BAŞ VERƏNLƏRİ UNUTMAMALIYIQ
Qafqaz regionu tarix boyu əsrarəngiz təbiəti, gözəl landşaftı, yeraltı və yerüstü sərvəti ilə zəngin, məhz bu səbəbdən təlatümlü, riskli, təhdidli olmuş, terror aktları kimi bəlalara məruz qalmışdır. Müəyyən müddətlər böýük güclərin mübarizə meydanı və mübahisə mövzusu olmuşdur. Qafqaz qlobal dövlətlərin tort qismində bölgü aspekti olduğu üçün şərti olaraq Cənubi Qafqaz, Şimali Qafqaz region ayrımcılığına uğramışdır. Analoji siyasət Koreya, Hindistan, Almaniya və s. dövlətlərin tarixində də öz əksini tapmışdır. Təbii ki, bu siyasət tarixi varisliyi özündə ehtiva edən “Parçala və hökm et!” kimi şüarın tərkib hissəsidir.
Cənubi Qafqazın hər mənada lider dövləti olan Azərbaycanın tarixi çox şərəfli, şanlı və məğrurdur. Eyni zamanda Vətənimiz çox müsibətli tarixi dalğaların hər birindən müəyyən itkilərlə çıxmış, XXI əsrdə isə əzəli torpaqlarını işgaldan azad edən bir dövlət kimi, mübariz sərkərdəsi İlham Əliyevlə dünya dövlətlərinə nümunə olacaq tarix yazan ölkə kimi qızıl hərflərlə yaddaşlara əbədi həkk olunmuşdu.
Azərbaycan tarixində isə ən böyük itki Qarabağ olmuşdur ki, artıq tarixi ədalət bərqərar olan bir dövrdə yaşayırıq. Qarabağın incilərindən biri də əsrarəngiz Umudlu kəndidir ki, əhalisi adı kimi ümidlidir, 7-dən 70-dək tarix boyunca hər biri ərazisini qorumaq üçün sinəsini sipər etmişdir.
Beləliklə, tariximizdə baş verən bu faciəli hadisələri dərindən öyrənərək, onlara siyasi qiymət vermək lazımdır. Zaman-zaman davam edən bu məqsədyönlü və məkrli siyasət dövrümüzə qədər davam etməkdədir. Bütün bunları tətqiq edib xalqa çatdırmaq olduqca vacibdir. Etiraf etmək lazımdır ki, sovetlər dövründə baş verən bu hadisələrin öyrənilməməsi, xalqa çatdırılmaması, təbliğ olunmaması ucbatından uzun onilliklər ərzində başımıza gətirilən faciələrdən, onun səbəblərindən, mahiyyətindən yeni nəsillər az qala xəbərsizdir.
UMUDLU SOYQIRIMI
Belə faciələrdən biri Umudlu soyqırımıdır. Düz 118 il əvvəl, 1905-ci il dekabr ayının 26-da Dağlıq Qarabağın dilbər güşəsi, tarixi abidələrlə zəngin olan Umudlu kəndinin əhalisi erməni cəlladlarının qətli qiyamına məruz qalıbdır.
1905-ci ilin oktyabr ayının 3-də Hamazaspın quldur dəstəsi Gəncə quberniyasının Cavanşir qəzasının Dağbasar kəndlərindən olan Sırxavənd, Əliağalı kəndlərini büsbütün dağıdır. Əhalisi isə vəhşicəsinə qətlə yetirilir. 30 noyabrda Hacıqərvənd, 27 noyabrda Dəmirli kəndinin əhalisi qırılır. Sonra Çıraqlı, Pirxudu kəndləri tamamilə Qarabağ xəritəsindən, daha doğrusu, Sərsəng dərəsi siyahısından silinir. Ermənilərin tam əhatəsində axıra qalan umudlular və Kəlbəcərə dağ yolu ilə çıxışı olan imarətqərvəndlilər idi. Bu iki kəndin bir-biri ilə əlaqəsi yox idi. Kəndin ağsaqqalı kəndxuda İsmayıl kişi Çaparxanaya (Tərtərə) Knyaz Pivovarovun yanına gəlir, ondan kəndi köçürmək üçün kömək istəyir.
