44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ TİBB BACISININ GÖZÜ İLƏ
Azərbaycan xalqı böyük sevinc hissi ilə Zəfər bayramını qeyd edir. Bu, bizim hər birimiz üçün böyük xoşbəxtlikdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir”.
Dəfələrlə qeyd olunduğu kimi, Tərtərin hər bir vətəndaşının Qələbədə payı var. Çünki mənfur düşmənin bütün səylərinə baxmayaraq, rayon sakinlərinin 30 ildən artıq bir müddətdə düşmənlə üzbəüz məğrurcasına dayanması, yanan işıqlarımız, rayonumuzun abadlaşdırılması onların gözünə ox kimi batıb, bizim gücümüzü göstərib.
Qələbənin qazanılmasında böyük rolu olanlardan biri də rayon mərkəzi xəstəxanasının kollektividir.
44 gün ərzində xəstəxanada yaşananlar barədə 44 günün 44-nü də burada keçirən cərrahiyyə şöbəsinin tibb bacısı Səbinə Həsənova ilə söhbət etdik.
Səbinə xanım 1985-ci ildə Tərtərdə dogulub, şəhər 1 saylı tam orta məktəbin məzunudur. 2008-ci ildə Gəncə Tibb Kollecini feldşer ixtisası üzrə bitirib. Ailəlidir. Fatimə və Zenfira adlı qızları var.
Ondan müharibənin ilk gününü necə xatırlamasını soruşuram. Deyir:
– Ağ xələtlərimiz qan qoxuyurdu, ətrafda mərmilər partlayırdı, ancaq biz bunlara fikir vermirdik. Bircə amalımız vardı: Yaralılara əlimizdən gələn köməkliyi göstərmək, onların ağrılarını azaltmaq. Cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov, ətraf rayonlardan – Bərdədən, Göyçaydan gələn həkimlər, siravi tibb personalı, hər kəs bir əsgər kimi öz vəzifəsini yerinə yetirirdi.
O danışdıqca, üç il əvvəl baş verənlər gözləri qarşısında canlanır və göz yaşlarını saxlaya bilmir. Deyir ki, indi biz göz yaşlarımızı gizlətmirik, bu, sanki yüngüllük gətirir, ancaq 44 gündə bunu edə bilmirdik, çünki hissə qapılmaq olmazdı. Qadınlarımız, istər tibb bacıları, istər kiçik tibb personalı, yaralı döyüşçülərimizə ana-bacı olurdular.
–Daha çox hansı hadisələr yadınızda qalıb, – deyə sual verirəm.
– 44 günün hər anı yaddaşıma həkk olunub. Zaman ötdükcə, bunlar unudulmur, əksinə, daha aydın dərk olunur və xalqımızın böyüklüyündən qürur duyuram. Yaxşı xatırlayıram, gənc bir əsgəri gətirmişdilər, yanında mərmi partlamışdı, kontuziya almışdı, özünə gələn kimi durub qacmaq istədi. Dedik, hara gedirsən, cavab verdi ki, bəs komandirimizin ayaqları tankda qalıb yanıbdır, mən ona kömək etməliyəm. Demək olar ki, yaralıların hər biri onlara yardım göstərildikdən sonra cəbhəyə qayıtmaq istəyirdi. Xalqımıza Qələbəni qazandıran belə igid oğullar oldu.
Səbinə xanım deyir ki, həmin günlərdə yaralılarımıza ən çox qan lazım olurdu. Bəzən tələb olunan qan xəstəxanada olmadıqda, hər kəs öz qanını verməyi təklif edirdi və verirdi.
44 gün onlar dincəlmək nə olduğunu bilmədilər.
Həkimlər, tibb bacıları xəstəxananın pilləkənlərində oturub gözlərinin acısını alır və yenidən yaralıların köməyinə tələsirdilər. Tibb bacıları Könül, Turanə, Məryəm və başqaları, xadimələrdən Gözəl, Arzu, çamaşırxananın işçilərindən Məlahət ana qayğısı ilə əsgər və zabitlərimizi yedizdirir, qanlı paltarlarını dəyişdirirdilər. Həmin günlərdə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdiyi kimi, rayon xəstəxanası da bütöv bir ailəni xatırladırdı. Hər kəs tikəsini bir-birilə bölüşürdü. Cəbhədən gələn qələbə xəbərləri isə onlara qol-qanad verirdi.
Cərrahiyyə kimi, təcili yardım şöbəsinin işçiləri də 44 günlük müharibənin qəhrəmanlarıdır. Onlar döyüş meydanından şəhidlərimizi və yaralıları daşıyırdılar.
Müharibədə heç bir qayda-qanuna əməl etməyən düşmən təcili yardım maşınlarını da vururdu. Səbinə xanımın dediklərindən:
– Xəstəxanamıza gətirilən 5 yaralıya lazımi tibbi yardım göstərərək, müalicələrinin davam etdirilməsi üçün təcili yardım maşını ilə onları Bərdəyə göndərdik. Sarıcalı yolunda ermənilər maşını vurmuşdular. Yaralıların vəziyyəti daha da ağırlaşmış, feldşer isə kontuziya almışdı.
Tariximizə qızıl hərflərlə yazılmış 44 gün ərzində xəstəxanamızın fəaliyyəti daimi olaraq rayon rəhbəri Müstəqim Məmmədovun diqqət mərkəzində olub. Səbinə xanım deyir ki, biz dəfələrlə onu hərbi geyimdə yaralıların yanında görürdük. Həm onların, həm də tibb personalının vəziyyəti ilə maraqlanır, lazımi köməklik göstərirdi.
44 günlük müharibə zamanı Səbinə xanımın qardaşı Xaqani Mirzəyev Bakıdakı işini qoyub, Tərtərdə könüllü kimi fəaliyyət göstərib. Bu, həm onun vətənpərvərliyindən, həm də bacısına yaxın olmaq arzusundan irəli gəlirdi.
Bir dəfə Səbinə xəstəxananın yanındakı əczaxanadan dərmanları götürüb apararkən düşmən rayonu güclü atəşə tutub, artilleriya mərmisi yaxınlıqdakı həyətə düşüb. Gənc qadın deyir ki, yolun bir tərəfində mən idim, o biri tərəfində qardaşım. Qeyri-ixtiyarı yerə oturub Allahdan qardaşıma rəhm eləməyi dilədim. Çünki həyatda bir qardaş, bir bacıyıq. Anam ikimizin də itkisinə dözə bilməzdi.
Beləcə bir gün Qələbə xəbərini eşidən kollektivdə hamı sevinc göz yaşlarını saxlaya bilmədi. Hər kəsin qəlbindən bu sözlər keçdi: “Şükür, İlahi, sağ-salamat balalarımızın yanına dönəcəyik”.
Svetlana Bağırova