Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Okt

    AZƏRBAYCAN ELMİNİN GÖRKƏMLİ SİMASI

    Allahın seçdiyi bəzi insanlar var – yaşlarının hər dönəmində yaşıdlarından fərqlənirlər, lap uşaqlıqdan davranışlarıyla nümünə olurlar. Sahiblənmə duyğusu yüksək olan bu insanlar özlərindən çox ətrafını düşünür, hər kəsə kömək etməyə cəhd edir, vətəninə, xalqına faydalı olmağa çalışırlar. Beləliklə, bir ailənin deyil, bir elin, bir xalqın övladı olurlar. Xalqın oğlu, xalqın qardaşı, xalqın atası olan, nur verən çırağımız, Azərbaycan elminin və təhsilinin ən önəmli simalarından Vaqif Abbasov kimi. O, sadəcə Tərtərin deyil, bütövlükdə Azərbaycanın fəxridir. Oktyabrın 5-də kimya üzrə elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasovun 71 yaşı tamam oldu. Vaqif Abbasov 1952-ci il oktyabr ayının 5-də Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olub. 1968-ci ildə Cəmilli kənd orta məktəbini bitirib. 1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olub və 1973-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma kəndində orta məktəbdə (sentyabr-dekabr) kimya müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
    1973-cü ildə akademik Y. H. Məmmədəliyev adına NKPİ-nin aspiranturasına qəbul olunub və 1977-ci ilə kimi buranın aspirantı olub.
    1977-1981-ci illər ərzində V.M.Abbasov NKPİ-də kiçik elmi işçi vəzifəsində çalışıb.
    1978-ci ildə «Sintetik naften turşuları əsasında antistatik aşqarların sintezi və sınaqları» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib və kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
    V.M.Abbasov D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan İdarə Heyətinin fəal üzvlərindən biri olub. 1978-1981-ci illər ərzində iki dəfə bu cəmiyyətin mükafatına və diplomuna layiq görülüb.
    1984-cü ildən başlayaraq, «Korroziya inhibitorları və konservasiya mayeləri» laboratoriyasına rəhbərlik edib, 2006-cı ildən eyni zamanda “Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası” şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2007-2008-ci illərdə laboratoriya müdiri, şöbə müdiri işləməklə yanaşı, NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib.
    2011-ci il dekabr ayının 21-dən Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru və şöbə müdiri vəzifələrində çalışır.
    Vaqif müəllimin elmi nailiyyətlərini saymaqla bitməz.
    1982-ci ildə onun rəhbərliyi ilə VFİKS-82 adlı çoxfunksiyalı korroziya inhibitoru yaradılmış, SSRİ Neft Sənaye Nazirliyinin Dövlət Komissiyası sənaye sınağının nəticələrini müsbət qəbul edərək sənayedə tətbiqinə icazə vermişdir. Bu reagent 1983-cü ildən Azərbaycanın neft yataqlarında istifadə olunmağa başlanmışdır. 1985-1986-cı illərdə bu inhibitorun sınaqları Qərbi Sibirin neft yataqlarında keçirilib və istifadəsinə başlanılıb. 1988-ci ildə Rusiya Federasiyasının mineral gübrələr zavodu VFİKS-82 reagentinin istehsal texnologiyasını lisenziya ilə alıb və sənaye istehsalını təşkil edib.
    V.M.Abbasovun rəhbərliyi ilə bu inhibitorun qış modifikasiyası yaradılıb və istehsalı təşkil olunub. 1983-1997-ci illərdə 21389 ton VFİKS-82, 1989-1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazaxıstanda istifadə olunmuşdur. VFİKS-82 inhibitoru 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüş və 1990-cı ildə SSRİ Elm və Texnika Komitəsi onun xarici ölkələrə satılması üçün lisenziya vermişdir. 1984-cü ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34-1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur.
    V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə “Kaspi” adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər Əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş və onun istehsal və tətbiqini həyata keçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.
    1990-cı ildə “Kaspi-2” adlı yeni korroziya inhibitoru yaradılıb, Qərbi Qazaxıstanın Tengiz yatağında sənaye sınağından keçib və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır.
    1995-ci ildə dünyada analoqu olmayan “Kaspi-X” inhibitoru yaradılıb və indiki H.Ə.Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin dekabrın 25-nə qədər 13887.5 ton “Kaspi-X” istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir.
    “Kaspi-X” inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Neft Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə “Xəzər” deemulqatoru yaradılıb və indiki H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin dekabrın 25-ə qədər bu reagent 2138.45 ton istehsal olunub və istifadə edilib. Hazırda onun tətbiqi davam edir.
    2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə tex-nologiyası işlənib hazırlanıb, “Ağ Naftalan yağı”nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçib. 2009-cu ildə “NKPİ-34-2” yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb, sənaye sınağı keçirilib, istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib.
    2003-cü ildən “Bakı” ərp həlledicisi yaradılıb, neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və “Azərneftyağ” Neft Emalı Zavodunda istifadə olunur.
    2009-cu ildə “Kaspi-X(M)” inhibitoru yaradılıb, H.Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb.
    2009-cu ildən 2012-ci ilin dekabrın 25-ə qədər 238.7 ton “Kaspi-X(M)” istehsal olunub və istifadə edilib.
    2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, “Azərneftyağ” İstehsalat Birliyində Almaniyadan alınan “Disolvan” və Azərbaycanda istehsal olunan “Alkan” deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.
    2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatoru Abşeron Neft Qaz Çıxarma İdarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.
    Vaqif müəllim dahi alim olmaqla yanaşı, eyni zamanda liderlik keyfiyyətlərinə malik güclü təşkilatçıdır. O, NKPİ-nin Elmi Şurasının sədri, NKPİ-nin nəzdində D 01.031 Dissertasiya Şurasının sədri, 2005-2011-ci illərdə AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, 2016-cı ildən etibarən “Neft kimyası və neft emalı prosesləri” jurnalının baş redaktoru, 2013-cü ildən etibarən AMEA-nın “Elm dünyası” elmi-kütləvi jurnalının baş redaktorunun müavini, Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, 1988-ci ildən 1992-ci ilə qədər “ASSOKOR” Assosiasiyasının rəyasət heyətinin üzvü, 2013-cü ildən etibarən Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, 2013-cü ildən etibarən Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının Akademik üzvü, 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. Vaqif müəllimin istər alim kimi, istərsə da vətənpərvər insan kimi dövlətimizə, millətimizə verdiyi töhfələr yüksək qiymətləndirilmiş və o 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı və “SSRİ-nin qabaqcıl ixtiraçısı” döş nişanı, 1989-cu ildə SSRİ Neft-Kimya Sənaye nazirliyinin Fəxri Fərmanı, 1996-cı ildə akademik Y.H.Məmmədəliyev adına medal, 2000-ci ildə AMEA-nın Fəxri Fərmanı, 2004-cü ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” Döş nişanı, 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı və “Şöhrət” ordeni, 2009-cu ildə İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) “Elm və texnologiya” üzrə mükafatı və NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən “Avropa Keyfiyyəti” mükafatına layiq görülmüşdür . Dahi alimimiz “The Name in Science” (Elmdə Ad) fəxri adına layiq görülmüş, 2013-cü ildə İngiltərədə V.M.Abbasov dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir. 2013-cü ildə Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunan alimimiz 2014-cü ildə Atatürk Uluslararası Ödülünə və 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na, 2022-ci ildə AMEA-nın Reyasət Heyətinin qərarı ilə Yusif Məmmədəliyev adına Xatirə nişanına layiq görülmüşdür.
    Elm sahəsiylə yanaşı pedaqoji sahədə də fəaliyyət göstərən alimimiz 1992-ci ildən 2013-cü ilədək Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri və Azərbaycanın beynəlxalq və dünya kimya olimpiadalarında iştirak edən komandalarının rəhbəri , 2003-cü ildən etibarən “Kimya məktəbdə” elmi-metodiki jurnalın həmtəsisçisi və baş redaktoru, 2001-ci ildən 2013-cü ilədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan Ekspert Şurasının və Seminarın sədri, 2001-ci ildən etibarən Nazirliyin Elmi-Metodiki Şurasının “Kimya və kimya texnologiyası” bölməsinin sədri və VIII-XI siniflər üzrə kimya dərsliklərinin birinci müəllifidir.
    Ömrünü Azərbaycan gənclərinin savadlanmasına, elmə, təhsilə həsr eləmiş Vaqif müəllim 1281 elmi əsərin, 86 patentin, 14 ixtiraya dair iddia sənədinin, 102 publisistik materialın, 25 kitab və monoqrafiyanın, 22 dərslik və 23 dərs vəsaitinin müəllifidir, 20 kitabın redaktorudur. Vaqif müəllim Azərbaycan elminə 41 fəlsəfə doktoru və 14 elmlər doktoru bəxş etmiş qabaqcıl ziyalıdır.