Ona kömək verilmir. Ağsaqqal camaatını toplayıb Ağdam istiqamətində köç edir. Heyvalı kəndi yaxınlığında İsmayıl kişidən həmişə yaxşılıq görmüş Ranik kəndinin kəndxudası Abram bəy umudluların gecə yol getmələrini rəva bilmir: “Dincəlin, bu gecəni bizim kəndin yaxınlığında yatın, tüfənglərinizi də, arabanızı da gizlədin ki, bizim cavan çoluq-çocuqlar acıqlanmasınlar”,-deyir. Kəndxuda öz dostunun səmimiliyinə inanmışdı. Kəndin böyük əksəriyyəti–cavanından, ahılına qədər tədbirli, enlikürək, hörmətcil, uzun qırmızı saqqalı olan İsmayıl kişiyə inandı. Heyvalı kəndi yaxınlığında Şahbaz dərəsində (sonralar bu dərə “Türk qırılan dərə”, “Qanlı dərə” adlanırdı), umudlular ocaq qalayıb gecəni keçirmək istəyirdilər ki, şeypur səsi eşidilir. Quldurbaşı Hamazaspın dəstələrindən (Qarabağda göstərdiyi sücaətlərə görə Daşnaksütyun komitəsi tərəfindən general rütbəsi alıb, 1918-ci ilin mart-may aylarında Bakıda “qəhrəmanlıqlar” göstərib) biri Dronun başçılığı ilə umudluları mühasirəyə alır. Əvvəlcə qadınları kişilərdən ayırırlar. Kişilər amansızcasına qətlə yetirildilər. Qadınların bir hissəsi …, sonra öldürüldü, bir hissəsi əsir alındı. Bu hadisənin 30 şahidi, o cümlədən balaca Eyvaz və Minə adlı qız qaçıb canını qurtardı. Kəndin yerdə qalan əhalisi Eyvazın xəbərdarlığı ilə “it cığırı” deyilən dağ yolu ilə kəndi tərk etdi. İsmayıl kişinin üz dərisi diri-diri soyularaq Dronun atının döş bəzəyi kimi istifadə olunub. Sonralar ermənilər sağ qalan bir neçə qadını qaytarmışdılar. Həmin faciəli hadisədə 300 nəfərdən çox Umudlu əhli quldur Dronun dəstəsi tərəfindən qılıncla doğranıb, yandırılmışdı. Qadınların, kişilərin bir hissəsini mal tövləsinə qatıb diri-diri od vurdular. Bu “qəhrəmanlığına” görə Heyvalı kəndinin adı sonralar dəyişdirilib, Dronun şərəfinə Drombon adlandırıldı. Acınacaqlısı budur ki, 70 il Sovet Azərbaycanı dövründə Dronun adı Drombon kəndinin adı ilə qoşa yaşadı.
“Məlum olsun ki, Umudlu kəndinin faciəsi bütün kəndlərin faciəsindən ağrılı və yandırıcıdır. Umudlu kəndi camaatına ermənilərdən olunan əziyyətlər indiyə qədər bir xalqa, bir millətə edilməmişdir. Heç bir tarixdə insandaninsana zülm sitəmin rəva göründüyü yazılmamışdır, zənnindəyəm, umudlular məzlum oldular. Umudlular kimi dağılan malı, canı tələf olan Qafqazda görünməmişdir”. “Qanlı İllər”, 1905-ci il. M.S.Ordubadi.
Qeyd: Umudlulardan 357 ailə, 1342 nəfər indi Tərtərdə məskunlaşıb.
Umudlu kəndi ikinci dəfə 1918-ci ildə , üçüncü dəfə isə ermənilər tərəfindən 1992-ci ilin fevralın 28-də darmadağın edilmiş, əhalisi doğma yurdlarından didərgin düşmüşdür. Məlum 1988-ci il hadisələrindən başlayaraq, Umudlu kəndi 1992-ci ilin fevralın 28-nə qədər təkbaşına, dörd bir tərəfdən erməni kəndlərinə və erməni silahlı birləşmələrinə qarşı xüsusi əzmkarlıqla döyüşmüş, mübarizə aparmışdır. 1992-ci il fevralın 26-da, Xocalı soyqırımından sonra Umudlu kəndinin döyüşən ərləri, hökümətdən köməyin olmadığını, mü-qavimətin mənasızlığını görüb, kəndi uzun döyüşlərdən sonra tərk etmək məcburiyyətində qalmışdılar.
