Rəhimli və mərhəmətli Allahın adı ilə!
İnsanı ən mükəmməl şəkildə xəlq edən Rəbbimizə sonsuz şükürlər olsun.
Əziz İslam Peyğəmbəri, Hz. Muhəmməd (s) buyurub; “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil; 1. Cavanlığı qocalmazdan əvvəl. 2. Sağ-lamlığı xəstələnməzdən əvvəl. 3. Dövləti kasıblıqdan əvvəl. 4. Həyatı ölümdən əvvəl”. (Vəsailüş-şiə, cild 16, səh. 83 )
İmam Hz. Əli (ə) buyurub; “Dörd şeyin qədrini dörd kəsdən başqa heç kim bilməz;1. Cavanlığı qocalar. 2. Rahatlığı çətinliyə düşənlər. 3. Sağlamlığı xəstələr. 4. Həyatı ölülər”.(Əl-Məvaizilədədiyyə. Səh.218 )
Cavanlıq, gənclik insan ömrünün ən qüdrətli və çiçəklənən bir dövrüdür. Buna görə də təsadüfi deyil ki, hədislərdə ilk yer alan söz cavanlıq sözüdür. Yenə də hədislərdə buyrulur ki, “Qocalıb qolunuz gücdən, zehniniz qüvvədən, gözünüz nurdan düşməmiş cavanlığınızdan qolunuzun gücüylə savab və xeyirxah işlərdə, zehninizin qüvvətiylə hikmətli və nəsihətamiz əhvalatlar və elm öyrənməkdə, gözünüzün nuruyla kitab oxumaqda və bu ibrətli dünyaya diqqətlə baxıb nəsə götürməkdə istifadə edin”. Hz. Əli (ə) buyurur; “Baxışlar iki cürdür; biriylə baxıb ötmək, o birisiylə baxıb götürmək. Nə xoşbəxtdir o kəslər ki, baxıb götürələr.”
Zəmanəmiz elm, kompüter əsridir, necə deyərlər, əsl elm meydanı açılıb! Gənclərimiz Uca Allahın onlara bəxş etdiyi qüdrəti elmə sərf edib, həm özləri və həm də xalqı üçün xeyirli nələrsə etsələr nə gözəl olar. Söz yox, bu gün çalışqan, elmli və mədəni gənclərimiz var, ancaq onların sayı daha çox olsa gələcəyimiz etibarlı və özünü yaxşı cəhətdən tanıdan insanların, ziyalıların çoxluq təşkil edən əhatəsində olar.
Etiraf edək ki, bu gün əksər cavanlarımız öz əllərində olan qızıl kimi vaxtlarının çoxunu çayxanalarda, internet klublarda və başqa heç kimə xeyri dəyməyən yerlərdə zay edirlər! İnternet klubda elmi nəsə öyrənmək təqdirəlayiq bir işdir, ancaq 20 yaşlı, 30 yaşlı bir cavanın oyunlara boş vaxtını xərcləməsi bəyənilmir! Dinimiz boş-bekar dayanmağı yasaq edir! Və buyurur ki, “Allahın boş-bekar, işdən, elmdən uzaq olan bəndəsindən xoşu gəlməz!” Çünki nə qədər günah işlər və cinayət hadisələri elə boşluqdan törəmişdir və bu hal davam da edir! Bəzən görürsən neçə nəfər belələri yığışıb bayağı söhbətlər edir və sonda siyasət üzərinə də bir “baxış” edirlər. O tip insanları oyatmaq lazımdır ki, hər sahənin, hər peşənin öz mütəxəssisi var və beləcə bilmədiyin bir şeyi deyərək özünü nahaq günaha batırırsan! Qurani-Kərimdə dedi-qoduçuluq, söz gəzdirmək, qeybət və bilmədiyini danışmaq qətiyyətlə qınanır! Çox təəssüf ki, bəzən bəzi yaşlı insanlar belə neqativ, xoşagəl-məyən işlərdə gənclərimizə bəyənilməyən nümunə olurlar! Dəfələrlə şahidi olmuşuq ki, dini mərasimlərdə (əsasən yas mərasimlərində) cavanlar dinimizin hamımıza gərəkli olan buyruqlarına, müqəddəs Quran ayələrinin heyrətamiz açıqlamalarına diqqət kəsildiyi halda, bəzi yaşlı insanlar öz xoşagəlməyən davranışları ilə, heç bir xeyir verməyən və bəzən hətta bayağı söhbətləri ilə o cavanların diqqətini yayındırıb! Axı, bir məsəl var, cavan ağsaqqaldan öyrənər. Əlbəttə, istisnalar da var. Çox yaxşı olardı ki, elə o babalar öz təcrübəsindən, elmindən, gördüyü, götürdüyü ibrətamiz işlərdən söhbət açalar.
Hz. Peyğəmbərimizdən (s) buyurulur; “Allaha və Qiyamət gününə inanan şəxs ya ağzını xeyirliyə açsın, ya da sussun!”
“Nə xoşbəxtdir dilinə yiyə duran!”
Həqiqətən də Ulu Tanrı başqalarının qəlbinə toxunanları, acı söz deyənləri, başqalarına pislik edənləri, çöldə- bayırda qışqırıb-bağıranları, dava-dalaş salanları sevməz.
“Ümmətinin xeyirli, ən yaxşı adamları bilikliləridir. Biliklilərin ən yaxşıları mərhəmətli olanlarıdır. Tanrı bisavadın bir günahını bağışladığı halda, alimin qırx günahını bağışlar. Bilin ki, mərhəmətli alim, bilikli insan Qiyamət günü parlayan, nuru aləmə işıq salan ulduza bənzər”.
“Sizə bilik öyrədən adamı da böyük sayın, uca tutun, bilik öyrətdiyiniz adamı da”.
“Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır”.
Saleh Ədilov
-
22Yan
Müəllif: Redaktor, 16:19
Teqlər: Milli-mənəvi dəyərlər