Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
MÜQƏDDƏS AN YETİŞİB: VƏTƏNİMİZİN HƏR BİR GUŞƏSİNDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANIR
Azərbaycanda bayram bayrama qarışıb. Qələbə bayramı, Dövlət Bayrağı Günü. Ölkəmizin hər bir guşəsi qürurla dalğalanan bayraqlarla bəzədilib. Arzular çin olub. “Nə zamansa bayrağımız Xankəndidə, Ağdərədə, Xocalıda, işğal altında olan digər ərazilərdə dalğalansın”, – demirik daha. Bu zaman yetişib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Ordunu, xalqı yumruq kimi birləşdirərək, bütöv bir xalqın arzularını, ümidlərini gerçəkliyə çevirdi. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində dünya boyda sevinc var. Başımız uca, üzümüz ağdır.
Bu bayram günlərində tərtərlilərin də üzü gülür. Dönüb arxada qalan illərə baxanda sonsuz qürur hissi keçiririk.
Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı, insanların işgüzarlığı və vətənpərvərliyi sayəsində Tərtər rayonu son illər böyük inkişaf yolu keçib, sözün həqiqi mənasında, yağı düşmənin qarşısında alınmaz qala kimi dayanıb.
44 günlük Vətən müharibəsində Tərtərin və tərtərlilərin qəhrəmanlığı, fədakarlığı dillər əzbəri olub. Tərtər ən çox düşmən hücumuna məruz qalan rayonlardan biri idi. Bu barədə Prezident İlham Əliyev deyib: “Tərtər şəhəri İkinci Dünya Müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir”.
44 gün davam edən müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minamyot mərmisi, qadağan olunmuş 21”Smerc” raketi atılmışdı. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibatı binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Hətta müharibə zamanı 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib.161 baş iri, 393 baş xırdabuynuzlu heyvan tələf olub. 100 hektarlarla əkin sahəsinə ziyan dəymişdir.
Oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Tərtər qəbristanlığını atəşə tutması nəticəsində burada dəfn mərasimi iştirakçılarından 4 nəfər şəhid oldu, 5-i isə yaralandı. Həmin vaxt Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ermənilərin Tərtərdə dəfn mərasiminə atəş açması və mülki şəxslərin həlak olması ilə bağlı “İnstagram “ hesabında yazmışdı: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”
Tərtərdə böyüyən, körpəlikdən düşmən təxribatlarını yaxından görən, qisas almaq arzusu ilə döyüşlərə qatılan gənclərimiz cəbhədə əsl şücaət və qəhrəmanlıqlar nümayiş etdirmişlər. Şəhidimiz polkovnik-leytenant Anar Əliyev və qazi Azər Abdullazadə Vətən Müharibəsi qəhrəmanı kimi şərəfli ada layıq görülüblər.
Rayonumuzda Vətən müharibəsi şəhidlərimizin sayı 45, mülki şəhidlər 16 nəfərdir. Məftun Əhmədzadə isə 2022-ci il sentyabrın 12-i gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngəzur istiqa-mətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. 16 mülki vətəndaş ermənilərin rayonu atəşə tutması nəticəsində dünyasını dəyişib. 48 nəfər Vətən müharibəsi əlili, 1554 nəfər isə bu müharibənin iştirak-çısıdır. 6 nəfər son antiterror əməliyyatı nəticəsində şəhid olub.
Vətən müharibəsinin başa çatmasından 3 il ötür. Bu müddətdə rayon rəhbəri daimi olaraq ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid ailələrinin, qazilərin evlərində olub. Yalnız anım günlərində, ad günlərində deyil, hər zaman bu təbəqədən olan insanlar ziyarət edilir, onların qayğı və problemləri öyrənilir, köməklik göstərilir. Vətən, xalq bu torpaq uğrunda canını, qanını qurban verən igidlərini unutmur və heç zaman unutmayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən öz çıxışında deyib: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Bu günlərdə – ölkəmizin hər yerində Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçirildiyi bir zaman xalqımız Allahdan ona rəhmət diləyir, ata vəsiyyətini şərəflə yerinə yetirən Prezident İlham Əliyevə isə cansağlığı arzulayır. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Svetlana Bağırova