SON ZƏRBƏ
Umudluya vurulan son zərbə onun adının dəyişdirilməsi idi. İkinci adı “Ardaşen” (Zəmikənd), daha sonrakı adı isə Akana qalasının qalıqlarının kəndimizdə yerləşməsi ilə əlaqədar Akanabertdir. Tədqiqatlarıma əsasən, Akana qalası alban hökmdarı Həsən Cəlal Dövlənin irsi mülküdür. Bununla yanaşı, oxşar toponimlərimiz Haterk adlandırdıqları Həsən İrz (iz) kəndi, Tərtər rayonu ərazisində yerləşən Həsənqaya kəndi həmçinin Həsən Cəlalın irsi mülkləridir. Ərazidə yerləşən Gəncəsər məbədi, yəni ermənilərin vaxtilə ibadət etdikləri yer isə Həsən Cəlalın atası, babaları, ulu babaları, anası Xoriştə xatunun, ailə üzvlərindən Vaxtanın, oğlu Atabəyin uyuduqları toplu ailə məzarlığı olan bir məbəddir. Amma ermənilər orada ibadət edirdilər…
UMUDLU KƏNDİ HAQQINDA MƏLUMAT
Umudlu kənd sakini Niftalıyeva Dursun Astan qızı 38 il kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini (köhnə kənd sovetinin katibi) vəzifəsində işləmişdir. Onun dediklərindən:
Umudlu kəndindəki yaşayış məntəqələri–Ərəbov Cəlil bəyin bağı, Qalalı ərazisi və orada yerləşən üstü tağvari kümbəzli hamamlar, Əmralı yerində Tapt (hündür yer), Əbilov Əbilxanın qışlağı (Ulu babam), Sarışinin ətəyi, Narıcalı (Mollaların yaşadığı yer), yanında Novlu bulaq da mövcuddur, Əzizbəyli qışlağı (Əzizbəylərin yaşadığı yer), burada isə Çiçəyin bulağı yerləşir, bu ərazidə, aşağı hissədə qəbiristanlıqdan aşağı Xod dəyirmanı ərazisi mövcud olmuş, lakin suyun altında qalmışdır. Arxana suyunun başlanğıc hissəsində – sol hissəsində Hətəmli yaşayış məskəni vardır, 7 qardaş çinar ağacı mövcuddur, onun içində isə ağacın dibində çinar bulağı bu gün də mövcuddur və işğal zamanı bu yer ermənilər tərəfindən müqəddəs yer kimi ziyarət olunurdu. Daha sonra bu ərazidə üzərinə əski parçaları bağlanan ağac var idi, bu yerə isə “Cındırlı bulaq” deyilirdi. Hazırda “Cındırlı bulaq” Sərsəng su anbarının altında qalmışdır. Sərsəng su anbarının inşa olunduğu birinci 176 m hündürlüyündə olan Qarı körpüsünün üzərindən Sərsəng su anbarı inşa olunanadək (1976-cı ilədək) və sonralarda, 1991-ci ilədək Qarabağ Aran camaatının el köçü gedirdi.
Akana qalası–Umudlu (Akana-berd) kəndində inşa olunub. Həsən Cəlalın irsi mülkü olub. İnşa olunma tarixi XII-XIII əsrə aiddir. Qalıqları indiyədək qalmaqdadır. Qalanın şimal-şərqində gizli yeraltı keçid var, həmin yeraltı keçid Hətəmli yaşayış məskənindəki yeraltı tağvari gümbəz formada olan hamama qədər uzanırdı. Bu hamam isə çayın qırağında yerləşirdi. Bunlarla yanaşı yeraltı və yerüstü keşikçi məntəqələri olub. Tədqiq olunmamış, sanki unudulmuş bu qala 3-4 ha ərazini əhatə edir. (İ.İ.Qasımovun qeydlərindən).