                                                                                                              * * *
    Nəcib, xeyirxah ürəyə malik olan Vaqif müəllim həm də incə ruhlu şairdir. O, “Ay ALLAH” , “Dəyər verdiklərim, Ali bildiklərim, Sevdiklərim və dərs aldıqlarım”, “Həyatı mənasız olan bədbəxtdir”, “Alilər”, “Məni”, “Yaxşıdı”, “Azərbaycan gəncliyi”, “Azərbaycan oğluyam”, “Azərbaycan əsgəri”, “Bayrağım Qarabağdadı”, “Bənövşə”, “Dünya gözəldir”, “Gözəldir”, “İlahi sevgi”, “Gərəkdir”, “İnsanlar”, “Qarabağda ordum mənim”, “Alqış Türkün bayrağına”, “Ana dəyəri”, “Şəhid anası”, “Vətən sağ olsun”, “Azərbaycan, Türkiyə”, “Azərbaycan, zəfər günün mübarək”, “Belə xalqa övlad olmaq şərəfdi”, “Qardaş yumruğu” və s… olmaqla yüzlərlə gözəl şeirlərin müəllifidir. Vaqif müəllimin şeirlərinin dördünün sözlərinə musiqi bəstələnib.
    Vaqif müəllim dahi alim ol-maqla yanaşı həm də çox gözəl ailə başçısıdır. Onun 3 övladı və 6 nəvəsi var. Hər zaman istedadlı gənclərin yanında olub, onlara ata qayğısı göstərən alimimiz yüzlərlə gəncin mənəvi atası, ümid yeri, sığınağıdır.
    Bir alim ömrünün ən məhsuldar illərini yaşayan Vaqif müəllimi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, bu Ali işində uğurlar arzulayırıq.
    Kimya elminin günəşi, hər zaman nurunuzla biz gənclərin yolunu işıqlandırasız. Bizə örnək olmaq yolunda Uca Allah sizin yar və yardımçınız olsun.

    Nərgiz Orucova,
    Yusif Məmmədəliyev adına Neft-Kimya
    Prosesləri İnstitutunun elmi işçisi

     

    Müəllif: Redaktor, 10:08

İsmarıclar bağlıdır.