeynəb isə doğulmayıbmış. Hazırda Nərminə 5-ci, Nuray isə 2-ci sinifdə oxuyurlar. 1 saylı tam orta məktəbdə təhsil alırlar. Kirayə yaşayırlar. Evə çox böyük ehtiyacları var. Buna baxmayaraq, qazilərə göstərilən qayğıya görə dövlətimizə və rayon rəhbərinə öz minnətdarlığını bildirdi.
Rəşad Məmişov göstərdiyi şücaətlərə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və Baş nazir Əli Əsədovun sərəncamı ilə “Müharibə iştirakçısı” medalı ilə mükafatlandırılıb.
“Zəfər Günü” münasibətilə Rəşadın timsalında bütün qazilərimizi təbrik edib, sağlamlıqlarının bərpası üçün bol-bol səbr arzuladım. Axı, qazilərimizin sağlamlığının bərpası günümüzün aktual mövzularındandır.
Elfuzə VƏLİYEVA