Qalanın əsas hissəsi cilalanmış ağ daşlardan inşa edilmiş üç kilsədən ibarət idi. Yeri gəlmişkən qeyd etməliyəm ki, yaxın ərazidə ağ rəngli əhəng daşları olan qayalıqlar mövcud deyildi. O cür daşlar yalnız Şahbulaq adlanan (Ağdam ərazisi) qayalıqlarda mövcud idi. Tikinti üçün həm yüngül, asan yonulan, keyfiyyətli o daşlar istənilən formaya salına bilinirdi. Həmçinin o dövrün texnologiyasına uyğun olaraq, müasir sement məhlulunu əvəz edə biləcək yumurta və digər yapışdırıcılarla düzəldilən məhlullar gözəl tikinti xammalı idi. Qalanın həyətində ayrı-ayrı otaqlar, həmçinin zadəganlara məxsus qəbirlər mövcud idi. Qaladan 1 km aralı, əkin sahəsinin ortasında böyük bir kilsənin qalıqları son illərə qədər qalmaqda idi. Təhlükə zamanı qaladan camaat özünümüdafiə üçün istifadə edirdi. Müasir dövrdə belə qalaətrafı torpaqlar becərilərkən, torpaq altından nəfis naxışlarla bəzədilmiş çox keyfiyyətli rəngbərəng saxsı qabların hissələri tapılırdı. Ərazidən tapılan ayrı-ayrı dəfinələr, qızıl sikkələr bir daha sübut edir ki, ərazi qədim alban çarlığının mərkəzlərindən biri olub. Əgər sovet dönəmi illərində Qarabağa aid laqeydlik, soyuq münasibət olmasaydı, tari-ximizin sirli qalan şərəfli səhifələri hal-hazırda muzeylərimizi bəzəyərdi. Lakin təəssüflər olsun ki, Umudluya yazıq, tifil kökündə təşrif buyuran: “Ermənilər bizi qəbul etmir, siz kömək edin, yalvarırıq!”–deyən Qriqoryanlar ailəsi (Qriqoryan Ararat, Qriqoryan Meroj, Edik və s.) düz 70 il Sovet Azərbaycanı dövründə də qeyd olunan qalanın əmlakını talan etməklə məşğul olublar.
Zaman-zaman adını qeyd etdiyimiz Qriqoryan Meroj o abi-dələrin, tarixi yazıların, daş kitabələrin, sinə daşlarının tarixinin təhrifinin əsasını qoymuşdur
Qalanın ətrafında yerləşən “Əfkərli”, “Qara güney”, “Mahmudun qışlağı”, “Qazaxstan çəpəri”, “Qaranlıq meşəsi”, “Məmməd binəsi” və s. kimi yaşayış məntəqələrində qədim tariximizin izləri bu gün də qalmaqdadır. Alban zadəganlarından birinin qızının adına əbədiləşdirilən “Çiçəyin bulağı” bu gün də var (“Unudulmuş Turanın çöl çiçəkləri”, Xəqani Ədəb oğlu, 2006).
Mülahizələrimizdən belə çıxır ki, Alban zadəganının qəbri Akana qalasının hasarları içərisində qalıb. Sinə daşı isə Gəncəsər məbədindədir.
Akana qalasının aşağı hissəsində qala hasarlarının içərisində 20-25-ə qədər qəbir daşları var idi. Nəzəriyyəyə görə, bunlar, çox güman ki, zadəganların və onlara yaxın olan insanların qəbirləri idi. Qəbirlər ölçülərinə, formalarına və üzərindəki naxışlara görə üç hissəyə bölünürdü: Qəbirlərdən biri təxminən 2 metr uzunluğunda, 60 sm enində, 35 sm qalınlığında olan sinədaşı ilə örtülmüşdü. Həmin sinədaşı çox gözəl ustalıqla simmetrik baxımdan ortada böyük xaç, ətrafında oyma güllər, kənarlar isə saç hörmə üsulu ilə haşiyələnmişdir. Digər iki qəbir isə ölçücə ondan kiçik idi və eyni nəfis tərtibatda işlənmişdi. Digər qəbirlərdə, üzərində heç bir yazı olmayan tabut şəkilli müxtəlif ölçülərə malik 1-2 metrə qədər uzunluğu, 40-50 sm hündürlüyü, eni isə 50 sm ölçüdə olan qəbir daşlarının üzərində sərt künclər mövcud deyildi. Hamısı oval şəkildə yonulmuşdu. Qəbiristanlığın yanında dördkünc şəkildə təxminən 4×5 metr ölçüdə otaq mövcud idi. Otağın divarları yüksək keyfiyyətli suvaq materialı ilə suvanmış, çox hamar şəkilə salınmışdı. Divarlarda üz tərəfi oval olmaqla hər hansı bir əşyanı yerləşdirmək üçün oyuqlar, rəflər düzəldilmişdir. Maraqlı fakt on-dan ibarətdir ki, bu tikililərdən adi bir daş parçasını qoparmaq çox böyük fiziki güc tələb edirdi.
Qalanın ətrafında qalın palıd ağacından kəsintilərlə üzəri örtülmüş bulaq mövcud idi, lakin 1985-1988-ci illərə qədər həmin daşlar naməlum şəraitdə oğurlanmağa başladı. Umudlu (Akanaberd) kəndinin tarixi abidələrinə, təbiətinə olan laqeydlik həmin illərin “Azərbaycan Gəncləri” qəzetində “Doğma yurddan niyə qaçırlar?!” sərlövhəli məqalədə ürək yanğısı ilə qeyd edilirdi.
Tərk edib gedirdi gənc də, qoca da,
Yüz evli Umudlu yetim qalırdı.
Əlimlə qurduğum qapı-bacada,
Məndən etibarlı itim qalırdı….
(Z.Zeynalov) Akana qalasının şərqində qaladan çıxan qalın Qaranlıq meşə ilə keçən yol Sizi əvvəlcə Kilsə adı ilə yerli əhalinin tanıdığı böyük bir şəhərin qalıqları olan xarabalığa aparır. O xarabalığa çatmazdan əvvəl Siz Arxana çayını keçməlisiniz. Yeri gəlmişkən qeyd edim ki, Arxana çayı Umudlu (Akanaberd) kəndini iki hissəyə bölür. Arxana çayında ilin yaz aylarında bol sululuq mövcud idi. Maraqlısı budur ki, çayda qızıl farel balığını ilin bütün fəsillərində əl ilə tutmaq olurdu. Akanadan kilsəyə keçən yolda Arxana çayı iki dağın arasından gələn çayların birləşdiyi yerdən keçirdi. Maraqlı fakt odur ki, gələn çayların biri isti, biri soyuq sudan ibarət idi. İsti çayın ta “Quş yuvası” deyilən yerə qədər, yəni hündürlüyü 20-25 metr olan şəlaləyə qədər getdiyi və burada balıq tutulduğu bildirilirdi. Çayın ətrafı qalın meşəlik, fıstıq, cökə, palıd, ardıç ağaclarından ibarət sıx meşədən ibarət idi. Kilsə adlanan xarabalıqda isə meyvə ağacları üstünlük təşkil edirdi. Meşə alma, armud, qoray üzümü, yemişan, alça, qoz, qarahellə, ağaclarından ibarət idi.
Ulu babam Mənsim Qasımovun dediyinə görə: “1918-ci ildə ermənilər Umudlu camaatını kənddən çıxarandan sonra, onların bir qismi kilsədə özlərinə yaşayış yerləri qurub yaşamağa başlamışdırlar, lakin yerli qaçaqlar onların bu məskunlaşmalarına mane olmuş, ermənilərin layiqli cavablarını vermişlər, hətta babam onu da söyləyirdi ki, bir dəfə bizim qaçaqlar onların meyidlərini kəl arabalarına yükləyib bir salamat qalan erməniyə vermişdilər ki, qayıdın GƏLDİYİNİZ YERƏ, həmin kəl arabası Umudlunun (Akanaberd) şərqindən Həsənirzə (Haterk) gedən yolla ta gözdən itənə qədər qaçaqların nəzarətində olub”.
QARABAĞ ELİ AZADDIR!
Budur, artıq bir əsrdə 3 dəfə soyqırıma məruz qalmış, lakin ümidini heç zaman itirməyən, hər iki Qarabağ müharibəsi dövründə 8 şəhid vermiş Umudlu artıq azaddır və əhalisi geriyə, evlərinə qayıtmağa, ata-anasının qəbrini abadlaşdırmağa, uşaqlıqlarını canlandırmağa hazırdır. Mən də öz növbəmdə bir Umudlulu tarixçi gənc kimi bu sözləri yazmaqdan qürur duyuram və səbirsizliklə kəndimizi görmək və tarixini orada olaraq qələmə almaq istəyirəm. Ata-babamın dilindən yazdığım hər bir sətri öz gözlərimlə görmək üçün səbirsizlənirəm. Qayıdışın mübarək, Umudlum, gözünüz aydın, Umudlu əhalisi. Allah şəhidlərimizə rəhmət etsin! Amin!
Budur, artıq Umudlu azaddır!
Gözün aydın, Azərbaycan xalqı,
Qarabağ elimiz artıq azaddır.
Gözünüz aydın, əziz Umudlular,
Umudlumuz artıq azaddır!
Türkan İLQARQIZI